📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərbin hiyləgər oyunu: Ukrayna Rusiyanın əlindən belə alınır!

2022-02-25 15:01:00

Qərbin hiyləgər oyunu: Ukrayna Rusiyanın əlindən belə alınır!

Ukrayna lideri Vladimir Zelenskinin bu gecə xalqa müraciəti və Rusiya ilə Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olması barədə xəbərini Rusiya mediası və siyasətçiləri həvəslə paylaşırlar.

Elə təəssürat yaranır ki, sanki Rusiya da “öz şərtləri” altında, “qürurlu şəkildə” savaşın dayanmasında maraqlı görünür.

Bunun doğrudan da belə olub-olmadığı bəlli deyil və ümumiyyətlə, Zelenskinin bu təklifi niyə niyə əvvəl səsləndirmədiyi və yaxud Putinin bunu niyə qəbul etmədiyi qəribədir.

Və deyəsən, hər şey də bundan başlayır!

Lavrov 2018-ci il 17 dekabrda verdiyi müsahibəsində “lxr” və “dxr”in tanınmasına qarşı çıxmış, tanınma baş verəcəyi halda Rusiyanın bütün Ukraynanı itirəcəyini söyləmişdi.

Demək ki, Rusiya 21 fevralda bu qərarı verməklə Ukraynanı tam itirdi, 24-də müharibəyə başlamaqla isə itirdiyi Ukraynadan daha çox ərazi qoparmağa çalışır.

Rusiyanın əsəbini, gərginliyini, hadisələrin inkişafından rəncidə olmasını, qlobal maraqlarını tam mənası ilə başa düşmək mümkündür. Ancaq taktikası rüsvayçılıqdır və çox qabarıq şəkildə Qərbə uduzduğu böyük hesabı öz xalqının – bu məqamda ümumilikdə slavyan xalqı nəzərdə tutulur – qanı ilə bir az aşağı salmağa çalışır.

Ancaq bu qan uduzulan oyunun daha ağır nəticələri ilə tarixə köçür.

Nə mane oldu Rusiyanın Ukrayna ilə danışıqlarına? Axı Zelenski dəfələrlə Putinlə görüşmək arzusunu dilə gətirmişdi? Xüsusilə Ukrayna ətrafına rus ordusunun düzülməsindən sonra bu təklifi hər gün səsləndirirdi!

Putinə Türkiyə kimi neytral ölkədə Zelenski ilə təkbətək, Qərbin araqızışdıranları olmadan görüş təklif edildi axı! Niyə görüşmədi? Niyə Zelenskinin gözünü açmaq istəmədi? Zelenskini dinləmək istəmədi?

Putin heç cür qəbul etmək istəmir ki, Ukraynanı Rusiyanın əlindən basıb alıblar, Ukrayna xalqı Qərbin qucağına düşüb və s.

“Böyük qardaş”dan qopub, anlqlo-saksların oyununa düşən Ukraynanı xilas etmək üçün sən hansı siyasət apardın? Nə zaman ukraynalılara Kremlin qapılarını təpiklə açmağa şərait yaratdın? Rusiyanın bitib-tükənməyən sərvətlərini nə zaman Ukraynanın ayaqları altına atdın?

Niyə Zelenskini Valdaydan təhqir etdin? O ki görüş üçün yalvarırdı!

Böyük qardaş sayırsanmı özünü? Lap tutaq ki, “kiçik qardaş” səhv edib, yanlış edib. Buna görə onun başınımı kəsəcəksən? Onu yanlışdan qaytarmaq üçün hansı diplomatik çabalar göstərdin?

Putin 22 ildir hakimiyyətdədir. Ukraynaya neçə dəfə səfər edib? Xatırlayan varmı?

Belarus lideri sözün bütün mənalarında Putinə “kiçiklik” edir, özünün “kiçik qardaş statusu”nda görünməsi üçün hər şey edir. Putinin Lukaşenkonun bir az da kiçiklənircəsinə etdiyi zarafatlara ürəklə güldüyünü görmüsünüzmü?

Siz Putinin Lukaşenkonu bağrına basdığını müşahidə etmisinizmi?

Putin bəlkə də heç vaxt bilməyəcək ki, Ərdoğan Azərbaycana ildə bir neçə dəfə niyə səfər edir; Putin hələ də dərk etmir ki, Ərdoğan Əliyevi hər dəfə görüşəndə niyə qucaqlayır!

Ərdoğan Əliyevi qucaqlamır, Azərbaycanı, Azərbaycan xalqını, 10 milyondan çox Azərbaycan türkünü qucaqlayır; Ərdoğan hər vəchlə 50 milyonluq Azərbaycan türkünü qucaqlamaq istəyini nümayiş etdirir!

Budur nəticəsi – Azərbaycan xalqı Ərdoğan qədər bəlkə də heç bir lideri sevmir!

Ərdoğanın reytinqi Türkiyədə 55 faizdirsə, Azərbaycanda 99,99 faizdir.

Ərdoğan bu sevgini özü qazanıb: Əliyevə sevgisini, dəstəyini, qardaşlığını göstərməklə hər dəfəsində ürəklərimizi fəth edir! Və ildə bir neçə dəfə bunu Azərbaycan xalqının yadına salır – ildə bir neçə dəfə gəlir və yaxud İlham Əliyevi Türkiyədə qarşılayır. Həm də hər qarşılanmada sevgi görüntüsünü hər iki dövlətdəki eyni millətə göstərir, mütləq göstərir!

Nazarbayevə Azərbaycan xalqının sevgisi daha çox 2016-cı ildə, Aprel savaşından öncə İlham Əliyevi qucaqlaması ilə artdı; Nazarbayevə bu xalqın sevgisi ən kritik anlarda Azərbaycanı sovunmasıyla yarandı.

Putin nə zaman Zelenskini – bu slavyan qardaşını görmək istədi? Nə zaman onun “səhvlərini” bağışlayıb, bağrına basdı? Nə zaman ukraynalıların könüllərini fəth etmək üçün sevgi aşıladı?

Putin yalnız ukraynalıları aşağılamaqla məşğul olub; Putin Ukrayna dövlətçiliyinin olmadığını illərdir deməklə məşğuldur; Putin Ukraynanı yalnız diz çökdürmək, onlara əlini öpdürmək yolunu tutub.

Ukrayna, ukraynalılar və ümumiyyətlə, slavyan nədir ki? Slavyanlar – hamısı ruslardır, sadəcə, Rusiya bu adı mənimsəyib – vəssalam! (Türk xalqlarındakı Türkiyə misalı!) Digər qardaşlar da kökdən ayrılıb və öz adları ilə yaşamaqda davam ediblər.

Kiyev Rus Dövləti nə idi? Kimin idi? Slavyan nə gəzirdi onda?

Sən necə rusun ana yurduna bu qədər aşağılayıcı davrana bilərsən ki?

Zelenski “şərtlərə” razı deyldimi? Bəs hanı sənin dövlət xadimlərin; hanı sənin sənətçilərin; hanı sənin kəşfiyyatın; hanı sənin “dərin dövlət”in? Niyə indiyə qədər Kiyev hakimiyyətləri ilə qeyri-rəsmi münasibətlər qurulmayıb? Niyə bu cəhdlər ardıcıl, davamlı edilməyib?

Hanı ağıllı, müdrik siyasətin? Hanı sənin böyüklüyün?

Böyüklük – yalnız hərbi qüdrət və ərazilərlə ölçülmür ki! Dövlət ərkanı, yeri gəldikdə kiçikləri öz ətrafında sevgi ilə birləşdirmək bacarığı, bağışlamaq, qucaq açmaq bacarığı lazımdır. Nə vaxta qədər baş kəsməklə dövlət saxlayacaqsan – Əmir Teymur demişkən! Salavyovlarla, Simonyanlarla, Lavrovlarla dövlət təbliğatımı aparılar? Bunların hər biri özlərindən başqa bütün millətlərə daxilən nifrət edən şovinist erməniqarışıq diletantlar, rusa, bu böyük rus xalqına və böyük rus mədəniyyətinə nifrət yaradan, guya millətçilik edib, əslində hır çıxışlarında ruslara düşmən qazandıran zat(d)lardır.

Rusiyanın bu müdrik siyasəti heç zaman olmayıb və Putin də yalnız qürur, mərdlik, “praf-neprav”, “vor”, yanlış edəni çıxdaş etmək qanunları ilə yaşayır.

Bəli, bu keyfiyyətlər bir kişiyə yaraşan hərəkətlərdir, məğrurluq - xarakterdir; küçədə dava qaçılmazdırsa, birinci sən vura bilərsən, doğrudur. Ancaq ölkələr arasında münasibətlər küçə davası, küçə uşaqlarının mübahisəsi deyil! “Kiçik qardaş”ına qarşı qətliam törədə bilməzsən – o hətta hansısa “soyqırım” həyata keçirsə belə.

Dövlət başçısı kimi hər zaman qürurlu davrana bilməzsən – yeri gələndə gələcək üçün, tarix üçün, xalqın rifahı üçün, dünya üçün və insanlıq üçün özünü Bayden kimi, “yazıq” göstərib, bu qoca tülkünün “tırkasına” getməyəcəksən!

Bayden hədələyir, “Ukraynaya girsən, məhv edəcəm” deyir və sən də əsəbiləşib, “Ala, girdim, mənə heç zad edə bilməzsən” məntiqi ilə slavyan-rus qardaşının qırğınını dünyaya nümayiş etdirirsən?

Dəhşətdir sadəcə! İnsan öz qüruruna qardaşını, vətəndaşını, ordusunu, əsgərini necə qurban verə bilər ki? İnsan öz qüruruna, Qərbin hiyləgər, vicdansız oyununa necə təslim ola bilər ki!

Yüzillərdir bir yerdə olan, bütün ağır sınaqlardan birgə çıxan, İkinci Dünya müharibəsindən Əfqanıstana qədər, səninlə birgə döyüşən əsgərləri necə üz-üzə qoymaq olar?

Ukraynalı “əfqan”ın, Əfqanıstanda rus ordusunun tərkibində vuruşan, Moskvada evini qoyub, Vətəninin müdafiəsinə tələsən ukraynalı döyüşçünün video-müraciətinə doluxsunmadan baxmaq mümkün deyil. Çiyin-çiyinə döyüşdüyü rus qardaşları ilə üz-üzə gəlməyin dəhşətini yaşayır adam, rus hərbçi dostlarına çağırış edir ki, niyə bizə hücum edirsiniz?

Heç bir qürur, heç bir siyasət, heç bir Zelenski, Yuşşenko, Poroşenko, zir-zibil... - Putinin bu qardaş qırğınına haqq qazandıra bilməz.

Ağılla, pulla, hiylə ilə səndən alınan qardaşlarını ağılla, pulla və... sevgi ilə geri qaytarmaq fürsətin ola-ola 10 ildir bu xalqı aşağılayıb, təhqir edib, sonra da tapdamaq kimə lazımdır?

Tarix üçün bir sözü də yazaq və bitirək: ukraynalılar rusdur, ruslar da ukraynalı. Bu xalqı bir-birinə düşmən edənlər deyil, bu düşmənçiliyi qəbul edənlərin məsuliyyəti var tarix qarşısında. Və burda ən böyük məsuliyyət Rusiyanındır.

Rusiya öz qardaşını qaytarmağın sevgi yolunu tapmadısa, hər cəhətdən məhv olacaq...

axar.az