Qardaşının cəsədini gizlədib kartından pulları çıxaran qadın saxlanıldı
Yaponiyanın Hokkaydo adasındakı Otaru şəhərində qadın qardaşının meyitini gizlətməkdə şübhəli bilinərək təkrar saxlanılıb.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, o, daha əvvəl qardaşının bank hesabından pul çıxarmaqla bağlı araşdırmaya cəlb olunmuşdu.
Kişinin meyiti oktyabrın 7-də Mixara rayonunda yerləşən evin zirzəmisində aşkarlanıb. Məlum olub ki, meyit yorğana bükülərək iplə bağlanıb və anbarın qapısı kilidlənib. Həmin evdə kişi bacısı və atası ilə yaşayıb.
İstintaqın qənaətinə görə, meyit iyulun sonu – avqustun əvvəllərində zirzəmiyə yerləşdirilib və aşkarlanana qədər bir neçə ay orada qalıb.
Qadın ilk dəfə oktyabrın 11-də saxlanılıb. Polisin məlumatına görə, o, oktyabrın 4-də qardaşının bank kartından istifadə edərək Otarudakı poçt şöbəsindəki bankomatdan 200 min yen (təxminən 1 300 dollar) çıxarıb.
Hazırda polis qadının meyitin gizlədilməsində rolunu araşdırır. Hüquq-mühafizə orqanları atanın da dindirildiyini və onun meyitin daşınmasında iştirak edib-etmədiyinin yoxlanıldığını bildiriblər. Atanın saxlanılması barədə məlumat yoxdur.
Qeyd edək ki, kişinin ölüm səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı qətl ittihamı irəli sürülməsi barədə məlumat açıqlanmayıb.