"Qarabağda əldə etdiyimiz zəfərlərin diplomatik sahədə dəstəklənməsi çox vacibdir" - VÜQAR BAYRAMOV
"Təəssüf ki, bəziləri gərgin müzakirlərədə bir neçə söz alıb erməni tərəfini susduran Milli Məclisinin sədrinə dəstək vermək əvəzinə bir texniki səhvə ünvanlanıb çıxışların əhəmiyyətini azaltmağa çalışdılar"
"Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda Azərbaycan və Ermənistan parlament sədrlərinin çıxışlarını əksəriyyətimiz yəqin ki, izlədik. Azərbaycan Respublikası Milli Məclisinin xanım sədri gərgin keçən müzakirələrdə bir neçə dəfə söz alıb ölkəmizin mövqeyini əsaslandırılmış şəkildə təqdim etdi və hətta Ermənistan tərəfi bizim 5 bəndlik sülh təkliflərimizin onlar üçün də qəbul edilən olduğunu da bəyan etdi". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkili hesab edir ki, bu, diplomatik uğur idi, çünki bu Ermənistanın regionda yaranan yeni reallığı qəbul etməsi anlamına da gəlirdi: "Eyni zamanda, Milli Məclisin sədri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətdiyi təxribatlar barədə məlumat verdi və ölkəmizin haqq işini geniş auditoriyaya bir daha çatdırdı. Təəssüf ki, bəziləri gərgin müzakirlərədə bir neçə söz alıb erməni tərəfini susduran Milli Məclisinin sədrinə dəstək vermək əvəzinə bir texniki səhvə ünvanlanıb çıxışların əhəmiyyətini azaltmağa çalışdılar. Dünən də bu məsələ ilə bağlı mənə mediadan çoxlu suallar ünvanlandığı üçün sosial şəbəkə vasitəsi ilə bu məsələyə rəy bildirməyi vacib hesab etdim. Milli Məclis sədrinin çıxışında dəfələrlə Azərbaycan Respublikası sözündən istifadə edilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə texniki olaraq səhvən yer alıb və təəssüf ki, bəziləri bunu bilərəkdən qabartmağa çalışırlar".
CESD sədrinin fikrincə, bütün bunlar həmin iclasda aparılan gərgin müzakirələrdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanmış mövqeyinin təqdimatı və Ermənistan tərəfinin ölkəmizin şərtləri razılaşdığını etiraf etməsi kimi diplomatiyada əhəmiyyətli hesab edilən uğurlara kölgə sala bilməz: "Qarabağda əldə etdiyimiz zəfərlərin diplomatik sahədə dəstəklənməsi çox vacibdir. Belə iclaslardakı əsaslandırılmış mövqelərimiz isə zərəfimizi daha da möhkəmləndirir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az