📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qədimi hamam zibil içindədir, tariximiz məhv olur” - Binəqədidəki hamamın acınacaqlı vəziyyəti

2022-03-15 00:14:00

“Qədimi hamam zibil içindədir, tariximiz məhv olur” - Binəqədidəki hamamın acınacaqlı vəziyyəti

“Hacı Əmrah babam Həcc ziyarətində olanda niyyət edib ki, sağ-salamat qayıtsam, gəlib kənddə camaat üçün hamam tikdirəcəyəm. Babam hamamı 1915-ci ildə inşa etdirib. Hamam 1980-ci illərin sonuna qədər fəaliyyət göstərib. Tək günlər qadın və uşaqlar, cüt günlər isə kişilər hamama gəlirmiş. 6 və bazar günləri isə hərbçilər, əsgərlər gəlib hamamdan istifadə ediblər”.

Bunu Moderator.az-a açıqlamasında Binəqədi kənd sakini Əmrah İsayev bildirib. Saytımıza açıqlama verən kənd sakini uzun illər öncə babasının tikdirdiyi, Ramazanov küçəsində yerləşən və el arasında “Hacı Əmrah” adı ilə məşhurlaşan hamamın acınacaqlı vəziyyətindən danışıb.

“Hamam uzun illərdir ki, baxımsız vəziyyətdədir, içərisi daş-kəsəklə doludur. Heç kim gəlib maraqlanmır, göz görə-görə tariximiz məhv olur. Aidiyyatı qurumların hamısına müraciət etmişik, amma heç bir cavab gəlməyib. Elə deyiblər ki, gəlib baxacağıq. Elə də olub. Gəlib baxıb gediblər. Hamamın üstündə bir lövhə var və orada yazılıb ki, abidə aidiyyatı qurumlar tərəfindən “qorunur”. Heç olmasa üstündəki yazıdan utansınlar.

Sonuncu dəfə oktyabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirmişdilər ki, hamam bərpa edilməsi üçün investisiya planına salınıb. Amma 6 aydır ki, bir xəbər yoxdur. Yaxşı olar ki, gəlib hamamı təmir etsinlər. Vallah imkanım olsaydı heç kimə ağız açmazdım, özüm təmir etdirərdim. Çünki bu hamam babamdan yadigar qalıb, tariximizdir” deyə Əmrah İsayev bildirib.

Ümid edək ki, qədim hamam bərpa olunacaq. Mədəni abidələrimizi qorumaq elə tariximizi qorumaq deməkdir. Məsələni davam etdirəcəyik.

Mənbə: Moderator.az