“Qarabağa qayıdış gecikir” deyən rusiyalı ekspertə tutarlı cavab
“Bu, əlbəttə, zaman tələb edəcək, amma böyük qayıdış mütləq təmin olunacaq...”
“Qarabağda müharibənin bitməsindən bir il keçsə də, Bakı onun nəzarətinə keçən rayonları ciddi şəkildə məskunlaşdıra və inkişaf etdirə bilməyib”. Bunu Ermənistanın News.am saytına tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer deyib.
“Nələrsə edilir, amma yenə əhali ora qayıtmayıb, partlayıcı qurğuların olması problem olaraq qalmaqdadır. Bu, İlham Əliyev üçün çox ciddi siyasi problemə çevrilir. Ehtimal edilir ki, ermənilərin əlində haradasa xəritələr var, lakin ermənilər vermək istəmir. Amma mən əmin deyiləm ki, belə ətraflı xəritələr mövcuddur. Bakı belə görünür, bu əraziləri minalardan təmizləmək iqtidarında deyil və bu, artıq siyasi baxımdan mühüm məqamdır. Azərbaycan əraziləri mənimsəməyənə qədər isə Bakının nöqteyi-nəzərincə ”artsax problemi" ilə ciddi şəkildə məşğul ola bilməyəcək. Öncə ətraf ərazilər inteqrasiya olmalıdır ki, bu da Bakıda o qədər də uğurlu alınmır" - ekspert bildirib.
Qeyd edək ki, yəhudi əsilli Felqenhauer kifayət qədər obyektiv mövqeli ekspert kimi tanınır. Onun fikirlərini erməni mediası təhrif də edə bilərdi. İstənilən halda bir şeyə şəkk-şübhə yoxdur: erməni tərəfi çox istəyir ki, Qarabağa Böyük Qayıdış baş tutmasın, iflas olsun və ya illərlə geciksin.
Bütün deyilənlərə, tənqidlərə rəğmən Azərbaycan hökuməti, prezident İlham Əliyev Qarabağa qayıdışla bağlı çox ciddi işlər, böyük layihələr həyata keçirir. Artıq Qarabağda 3 beynəlxalq hava limanı tikilir, onlardan biri-Füzuli Hava Limanı istifadəyə verilib. Qısa müddətdə Zəngilan rayonundakı “ağıllı kənd”ə ilk sakinlər köçürüləcək. Lakin minalardan təmizlənmə nə qədər sürətlə getsə də, yenə də tam başa çatdırılmayıb.
Xatırladaq ki, iyunda Türkiyə prezidenti Qarabağa gələndə azərbaycanlı həmkarı İlham Əliyevə işğaldan azad edilən ərazilərdə həddən artıq minaların olduğunu demişdi. Bildirmişdi ki, ermənilərin mina xəritələrini verməməsi qayıdışı ciddi əngəlləyir. Əslində, Qarabağa böyük köçün qarşısını Ermənistanın destruktiv fəaliyyəti alır.
Bəs görəsən, mina məsələsi və erməni təxribatlarına rəğmən vətəndaşların təhlükəsizliyi necə təmin olunacaq?
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, azad olmuş ərazilərdə minaların hələ də varlığı geri qayıdışa əsas maneələrdən biridir: “Düzdür, ANAMA təşkilatı və Azərbaycanla əməkdaşlıq edən şirkətlər xeyli iş görüb, amma hələ illərlə iş görülməlidir. Minalar müxtəlif ərazilərdə yerləşdirilib. Amma elə ərazilər var ki, ora təmizlənib və orada artıq tikinti işləri aparmaq olar. Tikinti işləri yekunlaşandan sonra əhalini də köçürmək olar. Məsələn, Ağdam şəhəri artıq minalardan təmizlənir və orada artıq tikinti işləri gedir. Elə ərazilər var ki, orada ümumiyyətlə, mina yoxdur. Məsələn, Şuşa şəhərində tikinti işlərini sürətləndirmək olar. Çünki ermənilər oraya mina basdırmayıblar.