📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qardaşımı öldürdülər” – Faciəvi şəkildə ölən mühəndisin bacısı

2026-11-10 21:39:48

“Qardaşımı öldürdülər” – Faciəvi şəkildə ölən mühəndisin bacısı

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda HABAŞ Dəmir və Polad Zavodunda baş verən partlayışda həlak olan 25 yaşlı mexaniki mühəndis Kadir Kaan Özçelikin bacısı Şevval Özçelik fabrik rəhbərliyinə qarşı ağır ittihamlar səsləndirib.

Hurriyyet.net  xəbər verir ki, 20 yaşlı Şevval qardaşının daha əvvəl də həmin müəssisədə xəsarət aldığını, lakin hadisə barədə şikayət etməməsi üçün təhdid edildiyini iddia edib.

İzmir Məhkəmə Tibbi Ekspertiza İnstitutunun qarşısında qardaşının nəşinin təhvil verilməsini gözləyən Şevval Özçelik bildirib ki, ailəyə Kadirin ölüm xəbəri vaxtında çatdırılmayıb. Onun sözlərinə görə, valideynləri övladlarının ölüm xəbərini yalnız saatlar sonra öyrəniblər.

“Anam və atam qardaşımın yasını belə saxlaya bilmirlər. Çünki qardaşım dünən saat 12:00-da şirkət rəhbərləri və digər məsul şəxslərin məsuliyyəti altında həyatını itirdi. Hələ kimin məsuliyyət daşıdığını belə bilmirəm. Qardaşım səhər saatlarında öldü, amma bizə onun öldüyünü demədilər”, – deyə o bildirib.

Ailələrin yaxınlarını tapmaq üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutuna yönləndirilməsinə də etiraz edən Şevval “Bunlar zibildirmi?” sualı ilə qəzəbini ifadə edib.

Şevvalın iddiasına görə, qardaşı fabrikdə cəmi üç ay işləyib. Həmin müddətdə müəssisədə daha əvvəl də partlayış baş verib və Kadirin əlləri yanaraq xəsarət alıb. Lakin o, hadisə ilə bağlı şikayət etməyə qorxudulub.

“Bu, ikinci partlayış idi. Birinci partlayışda bir nəfər öldü, amma hadisə böyümədi. Qardaşımın da əlləri əvvəllər bu iş yerində yanmışdı. Ətrafındakılar ona deyiblər ki, iş yerində qəza olduğunu bildirsən, səni işdən çıxaracaqlar. Həmçinin onu təhdid ediblər. O, müayinə üçün Menemen Dövlət Xəstəxanasına gedib, amma yenə də şikayət edə bilməyib. Bir həftə sonra işə qayıdıb”, – deyə Şevval bildirib.

O, qardaşının ölümündə məsuliyyəti olan hər kəsin cəzalandırılması üçün mübarizə aparacağını vurğulayıb: “Qardaşımı öldürməyə çalışıblar. Bunu cavabsız qoymayacağam. Rahat yatmayın. Əlimdən gələni edəcəyəm”.

Şevval qardaşının cəmi 25 yaşında olduğunu, subay olduğunu və noyabrın 16-da keçiriləcək ad günü münasibətilə ona hədiyyə almağı planlaşdırdığını da söyləyib. Onun sözlərinə görə, Kadir hadisə günü səhər bacısından saçını necə kəsdirmək istədiyini soruşub və yeni saç düzümünü axşam ona göstərməyi düşünürmüş.

“Ad günüm 16 noyabrda idi. Mənə hədiyyə alacaqdı. Bu səhər məndən saçını necə kəsdirmək istədiyini soruşdu. Təzə qırxmışdı, axşam mənə göstərəcəkdi. Bunu məndən aldınız. Ən az günahkardan ən çox günahkara qədər hər kəsi məsuliyyətə cəlb edəcəyəm”, – deyə o bildirib.

Hadisə ilə bağlı araşdırma davam edir. Şevval Özçelikin səsləndirdiyi ittihamların hüquqi qiyməti isə müvafiq istintaq çərçivəsində müəyyənləşdirilməlidir.