Qarabağda iki dəfə ağır yaralanan qaziyə 7 aydır pensiya verilmir
Fərrux Qasımov: “Xahiş edirəm, pensiyamı bərpa etsinlər və vətən uğrunda həyatını qurban verən nakam taleli qardaşıma şəhid statusu verilsin”
“Hürriyyət”in redaksiyasına Birinci Qarabağ müharibəsinin qazisi Qasımov Fərrux Rəcəb oğlu tərəfindən məktub daxil olub. Acınacaqlı vəziyyətdə yaşadığını söyləyən qazimizin məktubunu olduğu kimi izləyicilərimizətəqdim edirik:
“Mən, Qasımov Fərrux Rəcəb oğlu, 1970-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuşam. Birinci Qarabağ savaşının iştirakçısı olmuşam, ikinci qrup Qarabağ əliliyəm.
Rusiyada hərbi məktəbdə təhsil alırdım. 20 yanvar hadisələrindən sonra, 1991-ci ildə təhsilimi yarımçıq qoyub, müharibədə iştirak etmək üçün vətənə qayıtdım. Amma ərizəmi qəbul etmədilər və təhsilimi davam etdirmək üçün məni indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yolladılar. Bir müddət orada oxudum. Amma döyüşmək istəyi məni rahat buraxmırdı, nəhayət, 1993-cü ildə Heydər Əliyevin çağırışına səs verərək könüllülər sırasında müharibəyə yollandım.
İlk dəfə minaatanın qəlpələri yaraladı məni. Bu günə qədər qolumda, başımda və qulağımın arxasında qəlpələr var. Amma onda xəstəxanaya getmədim, döyüş yoldaşlarımdan ayrılmaq istəmədim. İkinci dəfə isə ürəyimdən haradasa 1-2 sm. aralı güllə yarası aldım, sol qolumun sümüyü də zədələndi. Çox ağır yara idi. O vaxtdan yarım canam, iş qabiliyyətimi itirmişəm, sol qolum qalxmır. Bütün bu illər ərzində bir gün belə işləməmişəm, pensiya da almamşam. Çünki özüm bu işin arxasınca düşməmişəm. Əvvəlcə ata-anam, sonra isə qardaşım kömək edib, onların sayəsində özümü, ailəmi dolandırmışam.
2009-cu ildə qardaşım, 1980-ci il doğumlu Qasımov Taleh Rəcəb oğlu şəhid oldu. Nişanli idi. Toyunu etməyə hazırlaşırdıq. Yaşmada işləyirdi, XTQ üzvü idi. Hərbi təlim zamanı paraşütü açılmadı. Amma bu günə qədər ona şəhidlik statusu verilməyib. Bilmirəm, ailəmizə qarşı niyə bu qədər haqsızlıq edilir?!
2000-ci ildə mənə veteran statusu verildi. Sonra isə əlillik dərəcəsi müəyyən edildi. Əvvəl haradasa 200 manata yaxın pensiya alırdım, sonra tədricən artırıldı və 800 manata yaxın bir məbləğə gəlib çıxdı.
II qrup əlillik dərəcəsi olanların 5 ildən bir komissiyadan keçmli olduğu ilə bağlı qərar qüvvəyə minəndən sonra, ötən ilin mart ayında komissiyadan keçdim, stasionarda müayinə və müalicə olundum, bütün lazımi instansiyalardan keçdim. İyul ayında sənədlərim sistemə daxil edildi, mənə bildiriş də verildi, amma internetə daxil olub yoxlayıram, yazılır ki, “yoxlanılır”, yəni cavab gəlmir. Artıq 7 aydır pensiya almıram.
Ailəliyəm, dörd övladım var. Böyük qızım universitetdə oxuyur, ortancıl qızlarım kollec tələbəsidir, oğlum isə 10-cu sinifdə oxumalıdır, amma məktəbə gedə bilmir. Ailəmizin vəziyyəti acınacqlı olduğu üçün məcbur olub işləyir. Adı məktəbdə, özü Sumqayıtda fəhləlik edir ki, bacıları təhsil ala bilsin. Həyat yoldaşım da uşaqların yanında, Sumqayıtda qalır. Özü də kirayə ev tutublar, kirayə haqqını ödəmək də asan deyil.
Mən bu xəstə canımla 7 aydan çoxdur Xızıda təkbaşına qalmışam. Heç kimdən, heç yerdən bir kömək yoxdur, heç kəs məni itirib-axtarmır. Özüm-özümü birtəhər idarə edirəm. Bir qoca anam var, o da Sumqayıtda kirayə evdə yaşayır. O da uşaqlara kömək etməyə çalışır.
Ailəliyəm, dörd övladım var.
Vəziyyətimiz çox ağırdır. Aidiyyəti qurumlardan xahiş edirəm, pensiyamı bərpa etsinlər və vətən uğrunda həyatını qurban verən nakam taleli qardaşıma şəhid statusu verilsin. Heç olmasa, ailəmiz, qoca anamız üçün bir təsəlli olsun.”
Hazırladı: RUNA
P.S. Ümid edirik ki, ən tez zamanda çətin vəziyyətdə olan qazimizin səsinə səs veriləcək və lazımi tədbirlər görüləcək.



