Qayınanasını, baldızını da aldadan şəxsin işi: “Bahalı maşın sürürdü, bahalı geyim geyinirdi” - TƏFƏRRÜAT
Bakıda külli miqdarda dələduzluqda ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması keçirilib. Onun aldatdığı şəxslər arasında qaynı, qayınanası, baldızı və digər yaxın qohumları da var. Bahalı maşın sürən, bahalı geyimlər geyinən bu şəxs insanların etimadını belə qazanıb.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elgün Ağasizadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elgün Ağasizadə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elgün Ağasizadə nə edib?
Uzun müddət “Şərq bazarın”da tikinti materiallarının satışı ilə məşğul olan Elgün Ağasizadə yaxınlarının və tanışlarının diqqətini bahalı maşın sürməyi, bahalı geyimlər geyinməyi, bahalı siqaret çəkməyi, bir sözlə bahalı həyat yaşaması ilə çəkib.
E.Ağasizadə İrandan mərmər-qranit gətirərək yaxşı qazanc əldə etmək adı ilə insanları aldadıb. Onlara aylıq qazanc vəd edərək maraqlarını bu işə yönəldib.
Onun aldatdığı şəxslər arasında həyat yoldaşının anası, xalaları, qaynı və həyat yoldaşının digər qohumları da var.
Onlardan yalnız qayınanası Məhbubədən pensiya düzəltmək adı ilə 3 min manat pul alıb. Digər şəxslərdən isə iş qurmaq, aylıq qazanc vermək adı ilə pul alıb.
Pul aldığı şəxslərə 2-3 ay qazanc versə də sonradan pandemiya ilə bağlı işlərin yaxşı getmədiyini deyib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Elgün daha əvvəldən pul aldığı şəxslərin borcunu qaytarmaq üçün qohumlarından pul alıb. Həmin pulların əsas hissəsini borclarına verib. Bir hisəsi ilə isə pul aldığı qohumlara qazanc verib.
Maraqlıdır ki, Elgün Ağasızdə başqa şəxslərdən pul aldığını etiraf etsə də həyat yoldaşının qohumlarından pul almadığını, onlara borclu olmadığını deyib.
İstintaq zamanı müəyyən edilib ki, Elgünə inanan şəxslər arasında banka evini girov qoyub pul alan, maşınını satan, başqa şəxslərdən borc alanlar da var.
Məhkəmədə dindirilən şahidlərin və zərərçəkmişlərin dediklərindən məlum olub ki, Elgün pul istədiyi hər şəxsə biznesinə şərik edəcəyi vədini verib.
Borc aldığı şəxslər pulu tələb edəndə Elgün deyirmiş ki, İranda olan Rauf adlı şəxsə pul verib, amma geri ala bilmir.
Onun həyat yoldaşı ifadə verən zaman bunları deyib: “2019-cu ilin mayından Elgünün həyat tərzində dəyişiklik başladı. Özünə bahalı paltarlar alırdı, bahalı siqaretlər çəkirdi, bahalı həyat tərzi keçirirdi. Elgünün davranışından şübhələndim. 2020-ci il avqust ayında ondan təkidlə Rauf adlı şəxsin telefon nömrəsini istədim, kim olduğunu soruşdum. Elgün məni aldadıb bir nömrə verdi. Amma həmin nömrəyə zəng çatmırdı. Elgünün anasından, atasından Rauf adlı şəxsi soruşdum. Elgün deyirdi ki, Rauf atasının dostudur. Amma atası dedi ki, Rauf adlı şəxs tanımır. Məlum oldu ki, Elgün hamını aldadıb, pullarını ələ keçirib”.
Məhkəmə Elgün Ağasizadənin dələduzluq əməllərinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyi qənaətinə gəlib və onun barəsində hökm çıxarıb.