📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağdakı separatçı rejimin rəhbərliyi öz sonunu rəzil bir şəkildə tamamladı" - SİYASİ ŞƏRHÇİ

2023-10-04 13:06:35

"Onların məhkəməsinin şəffaf və beynəlxalq medianın iştirakı ilə keçirilməsi dünyaya Rusiyanın dəstəyi və planları əsasında Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri qanlı cinayətləri öz dilləri ilə açıb göstərmək, baş verən tarixi faciəni beynəlxalq aləmə təqdim etmək və tarixə yazmaq üçün gərəkdir"

"Qarabağdakı separatçı rejimin rəhbərliyi öz sonunu rəzil bir şəkildə tamamladı. Onlar özlərindən sonraya heç bir qəhrəmanlıq hekayəsi buraxmadılar. Azərbaycana təslim olmamaq üçün intihar edən bir nümunə belə, olmadı. Ancaq bu canilər kabinetlərdə otura-otura saysız hesabsız insanları ölümə, qondarma qurum uğrunda döyüşə göndərirdilər. İndi növbə özlərinə çatanda məğrur şəkildə ölmək, ləyaqətlə öz ideyası üçün qurban getmək yerinə, şərəfsiz təslimiyyəti seçdilər". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.

Siyasi şərhçinin sözlərinə görə, bu, o deməkdir ki, bu quldurlar böyük faciələrə yol açmış "Artsax" ideyasının nə qədər boş, çürk və mənasız olduğunu bildirmişlər: "Separatçıların rəhbərlərinin bu şəkildə təslim olması təkcə qondarma "Artsaxın" deyil, həm də "böyük Ermənistan" ideyasının mənəvi ideoloji iflası oldu. Demək ki, bu sərsəm ideyanı uzun illər "Artsaxa" rəhbərlik etmiş erməni liderləri üzdə necə görsənmələrindən asılı olmayaraq, heç də özlərinin milli şərəf məsələsi saymayıblar və əslində, onun Rusiya mənşəli olduğunu biliblər ki, bu gün də bu ideyanı özlərinki bilib uğrunda ölümə gedə bilmirlər".

Fuad Qəhrəmanlı hesab edir ki, bu adamlar belə asanlıqla həbs olunmaqla özləri ilə bərabər erməni cəmiyyətinə yoluxdurulmuş şovinist millətçiliyi də yerlə bir etdilər, onun nə qədər dəyərsiz olduğunu, öz həyatlarını ondan daha dəyərli, üstün tutduqlarını göstərdilər: "Bu "böyük Ermənistan" ideyasına da, "Artsaxa" da tüpürmək idi. Bu vəziyyət indi Nikol Paşinyanın işinə çox yarayacaq. O, indi erməni cəmiyyətini sərsəm iddialardan qurtarıb dünyaya daha rasional yanaşmağa, düşmənçiliyə, müharibəyə aparan təhlükəli ideyaların arxasınca sürünməməyə, bir daha Rusiyanın əlində qanlı bıçağa çevrilməməyə rahat bir şəkildə inandıra biləcək. Azərbaycana gəldikdə isə çalışmaq lazımdır ki, separatçıların liderlərinin məhkəməsi şəffaf və beynəlxalq medianın iştirakı ilə keçsin. Bu müharibə canilərinin ittihamı təkcə ədalət üçün lazım deyil. Bu, həm də dünyaya Rusiyanın dəstəyi və planları əsasında Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri qanlı cinayətləri öz dilləri ilə açıb göstərmək, baş verən tarixi faciəni beynəlxalq aləmə təqdim etmək və tarixə yazmaq üçün gərəkdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az