📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qazaxıstan bundan sonra əvvəlki kimi idarə olunmayacaq" - QUBAD İBADOĞLU

2022-01-07 11:07:00

"Tokayev Putinin qarşısında əyilə-əyilə, xalqın qarşısında isə qorxa-qorxa qalacaq və çox keçmədən qazax xalqı ilk fürsətdə yeni inqilabi dəyişiklər üçün ayaqda olacaq"

"Qazaxıstan hadisələrinə münasibətdə ən çox fərqlənən mövqelər baş vermiş olayın əvvəlcədən planlaşdırılması, yoxsa spontan (kortəbii) baş verməsidir. Planlaşdırma mövqeyinin tərəfdarları əsasən Rusiyaya, bir qismi isə Qərbə müəlliflik hüququ verir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğluya məxsusdur.

Partiya sədri hesab edir ki, Qərb Mərkəzi Asiyada təhlükəsizlik müstəvisində Rusiya və iqtisadi sahədə isə Çinlə rəqabət aparmaq üçün resurslara malik deyil: "Odur ki, bu mövqeni müzakirə üçün də diqqətə layiq bilmirəm. Rusiyaya gəlincə, hesab edirəm ki, bəziləri bu ölkənin adını ən azı iki məqsədlə hallandırırlar. Birincisi, Rusiyanı böyütmək və fövqal güc kimi göstərmək, ikincisi isə Azərbaycanda etiraz əhval ruhiyyəsində olan xalqı niyyətlərindən çəkindirmək. Təbii ki, hər iki məsələ Azərbaycanda hazırkı iqtidarın marağındadır".

Qubad İbadoğlunun fikrincə, Qazaxıstan hadisələri spontan baş verib: "Birincisi, bölgəni yaxşı tanıyanlardan biri kimi deyə bilərəm ki, Qazaxıstan Rusiyanın bütün layihələrində (KTMT, Aİ, hətta Sempilatinsk kosmodromu və sair) aparıcı mövqeyi ilə seçilib. Nazarbayev-Tokayev hökuməti Çinə münasibətdə ehtiyatlı mövqeyi ilə fərqlənsə də, Rusiya münasibətdə dəstəkləyici rolunda çıxış edib. İkincisi, Qazaxıstandakı hazırkı status-kvo Rusiya üçün də arzuolunmaz situasiya yarada bilər. Çünki Qazaxıstan kimi böyük iqtisadiyyata və Mərkəzi Asiyada aparıcı rola malik olan ölkədə anti-rus əhval ruhiyyəsinin yaranması Rusiya üçün yeni risklər yaradır, daxildə mərkəzdən qaçma qüvvələrini aktivləşdirir. Putin indiki mürəkkəb situasiyada ağrımayan başına dəsmal bağlamazdı. Nəhayət, onu da demək istərdim ki, Tokayevin davranışlarının təhlili də deyilənləri təsdiq edir. Belə ki, ilkin mərhələdə kompromislərə meylli olan, hətta Nazarbayevi belə vəzifəsindən kənarlaşdıran prezident sonradan Rusiya və Belarusdan aldığı siyasi-hərbi dəstəkdən "cəsarətlənərək" nümayişçiləri terrorçular adlandırdı və əslində Tokayev KTMT-i ölkəsinə dəvət etməklə Qazaxıstanın müstəqillik tarixində ölkəsi üçün ən pis olan varinatı seçdi. Bu da onun xaraktercə qorxaqlığından və siyasi cəhətdən də xalqdan güc almamasından irəli gəlirdi".

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri onu da əlavə edib ki, bundan sonra Qazaxıstan əvvəlki kimi idarə olunmayacaq: "Tokayev Putinin qarşısında əyilə-əyilə, xalqın qarşısında isə qorxa-qorxa qalacaq və çox keçmədən qazax xalqı ilk fürsətdə yeni inqilabi dəyişiklər üçün ayaqda olacaq. Qazax və qırğızları yaxşı tanıyanlardan biri kimi bunu əminliklə deyə bilərəm, onlar uzunmüddət dözüm numayiş etdirsələr də ilk etirazdan sonra onlarla hesablaşmayan iqtidarın hakimiyyətdə qalmasına imkan vermirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az