📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan səfiri azərbaycanlı ekspertlərlə görüşdü

2026-11-06 11:41:43

Qazaxıstan səfiri azərbaycanlı ekspertlərlə görüşdü

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel noyabrın 5-də bir qrup azərbaycanlı ekspertlə görüşüb.

Hurriyyet.net  xəbər verir ki, bu barədə səfirlikdə görüşdə iştirak edən politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, səfirlə görüşdə müxtəlif mövzularda fikir mübadiləsi aparılıb. Görüşdə ticarət əlaqələrindən tutmuş, təhsil və enerji əməkdaşlığına qədər müxtəlif mövzular müzakirə olundu, səfirə suallar verilib: “Səfir iki ölkə arasında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin fəaliyyətə başlamasının əhəmiyyətini vurğuladı. Növbədə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında "yaşıl enerji"nin istehsalı və Avropaya ötürülməsi gəlir. Buna baxmayaraq, görüşdə iki tərəfdaş ölkə arasında ticarət əlaqələrinin istənilən səviyyədə olmadığı vurğulandı. Ekspertləri ən çox maraqlandıran suallardan biri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatına Rusiyanın daxil edilməsini səsləndirməsiylə əlaqəli idi. Alim Bayel ötən dəfəki görüşdə söylədiyi kimi, tələbəlikdən ən böyük arzusunun Türk Dövlətlərinin bir təşkilatda birləşməsi olduğunu xatırladaraq ölkəsinin mövcud reallıqlarını da diqqətə alınması zərurətini bildirdi. Qazaxıstanın Rusiya isə minlərlə kilometr sərhədi olduğunu deyən səfir ölkəsinin balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini söylədi.

Səfir Qazaxıstan Prezidentinin təklifinin Rusiyanın şərti adı “TDT+” daxil edilməsi olduğunu bildirdi. Cənab səfir, mövzunun davamında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Gürşad Zorlunun mövqeyini xatırlatdı. Gürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırmışdı: “Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir”. Bundan başqa Gürşad Zorlu Rusiyanın Rusiyanın 2015-ci ildə Altay, Tuva, Çuvaş, Başqırdıstan,Yakut və Tatarıstan bölgələrinin TÜRKSOY-a fəaliyyətlərini dondurmasıyla bağlı qərarını da xatırlatmışdı. Yəni rəsmi Ankara Rusiyanın Türk Dövlətləri Təşkiulatına üzvlüyünün mümkün olmadığını eyham vurmuşdu”.

E.Şahinoğlu qeyd edib ki, bu görüşdən gəldiyi digər qənaət bundan ibarət oldu ki, Türkiyə-Azərbaycan münasibətlərindəki son durum Qazaxıstanı da ciddi şəkildə narahat edir və Astana böhranın qısa müddətdə aradan qaldırılmasında maraqlıdır: “Əks halda Türkiyə-Azərbaycan münasibətlərindəki bohrandan öz məqsədləri üçün istifadə etmək istəyən ölkələr faydalanacaqlar. Qazaxıstanın səfirinin də bu fikiri bölüşdüyü görüşdə aydın oldu”.