Qarabağdakı ermənilərin Rusiyadan ƏSAS İSTƏYİ - Moskva Bakıya qarşı bunu edəcəkmi?
"Kreml Qarabağdakı ermənilərə Rusiya pasportu paylaya bilər, amma bu, Azərbaycanın sərt reaksiyasına səbəb olacaq".
Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Rusiya istəmir ki, Ermənistan Zəngəzur dəhlizində gömrük və sərhəd məntəqələri qursun:
"Hazırki vəziyyət belədir ki, Kremlin strateji maraqlarına hər hansısa bir təhdid yoxdur və Azərbaycan Prezidenti də sülhməramlı qüvvələrin bəzi səhvlərini qeyd edərək ümumiyyətlə, onların fəaliyyətindən razılığını mütəmadi olaraq dilə gətirir. Digər tərəfdən bu pasport paylama məsələsi Rusiyanın Donbasda həyata keçirdiyi anoloji tədbirlərlə əlaqələndirilir, amma Qarabağ Donbas deyil! Rusiyanın həmin ərazi ilə fiziki təması yoxdur, heç Ermənistanın da Laçın dəhlizindən başqa həmin əraziyə fiziki təması yoxdur.
Rusiya sülhməramlı kontingentinin miqdarı xüsusi bəyanatla şərtləndirilib. Əlbəttə, Rusiya Qarabağdakı ermənilərə pasport paylaya bilər, amma bu, Azərbaycanla münasibətlərin tamamilə kəsilməsinə əsas verə bilər. Buna da Rusiya indiki şəraitdə və yaxın gələcəkdə gedəsi deyil.
Laçın dəhlizinə alternativ çəkilən yola nəzarət edə biləcəyikmi?
Üçtərəfli bəyanatda qeyd olunub ki, 3 il ərzində alternativ yol çəkilməlidir və orada belə bir ifadə var ki, "tərəflərin razılığı ilə". Əlbəttə, burada Ermənistandan çox az şey asılıdır, bunu əsasən Azərbaycan həyata keçirməlidir. Digər tərəfdən bu, dəhliz funksiyasını həyata keçirəcəksə, bu da Rusiya sülhməramlılarının nəzarətində olmalıdır. Yəni indiki yola hansı şərtlər şamil edilirsə, həmin şərtlər yeni yola da şamil ediləcək. Amma burada yol ikinci məsələdir. Bu da Ermənistanın Zəngəzur dəhlizində gömrük və sərhəd məntəqələrinin quraşdırması məsələsi ilə bağlıdır.
Ona cavab olaraq da Azərbaycan Prezidentinin Laçın dəhlizində həmin qaydanı tətbiq edəcəyi haqqında bəyanatı var. Yəni indiki yolda da, yeni dəhlizdə də bunu həyata keçirmək mümkündür. Və bu qərar qəbul olunmadığı üçün də bu məsələ hələ də açıq qalır. Yəni Rusiyanın marağında deyil ki, Ermənistan Zəngəzur dəhlizində bu məntəqələri qursun. Çünkü üçtərəfli bəyanatın maneəsiz şərti pozulur. Əgər bir pozuntu baş veribsə, president varsa, deməli gələcəkdə üçtərəfli bəyanatın müəyyən ifadələrinə yenidən baxıla bilər.
İkinci tərəfdən bu, Rusiyanın həm Laçın dəhlizində, həm Zəngəzur dəhlizində eksklüzivliyinə bir təhdiddir. Yəni Rusiya tərəfi təhlükəsizliyə zəmanət verir, amma belə olan halda giriş-çıxışlara nəzarət etmir. Bunun da səbəbkarı Azərbaycan yox, Ermənistan rəhbərliyi olduğu üçün Rusiya tərəfi də Ermənistan tərəfi ilə göründüyü kimi daha intensiv danışıqlar həyata keçirir, nəyinki Azərbaycan tərəfi ilə. Bu məsələ ilə bağlı sonuncu fikrim odur ki, Lavrov da vaxtı ilə Soçi görüşündən öncə Ermənistan xarici işlər naziri ilə danışanda belə bir bir fikir səsləndirilmişdi ki, "Üçtəfəli bəyanatın bütün şərtlərinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq". Yəni bu o deməkdir ki, Ermənistan "maneəsiz" ifadəsini dəyişdirmək və yaxud onu sıradan çıxarmaq istəyə bilər. Azərbaycanın da cavabı bəllidir".
Milli.Az