Qərb Ermənistanı Azərbaycanla NÖVBƏTİ SAVAŞA SÜRÜKLƏYİR
Məhəmməd Əsədullazadə: "Ermənistanın təklifləri sülhdən yayınmağa və Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmağa hesablanıb"
Zaur Məmmədov: "Paris və İrəvan hücum xarakterli silahları Zəngəzura doldurmağı planlaşdırır ki, bununla da Fransa ATƏT, NATO və Avropa İttifaqı qanunlarını kobud şəkildə pozur"
Elxan Şahinoğlu: "Əgər bu dəfə fə Fransanın hərbi texnikası Gürcüstan vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində Tiflislə tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq"
Kənan Novruzov: "Ermənistandan maşa kimi istifadə edən güclərin ondan asanlıqla əl çəkəcəkləri ağlabatan görünmür"
Bugünlərdə Fransanın "Arquus" qrupunun istehsalı olan "Bastion" tipli 24 zirehli texnika Ermənistana göndərilib. Həmçinin, siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək. Bildirilir ki, Ermənistan bu yaxınlarda "Thales"dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.
Onu da nəzərinizə çatdıraq ki, erməni mediasının məlumatına görə, Fransa Senatı tez bir zamanda Ermənistana "Sezar" özüyeriyən artilleriyasının tədarükü məsələsinə baxmağa çağırıb: "Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı fərq, əslində Ukraynadakı müharibənin göstərdiyi kimi, o qədər də praktik deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik".
Bu arada, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə bəyan edib ki, Qərbdən, xüsusən də onun Cənubi Qafqazdakı fəaliyyətindən yaxşı heç nə gözləməyə dəyməz: "Görürük ki, hazırda Fransa Ermənistana hərbi texnika verir, silah vermək niyyətindədir, Böyük Britaniya ilə də bəzi razılaşmalar var. Onlar sadəcə yaşamaq üçün pul versəydilər, eybi yox. Amma silah verirlər. Sual budur: onlar nə üçün silahla təmin edirlər? Qərb bunu regionda eskalasiya və gərginliyi artırmaq üçün edir". Kalaşnikovun fikrincə, Qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir: "Onlar üçün bu gün Rusiyanın ətrafında yandırmaq istədikləri bir neçə "qaynar nöqtə" var. Son illərdə Ermənistan və Azərbaycan sərhədləri boyunca Qərbin düşməni olan İrandır. Və bu gün Ermənistan vasitəsilə Qərbin Rusiya və İranı müşahidə etmək imkanı var. Ona görə də Ermənistanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir. Bu vəziyyətdə Ermənistan Rusiyaya və İrana qarşı alət kimi çıxış edir. Ermənistan üçün Ukrayna ssenarisinin variantı hazırlanır. Ermənilər başa düşməlidirlər ki, onların nə Avropa Birliyi ölkələri ilə, nə də ABŞ ilə sərhədləri var ki, bir növ bu kartı oynamağa cəhd etsinlər. Sadəcə olaraq bu cür hərəkətləri ilə dövlətlərini böyük təhlükə qarşısında qoyurlar. Onları dərhal dayandırmaq lazımdır".
"Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı bütün təlimatları Qərbdən alır"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, hazırda Ermənistan hakimiyyəti həm sülh, həm də düşmənçilik siyasətini paralel şəkildə davam etdirir: "Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlılarla ermənilərin birgə yaşayışından danışıb, hətta azərbaycanlıların Ermənistana qayıdışının mümkünlüyünü vurğulayıb. Digər tərəfdən isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin konfransında Azərbaycana qarşı düşmənçilikdən, etnik təmizləmədən, Azərbaycanın Ermənistana qarşı "təcavüz" siyasətindən danışıb. Göründüyü kimi, Ermənistan rəsmiləri bir tərəfdən sülhdən dəm vurur, bir tərəfdən də beynəlxalq müstəvidə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirirlər".
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərinə də toxunan politoloqun sözlərinə görə, Vaşinqtonda keçirilən danışıqlarda İrəvana Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Rusiyanın orbitindən çıxmaq istiqamətində təlimatlar verilib. Məhəmməd Əsədullazadə əlavə edib ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı bütün təlimatları Qərbdən alır: "Ermənistan tərəfi Azərbaycana 6-cı dəfə sülh təkliflərini göndərib və cavab almadıqlarını vurğulayıb. Azərbaycanın təklifinə iki aydan sonra cavab verən İrəvanın təkliflər göndərməsi və cavab gözləməsi manipulyasiya siyasətinin bariz nümunəsidir. Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb və məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır".
Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Avropa İttifaqı və ABŞ-a arxalanan Nikol Paşinyan Azərbaycanla bərabər şəkildə sülh müqaviləsinin bağlanmasında maraqlıdır: "Ermənistan təklif edir ki, anklavlarla məsələ barter şəklində həll edilsin, qoşunlar "güzgü" prinsipi ilə geri çəkilsin, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını gündəliyə daşımasın və nəhayət, Ermənistan sülh qovşağı planının iştirakçısı olsun. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn ölkəmizə səfər edərək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin detalları müzakirə ediləcək. Hesab edirəm ki, ABŞ diplomatı Azərbaycana Ermənistanın vəkili kimi gələcək".
"Əgər region ölkələri bu məsələləri susqunluqla qarşılasalar, o zaman Azərbaycan özü lazımi addımları atacaq"
Fransa Senatının Ermənistana "Sezar" özüyeriyən artilleriyasını tədarük etmək niyyətində olduğunu xatırladan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bu qənaətdədir ki, müdafiə xarakterli silahları Ermənistana göndərərək region ölkələri tərəfindən sərt reaksiya görməyən Paris və İrəvan bu dəfə hücum xarakterli silahları Zəngəzura doldurmağı planlaşdırır: "Əgər region ölkələri bu məsələləri susqunluqla qarşılasalar, o zaman Azərbaycan özü lazımi addımları atacaq. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan dövlət hücum silahlarına malik ola bilməz. Bu, Azərbaycana birbaşa təhdiddir. Fransa ATƏT, NATO və Avropa İttifaqı qanunlarını kobud şəkildə pozur".
Politoloq qeyd edib ki, Azərbaycan xarici siyasətinin ən böyük özəlliyi, dövlətimizin bütün çağırışları bir-bir dəf etməsi, rəsmi Bakının balansı qorumasıyla bağlıdır: "Azərbaycan bu illər ərzində hegemon dövlətlərin - "Bakı bizimlə yox, rəqibimizlədir" kimi düşünməsinə şərait yaratmadı. Bəli, müəyyən dövrdə müəyyən dövlətlərlə problemlər yaşana bilər, bu labüddür. Dövlət də insan kimi enişli-yoxuşlu dövrlərdən keçir, proseslər siyasi orqanizmə bənzəyir. Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da ABŞ, Avropa İttifaqı, Rusiya, İran və Çin ilə əməkdaşlığını davam etdirəcək, xarici siyasi vektorlar arasında ayrı-seçkilik etməyəcək, kiminləsə birləşərək digərinə qarşı proseslərdə iştirak etməyəcək. İranı çıxmaq şərtilə, digər istiqamətlərlə münasibətlərdə sabitliyi proqnoz edirəm. Xüsusiylə, ABŞ, Avropa İttifaqı və Rusiya istiqamətləri arasında balanslı siyasət aparacaq. Qərb platformalarında fəallıq davam edəcək. Eyni zamanda, Bakı Türk dövlətlərinin bir-birinə inteqrasiyası üçün əlindən gələni edəcək. Çünki Türk Dövlətləri qlobal gücü olan siyasi, iqtisadi və hərbi platformaya çevrilməlidirlər. Hər kəs də bilməlidir ki, Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının qurbanına çevirməməlidir, belə olan təqdirdə istər-istəməz Azərbaycan ilə aralarında problemlər yaranacaq".
"Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tiflisin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində Tiflislə tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq: "Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Ötən dəfə "Bastion" tipli 24 zirehli texnika Ermənistana çatdırılmışdı. Bu dəfə həm bu tip zirehli texnika, həm də radarlar və zenit-raket kompleksləri Ermənistana çatdırılacaq. Görəsən, Tiflis bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq? Gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər. Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tiflisin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstanın müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin ki, bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib".
"Vaşinqton Azərbaycanla bağlı xarici siyasətini korrektə etməlidir, iki dövlət arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı mövcuddur"
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanda bir qrup ekspertin fikrincə, əslində Ermənistanla Rusiya oyun oynayırlar, aralarındakı gərgin münasibətlər oyunun bir hissəsidir: "Bu qrupun qənaətinə görə, Qərbin sanksiyaları altında olan Rusiya ona lazım olan texnoloji avadanlıqları Ermənistan üzərindən əldə edir və bu hər iki dövlətin maraqlarına xidmət edir, Rusiya texnologiyalara yiyələnir, Ermənistan isə pul qazanır. Qərbin bu sövdələşmədən şübhəsi olmaması üçün Ermənistanın guya Rusiyanın regional siyasətindən narazı qaldığı görüntüsü yaradılır. Belə bir sualı da gündəmə gətirirlər: Kreml Nikol Paşinyandan bu qədər narazıdırsa, indiyənə qədər niyə onu cəzalandırmayıb, axı əlində kifayət qədər alətləri var? Bu yanaşmanı tam bölüşməsəm də, baş nazir Nikol Paşinyanın bir ayağı ilə Qərbdə olduğu, digər ayağını isə Rusiyadan çəkmədiyini düşünürəm. Statistikaya görə, Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra Ermənistanla Rusiya arasında idxal-ixrac əməliyyatları şübhəli şəkildə artıb. Bu da onunla əlaqələndirir ki, Ermənistan Rusiyaya lazım olan texnologiyaları Qərbdən alaraq Moskvaya ötürür. Buna baxmayaraq, Rusiyanın “Yuxarı Lars” sərhəd keçid məntəqəsində Ermənistana aid kənd təssərrüfatı məhsullarının keçidinə imkan verməməsi oyun deyil, reallıqdır".
Politoloq iddia edir ki, bir qrup erməni eksperti oxşar sözləri Azərbaycan-ABŞ münasibətləri haqqında deyir: "Guya Azərbaycan-ABŞ gərgin münasibətləri də oyundur, məqsəd Rusiyanın Qərblə yaxınlaşan Ermənistana təzyiqini artırması və İrəvanın Kremllə münasibətlərin gərginləşməsinə nail olmaqdır. Erməni ekspertləri bunun həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini iddia edirlər. Həqiqət bundan ibarətdir ki, Vaşinqton Azərbaycanla bağlı xarici siyasətini korrektə etməlidir, iki dövlət arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı mövcuddur. Bu oyun deyil, reallıqdır".
"Paris və Vaşinqton bəzən şirnikləndirməklə, bəzən də təzyiqlərlə İrəvanı sülh müqaviləsindən yayındırır"
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə Ermənistanın hələ də rəsmi Bakının uzatdığı sülh əlini tutmamasının bir neçə səbəbi olduğunu vurğulayıb: "Milli Məclisin deputatı Ceyhun Məmmədov dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib ki, Ermənistan indi də nələrəsə hazırlaşır. O bildirib ki, məhz bu səbəbdən Azərbaycan daha güclü olmalıdır. Məlum olduğu kimi, indi gündəlikdə olan əsas məsələ İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasıdır. Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra rəsmi Bakı İrəvana sülh əlini uzatdı. Amma savaşın üzərindən 2 il keçməsinə baxmayaraq, Ermənistan hələ də bizim uzatdığımız sülh əlini tutmayıb. Bunun bir neçə səbəbi var. Əsas məsələlərdən biri budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ də siyasi iradə göstərə bilmir. Məlum olduğu kimi, Qərb dövlətləri, o cümlədən ABŞ və Fransa Cənubi Qafqazdakı sülhdə, həmçinin Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasında maraqlı deyil. Buna görə də Vaşinqton və Paris bütün imkanları ilə sülh müqaviləsinə mane olmağa çalışır. Son zamanlar Fransanın Ermənistanı silahlandırmasına dair məlumatlar yayılır. Əslində bu, heç də təəccüblü deyil. Çünki Qərb Ermənistanla münasibətdə faktiki olaraq "kökə və qamçı" siyasətini tətbiq edir. Paris və Vaşinqton bəzən şirnikləndirməklə, bəzən də təzyiqlərlə İrəvanı sülh müqaviləsindən yayındırır".
Kənan Novruzovun fikrincə, Ermənistan hakimiyyəti sülh istədiyini desə də, bu istiqamətdə əməli addımlar atmır: "İttihamların qismən azalmasına baxmayaraq, hələ də davam edir. Ermənistandan maşa kimi istifadə edən güclərin ondan asanlıqla əl çəkəcəkləri ağlabatan görünmür. Üstəgəl, son zamanlar Ermənistan ordusunun yeni səngərlər qazdığına dair xəbərlər yayılır. Bütün bunlar onu deməyə əsas verir ki, diqqətli olmaqda fayda var. Yeni döyüşlər başlaya bilər. Bu, üçüncü güclərin təhriki ilə Ermənistanın qurban seçilməsinin nəticəsi olacaq. Rəsmi İrəvan ən qısa vaxtda siyasi iradə göstərib, Azərbaycanla danışıqlar masasına oturmasa, "yanacaq"".
Vazeh BƏHRAMOĞLU