"Qərb institutlarının qərəzli, məntqisiz və ağılsız açıqlamaları Azərbaycan-Qərb münasibətlərinə ciddi ziyan vurur" - NATİQ CƏFƏRLİ
"Bir neçə ildir Qərb diplomatlarına, "beyin mərkəzləri" nümayəndələrinə, jurnalistlərə deyirik ki, Qərbin məhz bu məsələdə absurd və mənasız yanaşması Azərbaycan cəmiyyətində anti-Qərb münasibətini gücləndirir, bu isə ölkəmizin stareji xəttinə təhlükə törədir, ümumbəşər dəyərləri üçün çalışan siyasi təşkilatları ölkə içində zəiflədir"
"Avropa Şurasının, Avropa Birliyinin bəzi rəsmilərinin qərəzli, məntqisiz və hətta ağılsız açıqlamaları və təşəbbüsləri Azərbaycan-Qərb münasibətlərinə ciddi ziyan vurur. Ukraynaın ərazi bötövlüyünün bərpası üçün silah-pul, siyasi dəstək verən Qərb institutlarının və ölkələrinin Azərbaycanın beynəlxalq hüquqa uyğun öz ərazi bötövlüyü və suverenliyini bərpa etməsinə belə reaksiyaları qəbuledilməzdir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, artıq bir neçə ildir Qərb diplomatlarına, “beyin mərkəzləri” nümayəndələrinə, jurnalistlərə deyirik ki, Qərbin məhz bu məsələdə absurd və mənasız yanaşması Azərbaycan cəmiyyətində anti-Qərb münasibətini gücləndirir, bu isə ölkəmizin stareji xəttinə təhlükə törədir, ümumbəşər dəyərləri üçün çalışan siyasi təşkilatları ölkə içində zəiflədir: "Amma yenə də bu absurd yanaşmalarından əl çəkmirlər, ərazi bötövlüyümüzün və suverenliyimizin bərpasına doğru, hüquqi pəncərədən baxmırlar. İndi gələk ölkədən qaynaqlanan problemlərə - 44 günlük müharibədən, möhtəşəm hərbi qələbədən, zərgər dəqiqliyi ilə keçirilən Xankəndi əməliyyatından, separatizmin kökünün qazılmasından sonra daxildə sərtləşməyə nə ehtiyac var idi axı?! Nədir bu siyasi motivli həbslər, jurnalistlərin təqibi, nə ehtiyac var bunlara?! Hakimiyyətin indiki çox güclü vaxtında belə həbslərin olması məntiqsiz olmaqla yanaşı, bəzi Qərb dairələrində həbslərdən dolayı anti-azərbaycan ritorikasının və əməllərinin güclənməsinə səbəb olduğunu bu hökumət görmürmü?! Nədən bəhanə verir?! Anlamırmı ki, Qərb üçün bu məsələlər siyasi alver və təzyiq üçün şərait yaradır?! Nə bilim, hökumətin bu sahədə atdığı addımları məntiqlə izah etmək mümkün deyil".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az