Qarabağ münaqişəsi SSRİ-nin uğursuz rəhbərinin mirasıdır
1991-ci ilin dekabr ayının 8-də Belarusun “Viskuli” hökumət sanatoriyasında B. Yeltsin ( Rusiya ), S. Şuşkeviç (Belorusiya ) və L. Kravçuk (Ukrayna ) bir araya gələrək “Belovejsk sazişi” adlanan sənədi imzalamaqla de-yure SSRİ-nin varlığına son verdilər. Elə təkcə Rusiyanın SSRİ-nin tərkibindən çıxması Sovet hökumətinin məhvi demək idi. Sirr deyildir ki, tarixdə Rusiyanı Avropanın jandarmı adlandırmışlar. Rus imperatoru I Nikolayın (1796-1855) şəxsi dəvəti ilə 1839-cu ildə Rusiyaya gəlmiş fransız yazıçısı və səyyahı markiz ( Astolphe-Louis-Leonor de Custine – 1790— 1857) Parisə qayıdandan sonra “Rusiya 1839-cu ildə- La Russie en 1839” adlı kitab yazmışdır. 1843-cü ildə nəşr olunan həmin kitab müəllifə dünya şöhrəti qazandırmışdır. Astolf de Kustin qeyd olunan əsərində Rusiyanı “xalqlar həbsxanası” adlandırmışdır. (Aussi vaste que soit cet empire, ce n'est qu'une prison dont la clef est gardee par l'empereur- Bu imperatorluq nə qədər geniş olursa olsun, açarı imperatorun əlində olan bir həbsxanadır). Hərbi qüdrəti çoxaldıqca siyasi ambisiyası daha da artan rus çarları tədricən qonşu əraziləri özlərinə ilhaq edərək faktiki olaraq günəşin heç zaman batmadığı, ucu-bucağı olmayan nəhəng imperiya qurmuşlar. Xatırladaq ki, 17 milyon kv.km ərazisi olan Rusiyanın qərbi ilə şərqi arasında 11 saat fərqi var.
(Əvvəli ötən sayımızda)
M. Qorbaçovun zamanında erməni separatizmi çox güclü vüsət aldı və sovet kütləvi informasiya vasitələri müntəzəm olaraq birtərəfli qaydada erməniləri dəstəkləyən məlumatlar tirajlamağa başladı. 18 iyul 1988-ci ildə Qarabağ erməniləri Azərbaycanın tərkibindən çıxmaq haqqında SSRİ Ali Sovetininin Rəyasət Heyətinə rəsmi şəkildə müraciət edəndə həmin M. Qorbaçovun qəti mövqe bildirməyə cürəti çatmadı. Tərəddüdsüz bildirmək istəyirəm ki, ermənilərin İrəvanda, Göyçədə, Basarkeçərdə, Zəngibasarda, Qarabağda bizə qarşı kütləvi şəkildə repressiyaya başlamasına, xaricdə yaşayan ekstrimistlərin meydan sulamalarına bütün imkanları yaradan, hadisələri körükləyən də məhz o oldu. 11 mart 1985-ci ildə ( Baş katib K. Çernenko öləndən cəmi 4 saat sonra ) hakimiyyətə gətirilən 54 yaşlı Mixail Qorbaçovun ilk işi özünə münasib bildiyi şəxsləri yüksək vəzifələrə gətirmək və liberallaşdırma oldu. Onun “liberallaşdırma” planı Orta Asiyada, Şərqi Sibirdə, Baltikyanı ərazidə, Qafqazda və Moldovada etnik münaqişələrin alovlanmasına yol açdı ( Bax: R. Beissinger Mark. "Nationalism and the Collapse of Soviet Communism", Princeton University, 2017 ). İrəvandakı və Xankəndindəki hadisələrə köməkçisi Abel Aqanbeqyanın baxış açısından görən M. Qorbaçov ağzının kəsərsizliyi ilə hayları ruhlandırdı və onların “miatsum” (birləşmə ) hayqırtılarının daha da alovlandırdı. Müxtəlif informasiya vasitələrinə verdiyi düşüncəsiz açıqlamaları və məsuliyyətsiz fikirləri ilə separatizmi körükləyən M. Qorbaçov bütün varlığı ilə Azərbaycana əks mövqedə dayandı, utanmadan ermənilərin haqqı tapdandığını, bu tarixi ədalətsizliyi aradan qaldırmanın məqamı çatdığını vurğuladı.
Diqqət çəkən bir faktı xatırlatmaq yerinə düşər: Sovet vaxtında Ermənistana (1920- 1991-ci illər) rəhbərlik etmiş başçılardan yalnız bir nəfəri – S.L. Lukaşin milliyətçə erməni deyildi. O da Ermənistana cəmi bircə il (1921 aprel— 1922 aprel ) rəhbərlik edib. Azərbaycanda isə Mircəfər Abbas oğlu Bağırov rəhbər olana qədər ( 15 dekabr 1933-cü il ) 9 nəfər əcnəbi ( V.İ. Naneyşvili, Y.D. Stasova, V.Y. Dumbadze, Q.N. Kaminski, S.M. Kirov, L.İ. Mirzoyan, N.F. Qikalo, V.İ. Polonski, R.Q. Rubenyan – Mkırtyan ) Azərbaycan SSR-nin başçısı vəzifəsində çalışıb. Müxtəlif yerlərdən axışıb Bakıya gəlmiş ermənilərin hamısı dərhal şəxsi mənzillərlə təmin olunmuşdu. Məsələn, Bakıda bir nəfər də olsun erməni və ya rus kirayədə yaşamayıb. M. Qorbaçovun əmri ilə Qorkidə təcrid olunmuş vəziyyətdə həyat sürən, dissident adıyla tanınmış fizik Andrey Saxarov ( 1921- 1989 ) 1986-cı ilin dekabrında sərbəst buraxıldı. İkinci arvadı Yelena Bonnerin ( qızlıq soyadı Alixanyan- atalığı daşnak Gevork Sarkisoviç Alixanyan 1920-1921-ci illərdə Ermənistan SSR-in birinci katibi olub) əlində oyuncaq olan akademik A. Saxarov qapı-qapı gəzib ermənilərin türklər tərəfindən təqiblərə məruz qalması haqqında nağıllar danışırdı.
Yeri gəlmişkən, ermənilərin antitürk fəaliyyətlərinin güçlənməsində onun da çox “xidmətləri” vardır.
M. Qorbaçov, nədənsə, özünün bədnam yenidənqurma (perestroyka ) və aşkarlıq ( qlasnost ) prinsiplərinin gerçəkləşdirilməsinə türklərdən başlamışdı. Məsələn, 1986-cı ildə Qazaxstanın birinci katibi Dinmuhamməd Günayevi (1911- 1993) vəzifədən azad edib onu Moskvan canişini Gennadi Kolbinlə əvəz etməsi qazaxların ciddi etirazına səbəb olmuşdu. Həmin ilin dekabr ayının 17-18 və 19 tarixlərində etirazçılara qarşı hərbi güc tətbiq edilmiş, nəticədə mülki əhalidən xeyli sayda adam yaralanmış, həyatını itirmiş və həbsə atılmışdı ( Bax: Wayback Machine, Associated Press, 2006). M. Qorbaçovun fövqəladə səlahiyyət verdiyi emissarları Telman Xorenoviç Qdlyan və Nikolay İvanov Özbəikistanda “pambıq işi”ni təhqiq və Özbəkistanın mərhum rəhbəri Şərəf Rəşidovu ( 1917- 1983) ifşa etmək böyük kampaniya başlatmış, yüzlərcə adamı “rəşidovşina” damğası ilə damğalamış, respublikanı, sözün əsl mənasında, çapıb talamışdılar. O vaxtlar SSRİ-də Qorbaçovun sevimli “komissar Kattanisi” sayılan Telman Xorenoviç Qdlyanın bir sözünü iki eləyən yox idi.
18 oktyabr 1987-ci ildə xeyli sayda erməni etirazçı İrəvanın mərkəzində Qarabağın və Naxçıvanın tarixi hay ərazisi olması və həmin yerlərin Ermənistana birləşdirilməsini tələb edən şüarlar səsləndirəndə güc strukturları laqeyd şəkildə etirazçılara baxırdı. M. Qorbaçov ermənilərin 20 fevral 1988-ci ildə bir həftə davam edən fasiləsiz mitinqindən sonra Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşməsi barədə qərarını da sakitçə qarşıladı ( Bax: Thomas de Wall. Black Garden, New York, 2003, pp.10-12 ). Bir həftə sonra 28 fevral 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə görə isə şəhərə general- leytenant Krayevin komandanlığı ilə 10 min silahlı əsgər, desantçı, tank və matros gətirilmişdi (Bax: Toronto Star. March 22, 1988 ). 28 aprel 1988-ci ilə Henri Borovikin mərkəzi televiziyada nümayiş etdirilən 90 dəqiqəlik verilişində hadisələr vicdansızca və məkrli tərzdə işıqlandırıldı, halbuki Böyük Qarakilsədə (Quqark ), Yaqublu, Pəmbək (Vanadzor) qətliamında dəhşətli işgəncələrlə öldürülmüş çoxsaylı Azərbaycan türkləri haqqında kütləvi informasiya vasitələri inadla susdu. Sumqayıt hadisələrinə görə 400-dən çox azərbaycanlı istintaqa cəlb olundu, cəzalandırıldı, hətta qeyd olunan işdə təqsirli bilinən Əhməd Əhmədov haqqında ölüm hökmü çıxarıldı.
1988-ci ilin iyul ayında ABŞ Senatı ermənilərə maliyyə dəstəyi vermək üçün 2690 saylı düzəlişi qəbul etdi. 7 iyul 1988-ci ildə Avropa Parlamenti də erməniləri dəstəkləyən qərar çıxartdı. 27 sentyabr 1990-cı ildə erməni diasporunun təsiri ilə ABŞ-da demokratiyadan dəm vuran 130 beynəlxalq hüquq müdafiəçisi, nüfuzlu elm və incəsənət xadimi Azərbaycanda yaşayan məzlum erməniləri qoruma altına almaq çağırışı ilə dünya ictimaiətinə müraciət imzaladı. Azərbaycanın haqq səsinə kar qalan, Azərbaycan həqiqətlərinə kor qalan M. Qorbaçov və onun əlaltıları isə böyük canfəşanlıqla erməniləri əzizləməklə məşğul idilər. 1990-cı ildə M. Qorbaçovun əmri ilə Bakıya daxil olan sovet qoşunları xüsusi amansızlıqla dinc əhaliyə qarşı hərbi cinayət törətdi. 20 yanvar 1990-cı il qırğınına görə də məhz M. Qorbaçov hüquqi məsuliyyət daşıyır.
Özünü SSRİ-nin siyasi varisi elan etmiş Rusiya rəhbərliyinin hərəkətlərində bu günlərdə eyni siyasi səhvləri təkrarlamaq əlamətləri hiss olunur. Yenə də çarizm və sovet dövrlərində olduğu kimi, ermənilərə canfəşanlıq, onları qorğalamaq, himayə etmək, müxtəlif bəhanələrlə ermənilərin şil-küt olmuş xəyallarını dirçəltmək, onlara ürək-dirək vermək, aşkar və gizli şəkildə erməniləri təchiz etmək meylləri artmaqdadır. Bizə üzdə bir söz, onlara başqa söz söyləyib ( Anadolu türkləri buna “mavi boncuk dağıtmak” deyirlər) bizim başımızı qatıb ermənilərə vaxt qazandırmaq girişimləri təhlükənin ciddiyətindən xəbər verir. Zəngəzur dəhlizinin açılması işinin gecikdirilməsinə əsla imkan verilməməlidir. Azərbaycan tərəfini sürəkli şəkildə səbrli olmağa, ermənilərə qarşı tolerans göstərməyə çağıranlara rus dilində işlənən “остаться у разбитого корыта” – sınıq təknə yanında qalmaq- ( çox şey istəyib, azdan da məhrum qalmaq mənasında) ifadəsini xatırlatmaq bu məqamda yerinə düşür.