📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qaranlıqda işıqlar, torpaq Vətənə çevriləndə...

2022-10-11 23:20:00

Qaranlıqda işıqlar, torpaq Vətənə çevriləndə...

Çərşənbə günü səhər zəngindən sonra qəribə həyəcan boğur məni. Füzuli, Hadrut və Şuşaya səfər var, gedə bilirsən? İçimdə bir ağrı incidir məni, amma əmin səslə “bu dəfə gedəcəyəm” – deyib fikirlərə dalıram. 

Gün yetişir, cümə günü dan yeri söküləndə, Bakıdan yola düşürük. Qarabağ səni Qarabağa çatmamış qarşılayır, yol kənarından görünən şəhid məzarları, şəhidlərin şəkilləri olan lövhələrlə... Belə də olmalıdır, şəhidlər vurulanda yox, unudulanda ölürlər. 

Yaddaş dəyişkənliyi

Füzuli – yaddaşımda dünyanın ilk insan məskənlərindən Azıx mağarası ilə qalıb. Yaddaş yenilənib, artıq bu nəsnəylə yaşamıram. Çünki Vətən müharibəsində uğrunda ən çox şəhid verilən yer məhz Füzulidir, rayonun adı çəkiləndə ilk ağlıma artıq “Azıxantrop” gəlmir. Yol boyu o yerləri telefonun yaddaşına köçürdükcə, onun da yaddaşı “təzələnir”. İki ağrı bir-birini əvəz edir, fəqət iki il öncə Azərbaycan əsgərinin açdığı Qarabağ “düyün”ü ağrının dağ olmasına imkan vermir. Sanki məlhəm ələnir o ağrıya.

“İşğaldan azad olunmuş ərazilərə daxil olursunuz” bu yazını oxuduqca anlayırsan ki, tək ərazi alınmayıb, bir xalqın qüruru qaytarılıb, az qala əzilən ləyaqəti bərpa olunub. Məsafə qət etdikcə, ancaq bir şey düşünürsən, şəhidlərimiz, qazilərimiz bu amal uğrunda can veriblər, qan töküblər ki, üçrəngli bayrağınla məsud yaşasın o Vətən! Zəfərə gedən yol himnə çevrilsin. Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin yeni binası olacaq ərazidən ətrafa boylandıqca, Zəfərin gətirdiyi o gün, qarmaqarışıq anlar düşür yada.


“İki çay arası”

Füzulidən yollanırıq Hadrut Qovşaq Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinə. Avtobus tikilməkdə olan yolda qalxıb-düşdükcə, qırıq əlimin ağrısından dişimi sıxıram, səfərə yollanmamışdan dözəcəyimə söz vermişəm. Hadrut, iki çay arasında qaldığına görə ona belə ad verilib. Azərbaycan əsgərinin iki daş arasında qaldığı bir vaxtda Camal İsmayılov kimi oğullar Hadrutda bir güllə atmadan 1500 nəfərlik erməni briqadasını zərərsizləşdirib. Özü də erməni dilində “geri çəkilin” əmri ilə... 


Ayaqqabımın üstü Hadrutda sarı qum ilə batıb, mən onu təmizləməmişəm, sanki hələ də o müqəddəs torpağın üzərindəyəm. Üstündə rahat dayanaq deyə, nə qədər oğul torpağı Vətənə döndərdi. Hadrutun ən yaxşı yerlərinə yaşayıb ermənilər, əgər buna yaşamaq demək olarsa... Çünki qədəm qoyduqları yeri donuz yuvasına çevirən, insanlığa yaraşmayan davranışları, cinayətləri ilə yalnız şəninə murdarlıq yağdırır. 

Gizli musiqi ilə vəsf edilən diyar

Hadrutdan Şuşa boyu duman, sıldırım qayalar, təhlükəli və dolanbac yollar insanı bir qədər də həyəcanlandırır. 30 il əvvəl xəyanət nəticəsində uğursuzluqla bitən əməliyyatda ermənilərin Daşaltını ordumuz üçün “Qanlı Dərə” adlandırması, Milli Qəhrəman Riad Əhmədovun müəmmalı ölümü bir yara bağlayıb. Daşaltıdan keçəndə, bunları hiss etməyə bilmirsən. Lakin Azərbaycan Ordusunun intiqamı və geridönüşü möhtəşəm oldu. Əzəmətli, dilbər guşəyə tamaşa etdikcə, şanlı səhifə yazan Azərbaycan əsgərinin hansı çətinliklərə qatlaşdığını hiss edirsən. “Qırmızı qoftalı, yaşıl tumanlı” sözləri ilə bayrağımızın gizli musiqi ilə necə gözəl vəsf edildiyinə heyran qalmamaq olmur. Şuşa şəhərini əhatə edən qala divarları əsgərimiz tək məğrur və möhkəmdir. Göz oxşayan bu məkandan üz tuturuq Vaqifin məqbərəsinə. Maraqlıdır, şair sağ olsaydı, Vidadiyə ibrət dərsi üçün “Bax” rədifli qəzəlində “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!” deyərdimi?

Məqbərə ziyarətindən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinə, oradan da Bakıya qayıtmalıyıq. Qaranlıq, çiskinli yolda Şuşadan Füzuliyə düşəcəyik. Şam yeməyi üçün Əhmədbəylidə “Təbriz” restoranında ayaq saxlayırıq. Bu yerdə, “gün gələr, Təbrizdə “Qarabağ” restoranında səhər yeməyinə durarıq” pıçıltısı ilə işlək olmayan sol əlimlə yazını bitirirəm.



Zaur Zahidoğlu
Demokrat.az