Qazaxdakı faciə həyəcan təbili çaldı: Sürücülərə ciddi xəbərdarlıq
Qazaxda baş verən və insan tələfatı ilə nəticələnən yol qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarə sürücüləri yollarda daha diqqətli olmağa, müəyyən edilmiş sürət həddinə, ötmə və manevr qaydalarına ciddi əməl etməyə çağırıb.
Müraciətdə bildirilib ki, sürücünün sükan arxasında verdiyi qərar təkcə özünün deyil, avtomobildəki sərnişinlərin və qarşıdan gələn nəqliyyat vasitələrində olan insanların da taleyinə təsir edə bilər.
Qeyd olunub ki, “Avtomobil mənimdir, necə istəyirəm, elə də sürərəm” düşüncəsi yolda digər insanların həyatını təhlükəyə atır:
“Avtomobil sizə məxsusdur. Yol isə hamımızındır. Yol yarış yeri deyil”.
BDYPİ sürücülərə ötmə manevri zamanı təhlükəsizliyə əmin olmadıqları halda gözləməyi tövsiyə edib. Vurğulanıb ki, bir neçə saniyə gözləmək insan həyatını xilas edə bilər.
İdarə Qazaxda baş verən qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alan sərnişinə şəfa diləyib.