"Qarabağdakı erməni separatçı rejim mütləq şəkildə zərərsizləşdirilməlidir"
Məhəmməd Əsədullazadə: "Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, rus "sülhməramlıları" açıq şəkildə separatizmi alovlandırır"
Elxan Şahinoğlu: "Rusiyanın Qarabağdakı hərbi kontingentini ərazimizdən çıxarması Ermənistan silahlı qüvvələrinin və separatçıların Azərbaycan ərazisini tərk etməsini sürətləndirərdi"
Anar Məmmədli: "44 günlük müharibə nəticəsində yaranmış status-kvonu bundan sonra qorumağın yolu hərbi gücdə deyil, yumşaq gücdən istifadədir"
Natiq Cəfərli: "Rusiya mütləq zəifləyəcək, amma indi zəhərini tökməyə, dünyanın diqqətini başqa səmtə yönəltməyə fürsət axtarır"
Kənan Novruzov: "Kreml Cənubi Qafqazla bağlı son addımları ilə göstərmək istəyə bilər ki, başı müharibəyə qarışsa da, region da diqqətindən kənarda deyil"
Heç kimə sirr deyil ki, "sülhməramlı" adı altında Azərbaycan torpaqlarında yerləşən Rusiya hərbi kontingenti Qarabağa gəldiyi ilk gündən etibarən öz missiyasından kənar işlər görməkdə və qanunsuz erməni silahlı dəstələrini müdafiə etməkdədir. Bunu Rusiya Müdafiə Nazirliyinin Xocalının Fərrux kəndi ilə bağlı yaydığı məlumat da bir daha təsdiqləyir. Belə ki, az qala hər hərəkəti ilə üçtərəfli bəyanatın şərtlərini icra etməkdə maraqlı olmadığını nümayiş etdirən Rusiya tərəfi iddia edirdi ki, guya Azərbaycan tərəfi danışıqlardan sonra öz silahlı qüvvələrinin bölmələrini Fərrux kəndi ərazisindən çıxarıb. Halbuki, bu, ağ yalandan başqa bir şey deyil. Çünki hazırda Xocalının Fərrux kəndində bayrağımız dalğalanır.
Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, Putinin imzaladığı bəyannaməyə də hörmətsizlik edir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi də öz növbəsində, ordumuzun bölmələrinin Fərrux kəndindən çıxarılmasına dair informasiyanı yalanlayıb. Qeyd olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyil: "Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb". Həmçinin, o da bildirilib ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur: "Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar". Söz yox ki, bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Müdafiə Nazirliyi sözügedən açıqlaması ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən imzalanmış bəyannaməyə hörmətsizlik nümayiş etdirir.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki,ötən gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər isə müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
"Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinin Fərrux dağı və eyni adlı kəndi nəzarətə götürməsi ilə bağlı açıqlamaları ölkəmizin daxili işinə qarışmaq və separatizmi dəstəkləməklə bərabər, 10 noyabr 2020-ci və 22 fevral 2022-ci il razılaşmalarına ziddir"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan torpağı olan Qarabağdakı erməni separatçı rejim mütləq şəkildə zərərsizləşdirilməlidir: "İlk növbədə silahlı erməni birləşmələri Azərbaycan torpaqlarından çıxarılmalıdır. Nə qədər ki, orada Azərbaycanın yuridiskiyası təmin olunmayıb hər hansı bir yardım etmək olmaz. Ümumiyyətlə, Qarabağ ermənilərinin Azərbaycanın nəzarətində yaşaması da sual doğurur. Onu da qeyd edim ki, Rusiya Müdafiə və Xarici İşlər nazirliklərinin Azərbaycanın Fərrux dağı və eyni adlı kəndi nəzarətə götürməsi ilə bağlı açıqlamaları ölkəmizin daxili işinə qarışmaq və separatizmi dəstəkləməklə bərabər, 10 noyabr 2020-ci və 22 fevral 2022-ci il razılaşmalarına ziddir". Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğulayan politoloq da bu qənaətdədir ki, rus "sülhməramlıları" açıq şəkildə separatizmi alovlandırır: "Məhz bu səbəbdən də Azərbaycan Rusiya ordusunu Qarabağdan çıxarmaqda maraqlıdır. Ümumiyyətlə, Moskvanın regiondan getməsi Qərbin də maraqlarına uyğundur".
"Rusiya hərbçilərinin Qarabağdan çıxarılması Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanatın ruhuna uyğundur"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin bir hissəsini Ukraynaya göndərməsi və ya ümumiyyətlə, bütün kontingenti ərazimizdən çıxarması Azərbaycanın maraqlarına cavab verir. Onun sözlərinə görə, bu, Ermənistan silahlı qüvvələrinin və əlində silah olan separatçıların Azərbaycan ərazisini tərk etməsini sürətləndirərdi: "Rusiya Ukraynada müqavilə əsasında xidmət edən hərbçilərini itirir. Rusiyanın müharibəni davam etdirmək üçün əlavə canlı qüvvəyə ehtiyacı artıb. Buna görədir ki, Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə savaşan "könüllüləri" Rusiya tərəfdən Ukraynaya qarşı savaşmağa dəvət edib. Gələn xəbərlərə görə, Rusiya Gürcüstanın bir parçası olan Cənubi Osetiya və Abxaziyada saxladığı silahlı birliklərin bir hissəsini də Ukraynadakı müharibəyə cəlb edib. Rusiyanın Qarabağdakı hərbi kontingentinin bir hissəsini Ukraynaya göndərməsi və ya ümumiyyətlə, bütün kontingenti ərazimizdən çıxarması Azərbaycanın maraqlarına cavab verir. Bu, Ermənistan silahlı qüvvələrinin və əlində silah olan separatçıların Azərbaycan ərazisini tərk etməsini sürətləndirərdi. 44 günlük müharibədə ağır şəkildə məğlub olan Ermənistanın və yerli separatçıların Azərbaycanla yenidən savaşacağı ehtimalı azdır. Savaşmaq istəsələr belə, nəticənin necə olacağı hamıya bəllidir".
Politoloqun fikrincə, Rusiya hərbçilərinin Qarabağdan çıxarılması Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanatın ruhuna da uyğundur: "Bundan sonra Qarabağın tamamında, o cümlədən Xankəndidə Azərbaycan qanunlarının icrası təmin olunar, qanunlarımızla yaşamaq istəyən ermənilərin sosial problemlərinin həlli yoluna qoyular. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistanı da Qarabağ separatçılarına siyasi və maliyyə dəstəyi yükündən qurtararaq, İrəvanla Bakı arasında danışıqların axarına müsbət təsir edərdi".
"Nə iqtidarın, nə də müxalifətin Qarabağ münaqişəsinin həlli ilə bağlı bir-birindən fərqli, konstruktiv və aydın planı var"

Bir aya yaxındır ki, Qarabağda erməni hərbi qruplaşmaları ilə Azərbaycan ordusu arasında gərginliyin hökm sürdüyünü deyən siyasi şərhçi Anar Məmmədlinin qənaətincə, Ukrayna müharibəsinədək hakimiyyət Ermənistanla sülh sazişi mövzusunu Qarabağ ermənilərinin taleyi ilə bağlı müzakirədən ayrı tutmağa çalışıb: "İkinci məsələni daha çox Rusiya ilə çözməyə çalışıb. Amma cəhdləri uğursuz olub və indi Rusiyanın Ukrayna müharibəsində zəifləməsindən ürəklənərək dilə gəliblər. Yaxşı tutaq ki, zor-xoş erməni hərbi birləşmələr çıxarıldı. Bəs, bu nəyin bahasına başa gələcək? Məgər erməni hərbi qruplaşmalarının çıxarılması münaqişənin həlli deməkdir? Əminlik varmı ki, erməni hərbi qruplaşmaların çıxışı onların yerinə Rusiyadan əlavə hərbi kontingentinin gətirilməsi ilə nəticələnməyəcək? 2020-ci il müharibəsi müstəqil DQR və ya Ermənistana birləşmə ideyasını siyasi gündəlikdən çıxarıb. Bunu dilinə gətirənə gülərlər. Xüsusən də Ukraynadakı müharibdən sonra heç bir ciddi dövlət postsovet məkanında separatizmi və ya silahlı yolla öz müqəddəratını təyin etməni dəstəkləməyəcək".
Siyasi şərhçi hesab edir ki, 44 günlük müharibə nəticəsində yaranmış status-kvonu bundan sonra qorumağın yolu hərbi gücdə deyil, yumşaq gücdən istifadədir. Anar Məmmədli onu da əlavə edib ki, nə iqtidarın, nə də müxalifətin Qarabağ münaqişəsinin həlli ilə bağlı bir-birindən fərqli, konstruktiv və aydın planı var: "Ən acınacaqlısı isə yenidən hərbi gücdən istifadə ilə bağlı hədəflər və qarşı tərəfin davranışına qoyulan qırmızı xətt aydın deyil".
"Bü gün "məqamdı, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək" kimi fikirlər səsləndirənlər bilərək, ya bilmədən Kremlin əlinə oynayır, ya da, siyasi və geosiyasi olaraq savadsızdılar"

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bildirib ki, Kreml israrla bizi daha sərt addımlar atmağa təhrik edir, çünki bu gün Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi ən çox Rusiyaya sərf edir. Politoloqun sözlərinə görə, Moskva bununla dünyanın diqqətini Ukraynadan az da olsa, yayındırmağa, dünyada indi yeganə "pozitiv" aktivi olan ölkəmizdəki "sülhməramlılıq" missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə, Qərb dövlətlərini bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etməyə çalışır: "Rusiya bu yolla həmçinin, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamağa, Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etməyə çalışır. Odur ki, bütün bunları anlayaraq çox ehtiyatlı, diqqətli, səbrli davranmalıyıq. İndiki zamanda Moskvanın təxribatlarına getmək olmaz, bü gün ölkədə kimlərsə, "məqamdı, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək" kimi fikirlər səsləndirənlər bilərək, ya bilmədən Kremlin əlinə oynayır, ya da, siyasi və geosiyasi olaraq savadsızdılar". REAL-ın icra katibi hesab edir ki, Rusiya mütləq zəifləyəcək, amma indi zəhərini tökməyə, dünyanın diqqətini başqa səmtə yönəltməyə fürsət axtarır: "Səbrli olaq, imkan verək zəifləsin, zatən tarixi, iqtisadi, demokrafiq və zaman üstünlüyü bizdədir. Yaxşı işlər yavaş görülür".
"Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatdakı ifadələr məqsədli təxribatdır, indiki həssas məqamda bunu başqa cür qiymətləndirmək mümkün deyil"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov da bu qənaətdədir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatdakı ifadələr məqsədli təxribatdır. Onun fikrincə, indiki həssas məqamda bunu başqa cür qiymətləndirmək mümkün deyil: "Proseslərə diqqət edək: Rusiyanın Ukrayna ilə müharibə apardığı, başının başqa səmtə yönəldiyi bir vaxtda Qarabağdan hərəkətlənmə başlandı, vəziyyət gərginləşdi. Rus generalları ölkəmizə gəldi. Həftələrdir ictimaiyyət arasına çıxmayan Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə danışdı. Bundan sonra isə sözügedən təxribat oldu. Ola bilsin, Şoyqu ilə Zakir Həsənovun müzakirəsi Kremlin maraqlarına cavab verməyib. Məsələn, ehtimal var ki, Rusiya müdafiə naziri Qarabağda Azərbaycan silahlı qüvvələrinin hərəkətlənməsi barədə iradını bildirib və rəsmi Bakı buna əhəmiyyət verməyib. Hər halda ciddi strateji əhəmiyyətə malik Fərrux kəndinin ordumuzun nəzarətinə keçməsi Moskva üçün arzuolunan deyil".
Kənan Novruzovun sözlərinə görə, Kreml Cənubi Qafqazla bağlı son addımları ilə göstərmək istəyə bilər ki, başı müharibəyə qarışsa da, region da diqqətindən kənarda deyil: "Bəlkə də Ukrayna məsələsində Azərbaycanın haqlı mövqeyi Rusiyanın narazılığına səbəb olub. Hətta, ola bilsin, Bakı Moskvanın gözləntilərini doğrultmayıb. İstənilən halda Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşması istiqamətində səslənən bəyanatlar, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası fonunda oxşar sabotajlar gözlənilən idi. Belə provokasiyaların, qıcıqlandırıcı addımların bundan sonra da davam etməsi istisna deyil. Ancaq Rusiya başa düşməlidir ki, belə addımlarla ikitərəfli əlaqələrə zərbə vurur. Gərginliyin daha bir müddət davam etməsi mümkündür. Amma əvvəllər də dediyimiz kimi, proseslər Bakı və Ankaranın maraqlarına, regiondakı əməkdaşlığa, sabitliyə uyğun formada inkişaf etməkdədir. Heç nə, heç bir əngəl buna mane ola bilməz".
Vazeh BƏHRAMOĞLU