📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ erməniləri Bakının dialoq təklifinə RAZI OLMALIDIRLAR

2023-03-28 11:16:00

Qarabağ erməniləri Bakının dialoq təklifinə RAZI OLMALIDIRLAR

Turan Rzayev: "Rəsmi Bakı bu kimi təkliflərlə həm də vaxt qazanmağa çalışır, çünki antiterror əməliyyatları üçün bütün hazırlıqlar görülsə də geosiyasi vəziyyət hələlik buna uyğun deyil"

Elxan Şahinoğlu: "Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsi yaradılmalı, Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır"

Ərəstun Oruclu: "Vaşinqton, Moskva, Brüssel, Ankara və digər mərkəzlərdən gələn bəyanatlar, atılan addımlar Qərblə Rusiyanın öz geosiyasi mübahisələrini Azərbaycan ərazisində apardıqlarının əyani sübutdur"

Məhəmməd Əsədullazadə: "Rusiyanın Qarabağdakı ermənilərlə bağlı planında Donbas ssenarisi var, ona görə də rəsmi Bakı Kremlin vasitəçiliyindən imtina etməlidir"

Bugünlərdə, daha dəqiq desək, martın 25-də ordumuz tərəfindən Laçın dəhlizinə alternativ olaraq, ermənilərin qanunsuz istifadə etdikləri Xankəndi-Xələfəli-Turşsu yolu nəzarətə götürülüb. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.

O da bildirilib ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Həmçinin, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb. Beləliklə, Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.

"Azərbaycan tərəfi Türkiyədəki seçkilər bitənədək və əlverişli gesosiyasi vəziyyət yarananadək erməni icmasına yenidən bənzər təklif irəli sürə bilər"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Qlobal Media və Siyasət Araşdırmaları" İctimai Birliyinin eksperti Turan Rzayev hesab edir ki, rəsmi Bakı Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə görüş təklif etməklə, bir daha reinteqrasiya prosesində maraqlı olduğunu, erməni icması ilə mövcud problemlərin həlli üçün danışıqlara hazır olduğunu nümayiş etdirib: "Azərbaycan tərəfi görüşün Bakıda keçirilməsində israrlıdır. Prinsip etibarilə martın 1-də Xocalı şəhərində keçirilmiş görüş ilə Bakı ilk konstuktiv addımı atdı. Bu addıma cavab kimi erməni icması da Bakıdakı görüşü qəbul etməlidir. Prinsip etibarilə Bakı illərdir erməni tərəfinin "rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın" istəyini gerçəkləşdirir. Yəni, məntiqlə Bakının dialoq təklifinə razı olmalıdırlar. Bununla belə mümkündür ki, separatçılar martın 13-də təqdim edilmiş dəvət kimi Prezident Administrasiyasının bu dəfəki dəvətini də qəbul etməyəcək".

Siyasi ekspertin fikrincə, Xankəndidəki separatçı rejim bundan öncə olduğu kimi Bakının bu təklifinə də görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi bəhanələrini irəli sürərək özlərini "tərəf" kimi təqdim etməyə çalışacaqlar: "Separatçı rejimin neqativ cavablarına baxmayaraq, Azərbaycan tərəfinin reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə görüş təkliflərini davam etdirməsi zəruridir. Birincisi, Azərbaycan tərəfi bununla bir daha problemlərin danışıqlar yolu ilə həll edilməsində maraqlı olduğunu, gərginliyi artıran tərəfin separatçılar olduğunu göstərmiş olur. Bu, həm də o baxımdan vacibdir ki, ehtimal antiterror əməliyatları zamanı Qərbin təzyiqləri qarşısında bunu arqument kimi istifadə etmək olar. İkincisi, rəsmi Bakı bu kimi təkliflər ilə həm də vaxt qazanmağa çalışır. Belə ki, antiterror əməliyyatları üçün bütün hazırlıqlar görülsə də geosiyasi vəziyyət hələlik buna uyğun deyil. Xüsusilə də Türkiyədə seçkilər öncəsi belə bir addımın atılması əlavə risklər yaradır. Azərbaycan tərəfi Türkiyədəki seçkilər bitənədək və əlverişli gesosiyasi vəziyyət yarananadək erməni icmasına yenidən bənzər təklif irəli sürə bilər".

"İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması, bəzi Qərb mərkəzlərinin, əsasən də Fransanın dəstəyi Paşinyanı "cəsarətləndi""

Ukrayna bataqlığı içərisində olan Rusiyanın Azərbaycanla açıq qarşıdurmaya getməyəcəyini iddia edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Qarabağda zəruri və gərəkli bildiyimiz tədbirləri davam etdirməliyik. Laçın və ona paralel olan bütün yolların Azərbaycan ərazisində olduğunu vurğulayan politoloq bildirib ki, həmin yolları nəzarətə götürmək suveren hüququmuzdur: "İkinci Qarabağ müharibəsindən sonra öz ərazimizdə bir neçə əməliyyat həyata keçirib irəriləmişik. Həmin əməliyyatlarda qarşımızı kəsə bilmədilərsə, bu dəfə də bəyanatla kifayətlənəcəklər. Nə Azərbaycan Rusiya ilə, nə də Rusiya Azərbaycanla Qarabağda toqqşumaq istəyir. Bu hər iki dövlətin maraqlarına cavab vermir. Ancaq Kremlə onu da anlatmaq lazımdır ki, Azərbaycan ordusu Qarabağda zəruri addımlarını davam etdirəcək və bu, 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Həmçinin, Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradılacaq. Odur ki, Rusiya hərbi kontingenti 2 ildən sonra bölgəni tərk etməyə hazırlaşmalıdır".

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi, ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması, həmçinin bəzi Qərb mərkəzlərindən, o cümlədən Fransadan aldığı dəstək sayəsində "cəsarətləndi" və onun Qarabağsız sülh sazişinə marağı azaldı: "Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu, Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır. Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, "qırmızı çizgiləri" tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün "qırmızı çizgiləri" aşıb. Odur ki, Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir".

"Qarabağ ermənilərinin birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq və əvvəl-axır Bakıya gəlmək məcburiyyətində qalacaqlar"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, Azərbaycan hərbçilərinin martın 25-də Şuşaya daxil olmadan torpaq yolunu nəzarətə götürməsi Laçın yolunun qurtacağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb: "Azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risq etmirdi. Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risqlərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı. Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb. Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır ki, bütün, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır".

Azərbaycan Prezident Administrasiyası tərəfindən Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin yenidən Bakıya dəvət edilməsinə də toxunan politoloq iddia edir ki, Qarabağ ermənilərinin birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq və əvvəl-axır Bakıya gəlmək məcburiyyətində qalacaqlar: "Əvvəlki təklif martın 13-də onlara təqdim edilmişdi, gəlmədilər. Ermənilərlə sonuncu görüş martın 1-də Xocalı şəhərində keçirilib. Ermənilərin Bakıya gəlmək istəməmələrinin bir neçə səbəbi var. Birincisi, separatçılar hesab edirlər ki, Bakıda reinteqrasiya məsələlərinin müzakirəsi Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin bərpası və ermənilərini bunu qəbulu anlamı daşıyır. Bu görüntünün formalaşmasını istəmirlər. İkincisi, separatçılar təkbaşına qərar vermirlər, təlimatlar Moskvadan gəlir. Rusiyanın paytaxtında qərar verənlər isə separatçıların Bakıya gəlmələrinin əleyhinədirlər. Bu müddətdə bölgədə vəziyyət daha da gərginləşib. Erməni separatçılarının Ermənistandan bölgəyə silah daşımasının qarşılığında Azərbaycan hərbçiləri Laçına alternativ yolda nəzarət postu yaradıblar. Bu, hələ son deyil, növbədə Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Qarabağ erməniləri durumlarından şikayətçidirlər. Ermənistan hökumətinin şikayət etmədiyi yer qalmayıb, Azərbaycan əleyhinə bir neçə sənədin və açıqlamanın qəbuluna nail olublar. Ancaq bunların Azərbaycanın siyasətinə və qərarlarına təsiri yoxdur. Bundan məyus olan ermənilər tədricən anlamağa başlayıblar ki, onlar Azərbaycanla anlaşmayınca kimsə onları xilas etməyəcək. Birbaşa dialoqu davam etdirməkdən başqa çarələri qalmayacaq, əvvəl-axır Qarabağ erməniləri Bakıya gəlmək məcburiyyətində qalacaqlar".

"Paris, Tehran və digərləri prosesdə iştiraka can atmaqla vəziyyəti bir qədər də dolaşığa salırlar, odur ki, belə şəraitdə atılmalı olan bütün addımlar zərgər dəqiqliyi ilə hesablanmalıdır"

Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Ərəstun Oruclu isə qeyd edib ki, Avropa Birliyinin Ermənistan ərazisində iki ölkə arasında sərhəd boyu müşahidəçilər yerləşdirməsi geosiyasi aktivlik mərkəzinin Azərbaycan ərazisinə keçməsinə səbəb olub: "Bunu da demişdik. Odur ki, buna yol verilməməsi lazım idi. İndi Qərblə Rusiya öz geosiyasi mübahisələrini faktiki olaraq yalnız Azərbaycan ərazisində aparırlar. Son bir neçə gün ərzində Vaşinqtondan, Moskvadan, Brüsseldən, Ankaradan və digər mərkəzlərdən gələn bəyanatlar, açıqlamalar və atılan addımlar buna əyani sübutdur. Bir tərəfdən də "mən də varam" demək istəyən Paris, Tehran və digərləri bu prosesdə iştiraka can atmaqla vəziyyəti bir qədər də dolaşığa salırlar". Siyasi şərhçi əlavə edib ki, belə şəraitdə atılmalı olan bütün addımlar zərgər dəqiqliyi ilə hesablanmalıdır: "Maraqlı olan isə bu, "həftəbecər" içində kimlərin Azərbaycana tərəfdaş ola biləcəyidir. Türkiyədən başqa əlbəttə. Hələlik görünən budur ki, Ermənistanı ya qorumaq məqsədilə, ya da başqa bir səbəbdən oyundan kənar vəziyyətə qoyublar".

"Azərbaycan Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurmaqla erməni separatçılarının və Rusiyanın buradakı fəaliyyətini neytrallaşdıracaq"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistanla sülh Azərbaycanın Laçın dəhlizində post qurmasından sonra mümkün görünür: "Artıq Ermənistandan Qarabağa hərbi yüklərin daşınması dayanıb. Azərbaycan ordusunun Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti bərpa etməsi Rusiyanı da çıxılmaz vəziyyətə salıb. Rusiya Qarabağda separatizmin davam etməsində maraqlı olduğu üçün siyasi-hərbi qarşıdurmanın davam etməsini planlaşdırır. Azərbaycanla Rusiya arasında təmaslar da bu xüsusda dayanıb. Çünki Rusiyanın Qarabağdakı ermənilərlə bağlı planında Donbas ssenarisi var. Ona görə də rəsmi Bakı Kremlin vasitəçiliyindən imtina etməlidir. Rusiya hərbi kontingenti Qarabağda qalmaqla erməni icmasının reinteqrasiyasına mane olacaq".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Azərbaycan Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurmaqla erməni separatçılarının və Rusiyanın buradakı fəaliyyətini neytrallaşdıracaq: "Onu da qeyd edim ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiyanın baş verməsi mümkünlüyünə gəldikdə, bu, ABŞ dövlət katibi Entoni Blinkenin və Avropa İttifaqının prezidenti Şarl Mişelin hər iki ölkənin liderləri ilə telefon danışıqlarından sonra müəyyən qədər gündəmdən çıxıb. Lakin danılmaz faktdır ki, Ermənistan tərəfi danışıqlarda müəyyən üstünlüklər əldə etmək və Azərbaycana qarşı siyasi təzyiqləri artırmaq üçün təxribatlara getməkdə maraqlıdır. Ancaq o da görünür ki, ABŞ və Avropa İttifaqının siyasi təzyiqləri fonunda Nikol Paşinyan sülhdən danışır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması isə ilk növbədə Azərbaycanın Laçın dəhlizində post qurmasından və silahlı erməni birləşmələri ləğv edildikdən sonra mümkün olacaq. Hazırkı situasiyada isə Ermənistan çalışır ki, Qarabağla bağlı təklifləri qəbul etsin. Bunun qarşısını almaq üçün Azərbaycan hazırkı siyasətini davam etdirməlidir".

Vazeh BƏHRAMOĞLU