📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ meşələrində gizlənən separatçılar ola bilər" - ELXAN ŞAHİNOĞLU

2023-10-12 15:17:06

"Kremlin Rusiya hərbi kontingentini bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər"

"Erməni separatçıları Qarabağda bütün silahları təhvil veriblər? Şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərdilər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun qənaətincə, separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qura bilərlər: "Bəziləri hətta "Azərbaycan vətəndaşlığını qəbul edirəm" adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını hərəkətə gətirə bilərlər. Bu səbəbdən geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar. Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər. Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl içərilərindən bir qrupunu meşələrdə yerləşdirə bilərdilər. Anti-terror əməliyyatından sonra hərbçilərimizə arxadan atəş açanlar olub".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, bu ehtimalları gözardı edə bilmərik: "Kremlin Rusiya hərbi kontingentini bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az