"Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil" - ELXAN ŞAHİNOĞLU
"Böyük ehtimalla, Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara "atəş açın" əmrini verib"
"ABŞ dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı günü Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, böyük ehtimalla, Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara "atəş açın" əmrini verib: "Bu əmri yerinə yetirənlər ağır zərbə alıblar, 4 separatçı öldürülüb. Bu olay erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır. Vaşinqtondakı müzakirələrə gəldikdə, danışıqların nəticəsiz qalması üçün 3 qüvvə - Kreml, erməni separatçıları və “Daşnaksütun” partiyasının simasında radikal müxalifət (İrəvanda səfirliklər qarşısında etirazlara start veriblər) birləşiblər. Ermənistanın baş naziri Nikol Paşinyan yenə yarıyoldan qayıdacaq, yoxsa “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasını sənəddə əksinə razılaşacaq – bunu Vaşinqton görüşünün nəticələri göstərəcək".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Ararat Mirzoyan Vaşinqtonda Paşinyandan telefonla alacağı son təlimatı əsasında hərəkət edəcək.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az