"Qarabağ" əgər belə şəraitdə qalib gəlibsə, bu, böyük şeydir" – AÇIQLAMA
"İlk oyun idi. Komandanı yaxından tanımırsan, üstəlik, burada meydança, ələlxüsus hava amili də önəmli rol oynayır. "Qarabağ" əgər belə şəraitdə qalib gəlibsə, bu, böyük şeydir".
Hurriyyet.Az bildirir ki, bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib. O, "Qarabağ"ın ötən gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Cəbəllüttariq "Linkoln"u ilə keçirdiyi matç (1:2) haqda danışıb.
Sultanov, Ağdam təmsilçisinin çətin şərtlər altında qələbə qazandığını bildirib. O, Qurban Qurbanovun yetirmələrinin cavab qarşılaşmasında rəqib qapısından dörd-beş top keçirə biləcəyini də söyləyib:
"Düşünürəm ki, cavab qarşılaşması təmsilçimiz üçün çox asan keçəcək. Hətta deyərdim ki, "Qarabağ" "Linkoln"un qapısından azı dörd-beş top keçirəcək".
Qeyd edək ki, iyulun 19-u tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Linkoln" matçı saat 20:00-da start götürəcək.
Xatırladaq ki, Ağdam təmsilçisi bu rəqibi keçə bilsə, növbəti mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.