"Qazilər, şəhid ailələri ilə bağlı ayrıca dövlət qurumunun yaradılması heç nəyi dəyişməyəcək" - ŞAHİN CƏFƏRLİ
"Problemlərin uzunmüddətli və təməldən həlli yolu bütün dövlət sisteminin kardinal yenilənməsindən keçir"
"Azərbaycanda dövlət sistemi insana xidmət fəlsəfəsi əsasında qurulmayıb. Bundan bütün vətəndaşlar kimi, savaş qaziləri də nəsibini alır. Heç bir dövlət məmuru səhər yuxudan oyananda "gedim bu gün qaziləri və digər vətəndaşları əzim, gəlim" demir, sadəcə olaraq, sistemin mahiyyəti budur, o, bu cür proqramlaşdırılıb". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
Siyasi şərhçi hesab edir ki, elə buna görə də bəzi dostların təklif etdiyi kimi, qazilərin, şəhid ailələrinin məsələləri üzrə ayrıca dövlət qurumunun yaradılması heç nəyi dəyişməyəcək: "Azərbaycanda yeni rəsmi qurumların yaradılması ilə problemlərin həll olunmadığını, əksinə, dövlət orqanlarının fəaliyyətinə xas əyintilərin, eybəcərliklərin həmin yeni quruma da sirayət etdiyini dəfələrlə görüb, sınaqdan keçirmişik. Problemlərin uzunmüddətli və təməldən həlli yolu bütün dövlət sisteminin kardinal yenilənməsindən keçir. Lakin bunu etməyəcəklərini bilirik. Vətəndaş aktivliyi və hüquqlar uğrunda mübarizə olmadan heç nə dəyişməyəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az