"Qazaxıstan proseslərinin arxasından Rusiya-Çin rəqabəti çıxarsa buna təəccüblənmək lazım deyil" - NAZİM CƏFƏRSOY
"Dövlətə xəyanətlə ittiham edilib həbs edilən Kərim Məsimov uyğur mənşəli, Çində təhsil görmüş və işləmiş, Çinlə münasibətlərə xüsusi önəm verən bir siyasətçidir"
"Qazaxıstandakı hadisələrin Elbaşı Nursultan Nazarbayevin səhhətində yaranan və həyati funksiyalarının normal davam etməsinə imkan verməyəcək qədər ciddi problemlər səbəbiylə olması ehtimalı yüksəkdir. Sanki Elbaşının sağlıq durumu anidən çox pisləşincə iqtidara iddiası olan və sistemdə ciddi imkanları olan digər iddiaçılar (həbs edilən vəzifəli şəxslər) hakimiyyəti ələ keçirmək istəyiblər, ancaq böhran vəziyyətində prezident Comərd Tokayev Rusiyanın KTMT üzərindən dəstəyi ilə vəziyyəti stabilləşdirib". Hurriyyet.az-ın məlumatına görə, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy bildirib.
QAFSAM-ın sədr müavininin fikrincə, Nazarbayevin həm böhran sırası, həm də sonrasında canlı olaraq qazax xalqına müraciət etməməsi bununla da izah oluna bilər: "Yəqin önümüzdəki dövrdə gələcək rəsmi açıqlamalarla bunu aydın görəcəyik. Bu arada, Qazaxıstan proseslərinin arxasından dolaylı bir Rusiya-Çin rəqabəti də çıxarsa buna təəccüblənmək lazım deyil. Maraqlıdır ki, dövlətə xəyanətlə ittiham edilib həbs edilən Kərim Məsimov uyğur mənşəli, Çində təhsil görmüş və işləmiş, Honkonqda işləmiş, Çin eksperti sayılan və Çinlə münasibətlərə müqayisəli olaraq xüsusi önəm verən bir siyasətçidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az