"Qərb Rusiya-Ukrayna müharibəsindən yorulub" - POLİTOLOQ
"Qərb ölkələrinin bir qismində "biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik" sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlinin maraqlarına uyğundur"
"ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya işğalçı müharibədə qalib gələcək. Ostinin fikrincə, Rusiya rəhbərliyi “hiss edir ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq” və bu zaman Moskva “tezliklə üstünlüyü əldə edəcək”: "Bu baş verəcək, əgər biz Ukraynanı dəstəkləməsək. O zaman Putin qalib gələcək"". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Lloyd Ostinin haqlı olduğunu vurğulayan politoloqun fikrincə, Pentaqon rəhbəri bu sözləri təsadüfən deməyib: "Bir sıra ölkədə, həmçinin Qərbdə Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb. Bəzi Qərb ölkəsi Ukraynaya dəstəyi azaltmaq barədə düşünür. ABŞ Konqresi belə, büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb. Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan Avropa İttifaqının Ukraynaya dəstəyinin azaldılmasına çalışır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, növbəti il ərzində müharibədən yorğunluğun daha da artacağı ehtimalı var: "Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlinin maraqlarına uyğundur. Ukraynanın müharibədə dönüş yaratmasıyla Qərbdəki yorğunluğun qarşısını almaq olar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az