Qarabağ zəfəri narahat etdi. Amerikalı senator Azərbaycanla Türkiyəni hədəfə aldı
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatı (SPUA) proqramı yunan və erməni lobbisinin dəstəklədiyi Nyu-Cersi senatoru ilə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendesi narahat edib.
Bob Menendes 2022-ci il Milli Müdafiə Səlahiyyəti Qanununa (National Defense Authorization Act – NDAA) Türkiyənin SPUA proqramına yaxından nəzarət eləmək və Azərbaycana edilən yardımların kəsilməsinin qarşısını alan moratoriumu ləğv etmək üçün iki əlavə layihə təklif edib.
Menendesin 2022-ci maliyyə ili xərcləri ilə bağlı NDAA-ya əlavə olaraq təklif elədiyi layihələr Azərbaycanla Türkiyəni hədəfə alıb.
Senatorun təklif elədiyi düzəlişlərdən biri Türkiyədə dron hazırlanması proqramlarının araşdırılmasını, ikincisi isə, Azərbaycana yardım göstərilməsini qadağan edən məhdudlaşdırma qanununun tətbiqinə qoyulan moratoriumdan imtina edilməsidir.
Bundan əvvəl Co Bayden administrasiyası Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin (https://az.wikipedia.org/wiki/907-ci_düzəliş#cite_note-1) hökmünün dayandırılması müddətini uzatmışdı.
Menendes təklif edib ki, Azərbaycan “Ermənistanın və Dağlıq Qarabağın blokadasını dayandırana və Bakı hərbi qüvvənin tətbiq edilməsindən imtina edənə qədər” 907-ci düzəlişə qoyulan moratorium dayandırılmalıdır. Senator “907-ci düzəlişin müddəalarına hörmət etməyə” çağırıb.
Türkiyə ilə bağlı düzəliş layihəsində isə tələb olunur ki, ABŞ Dövlət Departamenti ilə Pentaqon 2018-ci ildən sonra Türkiyədə istehsal edilən SPUA sistemlərində Amerika detalları və texnologiyalarından istifadə edilməsi barəsində hesabat hazırlasın.
Senatorun təklif elədiyi layihədə deyilir: “Türkiyə dronları 2020-ci ildə Ermənistan ilə Azərbaycan arasındakı müharibədə həlledici rol oynayıblar. Həmin vaxtan bəri Polşa, Mərakeş və Ukrayna qırıcı “Bayraktar TB2” SPUA-larını alıblar. Bir sıra ölkələr, o cümlədən Anqola, Efiopiya, Niger, Nigeriya və Ruanda türk dronları ilə maraqlanırlar”. Menendesin fikrincə, Türkiyə istehsalı olan qırıcı SPUA-lar “təhlükə və qeyri-sabitlik faktorudurlar, sülhə və insan hüquqlarına zərbə vururlar” və bununla əlaqədar olaraq, “ABŞ istehsalı olan istənilən texnologiyalar türk dronlarının istehsalı prosesindən çıxarılmalıdırlar”.
Hürr Tərcüman