"Qarabağ Türkiyənin qırmızı xəttidir" - ELŞAD MUSAYEV
"Məhz Ərdoğanla Putin arasındakı telefon danışığından sonra Paşinyan ilımlı bəyanatlar verməyə başlayıb"
"Azərbaycan və Türkiyə arasında bağlanmış sazişə əsasən qoşunlarımızın Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimi ciddi və çox əhəmiyyətli hadisədir. Bunu həm Ermənistana növbəti psixoloji təzyiq kimi, həm də sülhməramlı adı altında Qarabağda lövbər salmış işğalçı Rusiyaya təpki kimi qiymətləndirmək olar". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə məxsusdur.
Onun sözlərinə görə, aydın görünür ki, Qarabağ həm də Türkiyənin qırmızı xəttidir: "Avqustun 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Mətbuatda qısa məlumat verildi ki, danışıqlarda iki tərəfli əlaqələr, Əfqanıstanda baş verən hadisələr və bölgədəki digər məsələlər müzakirə olunub. Maraqlıdır, bölgədəki digər məsələlər hansılardır? Təbi ki, söhbət Qarabağdan gedir. Sızan informasiyaya görə, Türkiyə prezidenti həm Ermənistanın, həm də Rusiyanın qeyri-konstruktiv mövqeyinə görə Putinə açıq etirazını bildirib, Suriyada, Liviyada hansısa güzəştlərin olacağı mümkünlüyünə işarə edərək, Qarabağla bağlı Türkiyənin heç bir güzəştə getməyəcəyini və Azərbaycanı sonadək müdafiə edəcəklərini açıq ifadə edib. Daha sonra, yəni avqustun 28-də Putinin sədrliyi ilə Rusiya Təhlükəsizlik Şurasının iclası keçirildi. Rusiya prezidentinin mətbuat katibinin məlumatına görə, iclasda bir sıra məsələlər, o cümlədən, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə edilib. Eyni zamanda, mətbuata Putinin Təhlükəsizlik Şurasındakı çıxışından qısa bir açıqlama verildi: "Bu gün sizinlə bir sıra qonşularımızla, coğrafi yaxın olan dövlətlərlə münasibətlərimizin inkişafını müzakirə edəcəyik. Münasibətlər inkişaf edir, bir sıra vacib məsələlərlə bağlı mövqelərimizi razılaşdırmaq və tərəfdaşlarımızla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yanaşmaları işləyib hazırlamaq lazımdır"".
Elşad Musayev qeyd edib ki, məhz Ərdoğanla Putin arasındakı telefon danışığından sonra Ermənistanın baş naziri Nikol Paşinyan ilımlı bəyanatlar verməyə başlayıb: "Bütün bunlar hadisələrin görünən tərəfidir. Əgər hadisələr müsbət istiqamətdə inkişaf edərsə yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada Putinlə daha detallı müzakirə üçün görüşəcəklərini gözləmək mümkündür. Yox, əgər ermənilər yenə də köhnə iddialarından, revanşist planlarından və ritorikalarından əl çəkməyəcəklərsə onda təbii ki, Azərbaycanın anti-terror əməliyyatı keçirməsi, Laçın dəhlizinə nəzarət etməsi, Gorus-Qafan yolunu bağlaması, Qazaxın işğal altındakı kəndlərini azad etməsi gündəmə gələcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az