📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağdakı ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-09-10 14:05:00

"Azərbaycan və Türkiyə Qarabağda anti-terror əməliyyatlarına başlayarsa, Rusiya geri çəkilməli olacaq"

"10 noyabr Birgə Bəyannaməsi ilə Qarabağda müharibənin sona çatmasına baxmayaraq, Rusiya tərəfi konkret olaraq öhdəlikləri yerinə yetirməyərək situasiyanı gərginləşdirir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, bu da öz növbəsində, yeni lokal toqquşamlara yol açır: "Halbuki, bütün əməliyyatlar bitməli idi. Həmçinin, "sülhməramlı" komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadırlar. Rusiya bununla neytrallağını pozaraq birbaşa Qarabağda Ermənistanın mövqeyinin olduğunu göstərir. Bu, Azərbaycana təzyiq vasitəsidir, həmçinin münaqişənin davam etdiyini göstərir. Rusiyanın bu siyasəti Azərbaycanın hərəkətə keçməsini şərtləndirdi. Məhz Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimləri buna cavabdır və anti-terror əməliyyatlarını özündə ehtiva edir".

Rusiyanın Qarabağa Abxaziyada separatizmə dəstək verən general Mixail Kosobokovu komandan təyin etdiyini xatırladan politoloqun fikrincə, bu, erməni separatizminin dəstəklənməsinə və bundan sonra daha da intensiv olaraq Qarabağda Rusiya hərbçilərinin taktiki döyüş təlimlərinin keçirilməsinə gətirib çıxaracaq: "Düşünürəm ki, Rusiyanın Qarabağda Azərbaycana qarşı bu addımı öz əleyhinə işləyəcək. Azərbaycan və Türkiyə qüvvələri Qarabağda anti-terror əməliyyatlarına başlayarsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq. Ümumiyyətlə, Rusiya 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndini yerinə yetirərsə, onda belə bir siyasi-hərbi qarşıdurmaya ehtiyac olmaz. Rusiyanın bu fəaliyyəti Türkiyənin də regional siyasətini təhdid edir. Ona görə də Rusiya separatizmə dəstək verən generalını Qarabağda komandan təyin etməsinə cavab olaraq Türkiyə nümayişkaranə xüsusi əməliyyatlarla bağlı bir neçə generalını Azərbaycandakı hərbi kontingentlərinə komandan təyin etdi. Bu, Ankaranın Moskvaya cavab addımdır və vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir".

Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə bu addımı ilə geri çəkilməyəcəyini və daha da irəli gedəcəyi mesajını verdi: "Baş verəcək problemlər fonunda Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az