📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qələbə arxayın oturmaq deyil, işin çətini qabaqdadır

2021-12-14 14:21:00

Qələbə arxayın oturmaq deyil, işin çətini qabaqdadır

Azərbaycanda yırtıcı zümrənin bütün nümayəndələri bir-biriləri ilə bağlıdırlar

...Fatma Abdullazadə, Əli Həsənov, ya da Ramiz Mehdiyevin “kardinal” mantiyası altında cəm olmuş subyektlər xalqın mənəvi aləminin paklığı uğrunda mübarizə aparacaqdılar?

Birinci Qarabağ müharibəsindən sonra şikayətlərlə qapılara düşən yaralıların, əlillərin əksəriyyəti bu sözləri eşidirdi: “Səni Qarabağa mən göndərmişdim? Ağlın olaydı getməyəydin!”  İllər ərzində elə informasiya kanalı olmadı ki, orada bu azğınlıqdan söhbət getməsin. Günahkara güldən ağır söz deyən olmayıb. Hansı məmurun atasını arxasına şələləyiblər? Heç birisinin! Halbuku indi bəyənmədiyimiz Stalin diktaturası zamanı, ya da Xruşşovun vaxtında cəbhəçinin könlünə dəyən məmurun başına itin oyununu açırdılar.

İndi bəzi sadəlövhlər fikirləşəcəklər ki, bu qələbədən sonra hər şey dəyişiləcək! Xam xəyaldır! Mən millətimi yaxşı tanıyıram, bir azdan eyforiya keçəcək, cəzasızlıq mühitində tam azğınlaşmış məmurlar qolların çırmalayıb qarətə davam edəcəklər. Bizim haramzada təbəqənin sələflərinə nə etdilər ki?

Tutulanların bəziləri bir az məhbəsdə yeyib-içib, yaxşı şəraitli kameralarda istədikləri teleproqramlara baxıb günləri, həftələri ötürəcək və üç-dörd ildən sonra hansısa yubiley naminə rahatca azadlığa çıxacaqlar. Vay şərlənmiş, dad-fəryadı heç yerə çatmayan kimsəsiz məhbusların, kasıbların halına.

Məsuliyyətə cəlb olunanlar da heç nədən, heç kimdən çəkinmirlər, astronomik məbləğlər yerəbəyer edilib, gözəgəlimli obyektlər, mülklər cici-bacıların adlarına keçirilib. Yenə də deyirəm, Azərbaycanda yırtıcı zümrənin bütün nümayəndələri ellik zəmanətə bir-biriləri ilə bağlıdırlar. Bu bəlanı ortadan götürmək üçün heç kimlə hesablaşmadan, heç kimə hesabat vermədən amansız cərrahiyyə əməliyyatı keçirmək vacibdir! Bunu da bizim iqtidar etməyəcək, çünki müzəffər Prezidentin yanında tam arxalana biləcəyi fədakar kadrlar yoxdur.

...Adamda bəzən belə təəssürat yaranır ki, ölkəmiz anormal bir fantasmaqoriyadır. Görəsən hansı pak insanların duaları qəbuli–dərgah olubdur ki, biz hələ xəritədən silinməmişik. Fikir verin, bir tərəfdə Polad kimi igid general əlindən gələni əsgərləri üçün edir, hamının məhəbbətini qazanır və şəhadətə çatır... Bütün xalq təziyədara dönür... O yanda isə başqa bir general həlak olmuş əsgərlərimizin bədənlərini dərəyə tökməyi əmr edir. Mühüm vəzifə tutmuş bu nakəs daha o sirrimiz qalmır ki, düşmənlərimizə verməsin. Mətbuatda bir az səs-küy qalxır və sonra hər şey unudulur. Nəyiksə, buyuq! Bir tərəfdə dərddən az qala havalanmış ana ailənin yeganə oğlunun nəşi üzərində saç yolur, o yanda isə bir milyona kabab yeyən bicbala xarici otellərdə kefə baxır....

Təzə şakər tapıblar, yerindən duran millətə öyüd-nəsihət verir, ona irad tutur. Niyə, nə üçün? İki əsrdən çox vaxt ərzində bu zavallı xalq dünyanın ən müdhiş ideologiyası sayılan Moskva-Kommunist velikorus ideologiyasının qarşısında duruş gətirə bildisə, ona təzim etmək lazımdır.

...Əsrin əvvəlində baş verənləri xatırlayın. Bakıda, Gəncədə, Şamaxıda, digər mahallarda on minlərlə müsəlman qətlə yetirildi. Qatillər kimlər idi? “İnqilabçı” rus matrosları, bolşeviklərin rus fəhlələrindən təşkil etdikləri silahlı bandalar. Mən bizim manqurt dəstəsindən, Əliheydər Qarayevdən tutmuş Qəzənfər Musabəyov kimi cəhənnəm zəbanələrindən danışmıram. Bu barədə çox deyilib, çox yazılıb. Öz xalqına qənim kəsilənlərin bir qismi sonralar cəhənnəmlik oldusa, amma əsl qaniçən “fürerləri” bütə döndərdilər. Simasız xələfləri tərəfindən təriflənib ağac başına çıxarılan şairlər, yazıçılar, “alimlər” daha o tərif qalmadı ki, Şaumyanların, Kirovların Orjonkidzelərin, türk-islam dünyasının ən mənfur düşməni Leninin üzərinə yağdırmasınlar. İllər boyu millətin şüurunu zəhərləyib ona naqislik sindromu təlqin edə bildilər. Yəni sən heç nəsən, rus olmasaydı, sən indiyə qədər alaçıqda yaşayacaq, yaxşı ilə pisi ayıra bilməyəcəkdin. Sənin  kübarın da olmayıb, şahların, xanların, əmirlərin, din xadimlərin, irticaçı, əxlaqsız, vampir xislətli məxluq olublar. XI ordu gəlməsəydi sən ağ günə çıxmayacaqdın, indiyə qədər Azərbaycana ayaq qoyan istər ərəb olsun, istərsə də türk, ya da iranlı, xülasə, hamı işğalçı olub, bir rusdan başqa.

Müstəqil də olduq, di gəl naqislik sindromu beynimizdən çıxmadı ki, çıxmadı. Hələ də canımızda qorxu qalıb! Niyə də qorxmayaq? Fikir verin ölkənin ideoloji sahəsi kimlərə etibar edilmişdi. Fatma Abdullazadə, Əli Həsənov, ya da Ramiz Mehdiyevin “kardinal” mantiyası altında cəm olmuş subyektlər xalqın mənəvi aləminin paklığı uğrunda mübarizə aparacaqdılar?

Bunların dini, imanı, qibləgahı pul idi. Vaxtilə Misir Mərdanovun “şücaətləri” sayəsində maarif işimiz bir əsr arxaya atıldısa, Əbülfəz Qarayevin ağalığı dövründə mədəniyyətimiz, maşallah, yavaş-yavaş poleolit zamanına üz tutdu.

Əbülfəz Qarayevin iyirmi milyondan çox vəsaiti “sərnigun” etməsi və yavaşca qırağa çəkilməsi nəyə desəniz dəyər.

Sovet hakimiyyəti dövründə canla-başla kommunist diktaturasına qulluq edib, hər cür ənamlar almış, bütün tariximizi qəsdən çirkaba batırmış, hamıya da vətənpərvər kimi sırınmış “müstəmləkə şairlərinin” şeirlərini yenidən dövriyyəyə buraxmaq nə deməkdir? Axı hamımız bilirik ki, ikinci dünya müharibəsini qızışdıran hansı qüvvələr idi. Mahatma Qandi demişkən, iki iblis vuruşdu və milyonlarla insan məhv edildi. Diktator Stalinin əmri ilə müttəfiq respublika sayılan Azərbaycan da səfərbər olundu. Neftçilərimiz Rusiyanı hərbi katastrofadan xilas etmək naminə sutkada on iki saatdan on beş saata qədər  işləyirdilər. 1945-1946-cı illərdə kolxozçu qadınların əksəriyyətinin tarlalarda, çöl işlərində ayaqyalın, nimdaş, çox yeri yamaqlı paltarlarda işlədiklərini gözümlə görmüşəm. Orduda azğın rus zabitlərinin ayrı-seçkilik etmələri, azərbaycanlı əsgərlərlə təhqiramiz rəftarı barədə yazmışdım.

...Vətənpərvərlik məsələlərindən söhbət gedir, özünü publisist sayan bizim bir ayran vətənpərvəri televizora çıxıb S. Vurğunun 1941-ci ildə yazdığı bir şeiri söyləyir:

  • Bilsin ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm mən də bu gündən!

Bizim savaş müqəddəs müharibə idi! Tariximizdə hələ belə milli birlik müşahidə olunmamışdı. Bizə tamamilə yad olan bir müharibədə müstəmləkə şairinin yazdığı şeir əsl təbəəçiliyin, lakeyliyin parlaq nümunəsidir. Ayıbdır ağalar! Yenə də deyirəm, 44 gündə baş verən vaqiə müqəddəs Vətən müharibəsi, milli cihad idi. Bu mövzuda danışmaq üçün əvvəl dəstəmaz almaq lazımdır. Vaxtilə ölkəmizi qana qərq etmiş qatil komissarlara, Stalinə sidq-dillə məhəbbətini izhar etmiş, Əhməd Cavada, Hüseyn Cavidə xalq düşməni demiş Səməd Vurğunun şeirlərini səsləndirmək əsl zinakarlıqdır. Allaha şükürlər olsun ki, şairlərimizn indiki nəsli hər cəhətdən götürsək Səməd Vurğundan səmimiyyətdə də, ustalıqda da qat-qat üstündürlər.

Vətən, millət üçün bu qədər ürəyiniz yanırsa, onda öyrənin, görün Üzeyir bəyin niyə ondan çox əsəri marşı, kantatası heç yerdə eşidilmir? Mən təxminən bir-iki il bundan əvvəl bu sualın cavabını özüm vermişdim. İqtidarı ideoloji sahədə zəiflədən naqislər ittihamlarıma cavab verə bilmədilər.

Dəfələrlə yazmışam, soruşmuşam, niyə bu boyda rəssam ordusu batal janrda məhz bizim igidlərin şücaətlərini vəsf edən bir tablo, ya abırlı bor plakat ortaya qoymayıb?

...Şəhidlərin portretləri ilə şəhərin mərkəzində əzəmətli, həm də hüznlü yürüş keçirilir. Öndə müzəffər Prezidentimiz və hamının məhəbbətini qazanmış birinci xanım addımlayır. Bakı tarixində qəlbləri ehtizaza gətirən belə yürüş görməmişdi. İmkan daxilində bütün KİV-i nəzərdən keçirtdim, Moskva irticasına qulluq eləmiş dədələrin indi yağ-bal içində yaşayan xələflərinin birinin cınqırı da çıxmadı. Bu gözlənilən idi. Millətin belə oyanışı, belə mənəvi intibah bunların ürəyincə deyildi.

Firuz HAŞIMOV