"Qara qızıl"ın ucuzlaşması MANATIN MƏZƏNNƏSİNƏ TƏSİR EDƏCƏK?
Vüqar Bayramov: ""Brend" markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə "qara qızıl"ın dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər"
"Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16 faiz azalama qeydə alınıb. Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, noyabrın 26-da OPEK + alyansının iclasının keçiriləcəyi gözlənilır: "Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür. Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, neft qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir".
CESD sədrinin sözlərinə görə, "Brend" markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə "qara qızıl"ın dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər: "Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az