📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ qazisinə hərbi bilet verilmir? - DÖVLƏT XİDMƏTİ ARAŞDIRILMASINA GÖSTƏRİŞ VERDİ

2021-12-24 16:48:00

Qarabağ qazisinə hərbi bilet verilmir? - DÖVLƏT XİDMƏTİ ARAŞDIRILMASINA GÖSTƏRİŞ VERDİ

Ötən buraxılışımızda Şirvan şəhəri sakini Məmmədov Elşən Hüseynqulu oğlunun "Hurriyyət"ə olan müraciətini yayımlamışdıq. Belə ki, o hərbi biletinin verilməməsi ilə bağlı narazılığını ifadə edib. Birinci Qarabağ müharibəsi qazisi olan şikayətçi deyir ki, dəfələrlə aidiyyatı qurumlara və xüsusəndə Şirvan şəhəri üzrə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsinə baxmayaraq ona hərbi bileti təqdim edilmir. Elşən Məmmədovun müraciətini yenidən təqdim edirik:

"1991-1994-ci illərdə Birinci Qarabağ müharibəsində döyüşlərdə olmuşam. Döyüşlərdə yaralanandan sonra başımda pozğunluq yaranmağa başladı. Üç ay Müdafiə nazirliyinin hospitalında yatmışam. Bu günə kimi hərbi biletimi ala bilməmişəm. Hazırda müvəqqəti olaraq hərbi bilet verilib. Arxivə də müraciət göndərmişəm. Bildiririrlər ki, atam haqqında məlumat var. Amma mənim haqqımda məlumat yoxdur. Xəstəxanada yatdığım vaxtlarda yaralanmağımla bağlı sənədim də var. Buna baxmayaraq hərbi biletim verilmir. Əgər, döyüşlərdə yaralanmağımla bağlı əlimdə sənədim varsa, niyə hərbi biletim verilmir?...Şirvan şəhər Hərbi komissarlığından dedilər ki, Arxiv idarəsinə müraciət edim. Lakin, arxiv idarəsi də mənimlə bağlı məlumatların olmadığını deyir. Buna görə də Şirvan şəhər Hərbi Komissarlığı müraciətimə baxmır və mənə də hərbi bilet verilmir. İcra Hakimiyyətinə də müraciət etmişəm. Amma müraciətimə baxılmır. Məni ölü kimi qeydə alıblar. Xahiş edirəm ki, aidiyyatı qurumlar müraciətimə baxsınlar".

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Hürriyyət"ə bildirilib ki, müraciətə baxılıb və aidiyyəti üzrə araşdırılması üçün Xidmətin Şirvan şəhər şöbəsinə müvafiq göstəriş verilib:

"Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Məmmədov Elşən Hüseynqulu oğlu rəsmi sənəd təqdim edə bilmədiyi üçün müraciətini rəsmiləşdirilmək mümkün olmamışdır.

Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar, adıçəkilən vətəndaş 1973-cü il təvəllüdlü Məmmədov Elşən Hüseynqulu oğlunun hərbi biletlə bağlı müraciətinə baxılması və qanunvericilik çərçivəsində müvafiq köməklik göstərilməsi üçün, onun əsasverici sənədlər və şəxsiyyətini təsdiq edən sənədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinə şəxsən müraciət etməsi məqsədəuyğundur".

YƏHYA