Qarabağ narı dünya bazarına çıxarılır: Ağdamın “Zəfər bağları”ndan REPORTAJ
Şərq təfəkküründə nar bərəkətin, bolluğun və vahidliyin rəmzidir. Bu gün isə uzun illər həsrətində olduğumuz Qarabağın münbit torpaqlarında tonlarla yaqut dənəli nar yetişir.
Musavat.com-un Ağdama ezam olunan müxbiri kimi nar bağlarından birində olmaq, bu möcüzə meyvənin yetişdirilmısi haqda ətraflı məlumat əldə etmək şansı qazandım.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində Ağdamda yerləşən “Zəfər bağları”na da səfər təşkil olundu. Səfərimiz tam vaxtında reallaşmışdı. Çünki nar ağacı mayın ortalarından sentyabrın sonunadək çiçəkləyir. Bir aydan sonra isə bu ağaclar mövsümi yuxusuna gedəcək, bar verməni dayandıracaq.
Ağdamın Muğanlı kəndində yerləşən bu bağlarda addımladıqca havadakı torpaq və şirin nar ətrini duymamaq mümkün deyil. Bura sadəcə torpaq sahəsi deyil, həm də yerli genofondumuzun xəzinəsidir. Bağda Azərbaycanın qədim və zəngin sortları olan Gülövşə, Vələs, Balamürsəl ilə yanaşı, "Wonderful" sortu da yetişdirilir. Gələn ildən isə bu zənginliyə məşhur Minaşirin sortu da əlavə olunacaq.
![]()
“Zəfər Bağları”nın icraçı direktoru Seymur Sadıxovla söhbətimizdə hiss olunan ilk duyğu sadəcə biznes həvəsi deyil, torpağa olan dərin ehtiram idi: “Biz burada başlatdığımız işlərə sadəcə bir biznes olaraq deyil, eyni zamanda vətən borcu olaraq baxırıq. Bu torpaqların azad olunması uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik! “Zəfər Bağları" MMC 2024-cü ildə təsis olunub. Əsasən narçılıq sektorunda fəaliyyət göstəririk-mövcud bağların bərpa olunması və yeni bağların salınması ilə məşğuluq. Bağlarımız Ağdam, Xocalı və Füzulidə, ümumilikdə 1420 hektar ərazini əhatə edir. Növbəti ildən isə 300 hektar yeni nar və badam bağlarının salınması ilə fəaliyyətimizi genişləndirəcəyik. Bağımızda 150 nəfər çalışır. Gələcək illərdə işçi sayının 250 nəfərədək artırılması nəzərdə tutulub”.
![]()
S.Sadıxov qeyd edib ki, 2025-ci ildən etibarən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına məhsul ixrac olunur. Bu ildən etibarən isə Azərbaycan narını - Ağdamın məşhur Gülövşə narını Səudiyyə Ərəbistanı, Bolqarıstan və Slovakiya bazarlarına çıxarmaq üçün danışıqlar aparılır. Artıq hətta bəzi müqavilələrimiz imzalanıb, bir neçə gün sonra ixracata başlayacağıq. İlk ixracı yaxın günlərdə Avropa Birliyi üzvü olan Bolqarıstana etməyi planlaşdırırıq”.
![]()
O ki qaldı məhsuldarlığa, müsahibimiz bildirib ki, ilk il 4 ton, ikinci il 6 ton məhsul toplanıb: “Bu il isə məhsuldarlığın orta hesabla 8 tona çatdırılması planlaşdırılır. Amma ümumilikdə 2032-ci ildə "Zəfər Bağları"nda bir hektar üçün məhsuldarlığın minimal olaraq 20-25 ton arası artırılmasını planlaşdırırıq. Bunun üçün xüsusi sortların yetişdirilməsi, daha müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulub. Müəyyən investisiyalar ayrılıb, hazırda plan üzrə işlər davam edir”.