📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qərb demokratiyaları mükəmməl bir tələyə düşüb" - İLQAR MƏMMƏDOV

2024-03-19 11:35:33

"Hələ köhnə axarla "iqlim-karbon" deyə-deyə uçuruma yürüyürlər"

"İqlim söhbəti təzə başlayanda Qərbdən geridə qalmış ölkələr ona tənqidi baxırdı. Çünki hesab edirdilər ki, bu hiyləgər gündəm yaxın gələcəkdə Qərb iqtisadiyyatının rəqabət gücünü qorumaq üçündür. Amma indi Çinin, Rusiyanın və digərlərinin iqtisadiyyatına hərəkət verən əsas amil məhz iqlimçilik və onun fəsadarıdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.

Partiya sədri qeyd edib ki, Qərb iqtisadi rəqabətdə bu ölkələrə, əsasən də Çinə uduzur: "Rusiya isə sanksiyalara sinə gərə bilir. Beləcə, "iqlim elmi" kimi tanıdığımız o neo-kommunist totalitar ideologiya Qərb ölkələrinin başqa bir nişanəsi olan demokratik sistemə də güvəni məhv etməkdədir. Yəqin vaxtında Çin və Rusiya fikirləşiblər ki, ağılsızlığı məğlub etmək çətindirsə, gəl onun başında duraq. Elə də etdilər. İkisi də indi mövzunun bayraqdarıdır. Üstəgəl, əla elmi infrastruktura malik olaraq, lazım gəlsə bu iqlim fırıldaqçılığını ifşa da edə bilərlər".

İlqar Məmmədovun sözlərinə görə, Qərb demokratiyaları mükəmməl bir tələyə düşüblər və ordan necə çıxacaqları aydın deyil: "Hələ köhnə axarla "iqlim-karbon" deyə-deyə uçuruma yürüyürlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az