"Qərb İranı ermənilərin gözündən salmağa çalışır" - Tehran narahatdır
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani bəzi Qərb ölkələrinin səfirliklərinin İranı erməni cəmiyyətindən diskreditasiya eləməyə çalışdıqlarını bəyan edib. Sübhani "Ermənistanı geosiyasi münaqişəyə cəlb eləmək cəhdlərini dayandırmağa" çağırıb.
Onun sözlərinə görə, Qərb səfirlikləri erməni cəmiyyətində İrana qarşı şayiələr yaymağa və Yaxın Şərqdəki son hadisələrin fonunda Tehranı gözdən salmağa çalışırlar.
İranın İrəvandakı səfiri deyib: "Bəzi Qərb səfirlikləri sosial şəbəkələrdə erməni və fars dillərində anti-İran rəvayətləri yayır və Ermənistan cəmiyyətini çaşdırmağa çalışırlar. Biz Ermənistanı geosiyasi münaqişəyə cəlb eləmək cəhdlərini dayandırmağa çalışırıq".
Səfir əlavə edib ki, aprelin 14-nə keçən gecə edilən hücumlar yalnız BMT-nin İsrail ordusunun Dəməşqdəki İran diplomatik missiyasına endirdiyi zərbələri pisləməkdən imtina etdikdən sonra baş vermiş cavab aktı olub.
Hürr Tərcüman