Qaribaşvili Rusiyanın Gürcüstanla müharibəsində Saakaşvilini günahkar hesab edir
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş müharibənin məsuliyyətini həmin dövrdə ölkə Prezidenti olmuş Mixail Saakaşvili hökumətinin üzərinə qoyaraq, o dövrün iqtidarını müharibədən yayına bilməməkdə ittiham edib.
Qaribaşvili 2008-ci ildə həlak olmuş hərbçilərin məzarlarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib: “Əlbəttə ki, bu, bəladır, faciədir, müharibə əvvəlki hakimiyyətin dövründə baş verib. Həmin hakimiyyət ölkəmizin bu müharibədən yayınması üçün heç nə etməyib”.
Qaribaşvili Saakaşvili hökumətinin avqust müharibəsi dövrünəki davranışını rəzalət adlandırıb: “Bizim hərbi qəhrəmanlarımız canlarını fəda elədiyi, böyük qəhrəmanlıq göstərdiyi, xalqımıza və gələcək nəsillərimizə şücaət nümunələri qoyub getdikləri zamanda biz keçmiş baş komandanın (Saakaşvilinin – red.) biabırçı hərəkətlərini görürdük. Qalstuk çeynəməsi, təyyarədən qaçış, yerə düşmə halları sizin xatirinizdədir”.
Jurnalistlərin “əvvəlki hakimiyyətin münaqişədən qaça bilmədikləri üçün niyə günahkar olduğu” sualının cavabında Qaribaşvili deyib ki, bu məsələ ilə bağlı onda çox informasiya var, lakin ölkənin imicinin qayğısına qaldığı üçün bu barədə danışa bilməz.
Hürr Tərcüman