📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağa status ifadələri tarixə qovuşdu!" - ZAUR MƏMMƏDOV

2023-09-22 11:26:50

"BMT Təhlükəsizlik Şurasının dünənki iclası separatizmə yer olmadığını göstərərək Azərbaycanın lehinə başa çatdı"

"Gecə saatlarında baş tutan BMT Təhlükəsizlik Şurasının iclası gözlənildiyi kimi, ortaq bəyanatsız başa çatdı. İclas Türkiyənin birbaşa Azərbaycana dəstəyi, Rusiyanın nümayəndəsinin digərləri ilə müqayisədə hadisələrə düzgün olaraq Ermənistanın atdığı addımlar bucağında baxması fonunda, Almaniya XİN rəhbəri Berbokun Azərbaycana qarşı hamıdan sərt ifadələri ilə yadda qaldı. Xanım Berbokun terrorçular haqqında bir cümlə belə deməməsi, ABŞ nümayəndəsinin çıxışı isə yəqin ki, erməni diasporasında ümidlərin puç olması isə nəticələndi". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, ən maraqlısı isə bəzi nümayəndələrin "Ermənistanda demokratiyanı qorumaq zəruridir" tezisi idi: "Sual olunur: Azərbaycanın öz ərazisində antiterror addımları ilə Ermənistandakı demokratiya arasında hansı bağlar var? Cavab məlumdur. Borel və Berbok Qafqazda hadisələrə rəqibləri ilə münaqişə prizmasından yanaşırlar. Əsas odur ki, dünən toplaşanlar, həmçinin Fransa münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ifadəsindən istifadə etdilər. Qarabağa status ifadələri tarixə qovuşdu!"

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri bildirib ki, BMT Təhlükəsizlik Şurasının dünənki iclası separatizmə yer olmadığını göstərərək Azərbaycanın lehinə başa çatdı: "Çünki iclasa qədər Azərbaycan artıq əsas məsələni həll etmişdi və rəsmi Bakının güclənən mövqeyi fonunda hər kəs reallığı qəbul etməli idi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az