"Qərb və Rusiya artıq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Azərbaycana qarşı yeni təzyiqlərə əl atılır, Ermənistanın silahlandırılması məhz sülh prosesini pozmaq və yeni təxribatlara cəlb etmək məqsədi daşıyır"
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində bir sıra problemlər qalır. Məhz Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində sülh müqaviləsinin bağlanması uzanır. Belə ki, Ermənistan Zəngəzur yolunun maneəsiz giriş-çıxışını təmin etmir. Əlavə şərtlərlə çıxış edərək Azərbaycanın bu yoldan istifadəsini əngəlləyir". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq qeyd edib ki, Ermənistan həmçinin, sülh müqaviləsinin bağlanmasında zəmanətçi təklifini irəli sürürərək iki ölkə arasında problemi beynəlxalq müstəviyə çıxarır: "Bununla yanaşı, Ermənistan hücum silahları alır və Qərbin bir neçə paytaxtlarından təlimatlar alaraq müstəqil siyasət ortaya qoymur. Yaxın və Orta Şərqdə, Şərqi Avropada hərbi gərginlik inkişaf edir. Yeni silahlı münaqişələr ortaya çıxır. Beynəlxalq müstəvidə gərginləşən hərbi böhran fonunda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında yeni problemlər ortaya çıxır. Qərb və Rusiya artıq sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür. Azərbaycana qarşı yeni təzyiqlərə əl atılır. Ermənistanın silahlandırılması məhz sülh prosesini pozmaq və yeni təxribatlara cəlb etmək məqsədi daşıyır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az