📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB - 2100 manatadək maaş təklif olunur ( TAM SİYAHI)

2026-10-06 21:18:59

QARABAĞDA BU İŞ YERLƏRİ BOŞ QALIB - 2100 manatadək maaş təklif olunur ( TAM SİYAHI)

Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri davam edir. Bölgələrimizdə dəmir yolu və avtomobil yollarının çəkilişi, elektrik enerjisi və su təchizatının bərpası, tikinti işlərinin sürətləndirilməsi layihələri həyata keçirilir. Təbii ki, bütün bu layihələrin uğurlu icrası bölgədə məşğulluğun da artırılmasını və yeni iş yerlərinin yaradılmasını zəruri edir.

Hurriyyet.net  bu konteksdə Dövlət Məşğulluq Agentliyinin elektron sistemi əsasında Qarabağda elan olunan iş imkanlarını araşdırıb.

Qeyd edək ki, sözügedən platformada müxtəlif peşə sahələrini əhatə edəm – mühafizə, nəzarət, kənd təsərrüfatı mütəxəssisləri, sürücülük, tikinti, mühəndislik, memarlıq, operatorluq, eləcə də xidmət sahələri (satıcı, çörəkçi, əczaçı) iş elanları görmək mümkündür. Elanlara əsasən, işlərin böyük hissəsi xidmət və tikinti sahələrini əhatə edir və ən çox tələbat usta peşələrinədir. Şirkətlər əsasən,18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Əməkhaqqı məbləği işəgötürən tərəfindən müəyyən edilir və təqdim olunan elanlara əsasən daha çox mühəndis, operator, qaynaqçı, sürücü, fəhlə, xidmət və digər ixtisaslar üzrə çoxsaylı vakansiyalar mövcuddur.

Hazırda siyahıda ümumilikdə 53 vakansiya yer alır. Zəngilanda 17, Laçında 4, Cəbrayılda 2, Qubadlıda 2 vakansiya göstərilir. Bundan başqa, Qubadlı, Cəbrayıl və Zəngilanı əhatə edən 3 növbətçi mühəndis vakansiyası da mövcuddur.

Maaşlara gəldikdə isə, təqdim olunan vakansiyalar arasında ən yüksək əməkhaqqı 2 100 manatdır. Bu maaş Zəngilanda koordinator vəzifəsi üçün təklif olunur. Kəlbəcərdə qreyder operatoruna 1 800 manat, xidmət rəisinə 1 650 manat, böyük mühəndisə 1 250 manat, anbardara isə 1 200 manat əməkhaqqı göstərilib. Ən aşağı maaş isə 433 manatdır. Bu məbləğ Kəlbəcərdə uçot və qeydiyyat hissəsinin qeydiyyatçısı, Zəngilanda isə sanitar qadın vəzifələri üzrə nəzərdə tutulub.

Siyahıda işçi sayına görə də müəyyən istiqamətlər diqqət çəkir. Kəlbəcərdə 10 anbardar, 8 barmen-bufetçi, 4 ekskavator operatoru, 4 ordinator və 4 sanitar üçün vakansiya açılıb. Zəngilanda isə qaz paylayıcı stansiyanın operatoru üzrə 5 işçi tələb olunur.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılması üçün yalnız hazır vakansiyalar deyil, peşə hazırlığı və özünüməşğulluq proqramları da həyata keçirilir. Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, həmin ərazilərə köçürülən sakinlərdən 11 256 nəfərin məşğulluğu təmin edilib, 907 nəfər üçün kiçik biznes yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Qarabağda təqdim olunan vakansiyaların tam siyahısını təqdim edirik:

Zəngilan

- Administrator – 1 yer – orta təhsil – maaş razılaşma ilə – 20-45 yaş;

- Texnik – 1 yer – orta təhsil – 600 AZN – 18-60 yaş;

- Qeydiyyatçı – 2 yer – orta təhsil – 687 AZN – 18-60 yaş;

- Gözətçi – 3 yer – orta təhsil – 450 AZN – 18-40 yaş;

- Topoqraf – 1 yer – ali təhsil – maaş göstərilməyib – 23-65 yaş;

- Qeydiyyatçı – 1 yer – orta təhsil – 530 AZN – 30-55 yaş;

- Sanitar qadın – 1 yer – orta təhsil – 433 AZN – 30-55 yaş;

- Həkim-stomatoloq – 1 yer – ali tibbi təhsil – 550 AZN – 30-55 yaş;

- Qaz paylayıcı stansiyanın operatoru – 5 yer – peşə ixtisas təhsili – 855 AZN – 18-60 yaş;

- Koordinator – 1 yer – ali təhsil – 2 100 AZN – 20-50 yaş;

Kəlbəcər

- Qreyder operatoru – 2 yer – orta təhsil – 1 800 AZN – 18-56 yaş;

- Barmen-bufetçi – 8 yer – orta təhsil – 924 AZN – 18-59 yaş;

- Qaynaqçı – 1 yer – orta təhsil – 500 AZN;

- Böyük mühəndis – 1 yer – ali təhsil – 1 250 AZN – 45 yaşa qədər;

- Xidmət rəisi – 2 yer – ali təhsil – 1 650 AZN;

- Ekskavator operatoru – 4 yer – orta təhsil – 1 000 AZN – 25-45 yaş;

- Mühəndis-energetik – 1 yer – ali təhsil – 900 AZN – 25-55 yaş;

- Mühasib – 2 yer – orta təhsil – 470 AZN – 20-50 yaş;

- Ekskavatorçu – 2 yer – orta təhsil – 490 AZN – 20-50 yaş;

- Su nasos qurğusu maşinisti – 2 yer – peşə təhsili – 450 AZN – 20-50 yaş;

- Arxivçi – 2 yer – orta təhsil – 450 AZN – 20-50 yaş;

- Uçot və qeydiyyat hissəsinin qeydiyyatçısı – 2 yer – orta təhsil – 433 AZN – 20-50 yaş;

- Tibb bacısı (qardaşı) – 3 yer – orta təhsil – 550 AZN – 20-50 yaş;

Ordinator – 4 yer – ali təhsil – 650 AZN – 20-50 yaş

- Ordinator (ultrasəs müayinəsi üzrə) – 1 yer – ali təhsil – 650 AZN – 20-50 yaş;

- Sanitar – 4 yer – orta təhsil – 450 AZN – 20-50 yaş;

- Həkim-laborant – 1 yer – ali təhsil – 650 AZN – 20-50 yaş;

- Müşahidəçi – 1 yer – orta təhsil – 736 AZN;

- Anbardar – 10 yer – orta təhsil – 1 200 AZN – 25-50 yaş;

Laçın

- Mənzil İstismar Hissəsinin anbar müdiri – 1 yer – orta təhsil – 450 AZN – 20-50 yaş;

- Mühasib – 1 yer – ali təhsil – 600 AZN – 20-50 yaş;

- Sahə mühəndisi – 1 yer – ali təhsil – 800 AZN – 24-45 yaş;

- Müşahidəçi – 1 yer – orta təhsil – 736 AZN – 18-65 yaş;

Cəbrayıl

- Mühafizəçi – 2 yer – orta təhsil – 470 AZN – 18-40 yaş;

Qubadlı

- Elektrik montyoru – 2 yer – peşə təhsili – 490 AZN – 20-50 yaş;

Qubadlı / Cəbrayıl / Zəngilan

- Növbətçi mühəndis – 3 yer – ali təhsil – 860 AZN – 25-45 yaş.

Qeyd edək ki, iş axtaran şəxslər e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olub işsiz və ya iş axtaran kimi qeydiyyatdan keçə bilərlər. CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir