📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərbin istədiyi sülh AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR

2023-11-28 11:43:36

Qərbin istədiyi sülh AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR

Elxan Şahinoğlu: "Azərbaycan rus hərbçilərini Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək"

Fuad Çıraqov: "Qərb elə sülh istəyir ki, daha çox Ermənistanın maraqları təmin edilsin, Azərbaycan isə güzəştlərə getsin"

Əlimusa İbrahimov: "Ermənistan stabil şəraiti və parlaq gələcəyi olan digər region dövlətlərini də özü ilə "cəhənnəmə aparmaq" istəyir"

Bugünlərdə mətbuata açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bəzi Qərb dövlətlərinin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdıqlarını və Cənubi Qafqazda Rusiyaya qarşı açıq mübarizə apardıqlarını bildirib. Belə ki, Qərb dövlətlərinin Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışdığını iddia edən Peskovun fikrincə, heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edə bilməz: "3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Həqiqətən də bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan etdi ki, bu ölkələr çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilər, çünki onlar birtərəfli vasitəçi rolunu öz üzərinə götürüblər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyəsə iddia etmək həm mümkün deyil, həm də yersizdir. Hələlik Rusiyadan başqa heç kim regionda sülhün və sabitliyin təminatçısı kimi belə bir rol oynaya bilmir. Rusiya isə səylərini davam etdirir".

Yeri gəlmişkən, rusiyalı hərbi bloger Anastasiya Kaşevarova "Teleqram" kanalında qeyd edib ki, Fransanın təxminən, yeddi təlim mərkəzində Rusiyaya qarşı müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Bu barədə axar.az-da yer alan informasiyada deyilir ki, "Fontevrault L'Abbedəki" təlim mərkəzi erməni əsgərlərin hazırlığı ilə məşğul olur. Kaşevarova belə təlim mərkəzlərinin sayının çox oldoğunu, hətta bəzilərindən foto və video sübutun da olduğunu iddia edib: "Xüsusilə, Mayi-le-Kan ərazisindəki "CENTAC - Centre d'entrainement au combat" döyüş hazırlığı mərkəzi və "CES - Center d'entrainement des post de" təlim mərkəzində erməni hərbçilər hazırlanır. Fransız təlimatçılar, o cümlədən etnik erməni əsgərlər işə cəlb olunublar. Onlar arasında könüllülər də var, əsasən də "artsax"dan gələn gənclər bura cəlb olunurlar. Proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərir, bu baxımdan məcburi göndərilən hərbçilər də var. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onlar xüsusi hərbi əməliyyat zonasına göndəriləcəklər. Qəribə bir təsadüf nəticəsində oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın olur ki, orada hansı "təcrübə mübadiləsi" müzakirə olunub".

"Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil, çünki..."

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu həqiqətən də Qərb dövlətlərinin bir qisminin Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışdıqlarını vurğulayıb: "Lakin bunun Qarabağa aiddiyyatı yoxdur. ABŞ və ya Fransa İrəvanın istəyi ilə Ermənistanda Rusiya hərbçilərini əvəz etmək istəyərdilər, ancaq Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Rusiya hərbi kontingentini evinə yol salmağa çalışan Azərbaycan rus hərbçilərini Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək".

Ermənistanın baş nazirinin Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmağa çalışmasına da toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Nikol Paşinyan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra İrəvan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qurmağa müvəffəq olacaq: "Paşinyan Ermənistanın müsəlman ölkələri ilə münasibətləri haqqında açıqlama verərəkən deyib ki, İrəvanın Səudiyyə Ərəbistanı ilə təmasları davam edir. Həqiqətən iki ölkənin xarici işlər naziri bir neçə dəfə görüşüblər, telefonla danışıblar. Bu danışıq və müzakirələrə baxmayaraq, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmağa tələsmir. Ermənistanın baş naziri Səudiyyə Ərəbistanın İslam aləmindəki və ərəb dünyasındakı çəkisini nəzərə alır. Paşinyan əmindir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra İrəvan Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qurmağa müvəffəq olacaq. Bunda qeyri-adi heç nə yoxdur. Sülh sazişinin imzalanması həm də elə buna görə Ermənistan üçün vacibdir ki, İrəvan Azərbaycanla münasibətləri normallaşdırmaqla yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr qura bilsin".

"Qərbdə hesab edirlər ki, Paşinyanın Ermənistan daxilində mövqelərinin daha da möhkəmlənməsi və Rusiyaya qarşı daha cəsarətli çıxış etməsi üçün Azərbaycanla sülh sazişində rəsmi Bakı güzəştə getməlidir"

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov isə mövzuya dair fikirlərini bildirərkən Qərbin Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasını istədiyini qeyd edib: "Çünki sülh müqaviləsi olarsa iqtisadi gücünə və imkanlarına görə Qərb bölgədə rahatlıqla istənilən regional güclə rəqabət apara bilər. Ona iqtisadi rəqabətdə yalnız Türkiyə rəqib ola bilər. Sülh müqaviləsindən sonra Qərb iqtisadi və yumşaq güc mübarizəsində mütləq qalib gələcək. Ona görə də sülh istəyir, amma Qərb hazırki şəraitdə necə bir sülh istəyir? Elə bir sülh ki, daha çox Ermənistanın maraqları təmin edilsin, Azərbaycan güzəştlərə getsin. Əvvəllər də Qərb belə sülhdə maraqlı idi. Bu dəfə isə həm də şəxsən Paşinyan üçün daha çox Ermənistanın maraqlarının təmin edilməsini istəyir. Əvvəllər Ermənistana ona görə dəstək olurdular və onun Rusiya ilə yaxınlığına ona görə göz yumurdular ki, xristiandı, xristianlığın Şərqdə ən sonuncu qalasıdı filan. İndi isə həm də Paşinyana görə olurlar. Hesab edirlər ki, Paşinyan Azərbaycanın şərtləri ilə sülh müqaviləsi imzalasa, onun mövqeləri sarsıla və hətta hakimiyyətini itirə bilər. Biz isə deyirik, cəhənnəmə kimi itirsin, öz təhlükəsizliyimizdən sizin istəklərinizə görə güzəştə getməliyik?"

Politoloqun qənaətincə, Qərbdə hesab edirlər ki, Paşinyanın Ermənistan daxilində mövqelərinin daha da möhkəmlənməsi və Rusiyaya qarşı daha cəsarətli çıxış etməsi üçün Azərbaycanla sülh sazişində rəsmi Bakı güzəştə getməlidir: "Ona görə də istər ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın sonuncu dinləmədə bir neçə dəfə, eləcə də digər ABŞ rəsmilərinin tez-tez istifadə etdiyi “ləyaqətli və davamlı sülh” (dignified and durable peace) ifadəsi təsadüfi deyil. Nədir onlar üçün bu “dignified” sözü? Əlbəttə ki, “Azərbaycan güzəştə get!” deməkdir. Soruşan lazımdır ki, işğalçının, beynəlxalq hüququ tapdalayanın ləyaqəti niyə belə maraqlıdır? Elə isə Rusiya ilə də “ləyaqətli sülhə” görə Abxaziya, Cənubi Osetiya, Krıma, Donbasa və Luqanska görə də razılaşın. Azərbaycan bunları anlayır, ona görə də deyir ki, seçim edin, sizin üçün sülhmü daha prioritetdi, yoxsa Paşinyana yardımmı? Biz deyirik ki, ya bizim istədiyimiz kimi sülh müqaviləsi olacaq, ya da olmayacaq. Azərbaycanın bu qəti seçim etmək tələbi sentyabrda məsələyə son qoyandan sonra daha da qətiləşdi. Onlar hələ ki, seçimi tam etmək istəmirlər, vurunuxurlar, hoqqalar çıxarırlar".

"Fransa və ABŞ son illərdə həqiqətən sülh, əmin-amanlıq deyil, müharibə, qarışıqlıq və xaosa can atır"

Politoloq Əlimusa İbrahimov isə bildirib ki, Fransanın ardınca ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik Ermənistandan başqa, regionun digər dövlətlərini ciddi narahat edir: "Hesab olunur ki, Fransa və ABŞ dueti Ermənistanı bu şəkildə ciddi cəhdlə müdafiə etməklə regionda gələcək müharibəyə şərait yaradırlar. Belə düşünənlər haqlıdır, çünki onlar ABŞ və digər Qərb dövlətlərinin regionumuzda, dünyanın müxtəlif yerlərində bu vaxta qədər həyata keçirdikləri hadisələri örnək götürürlər. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O'Brayenin "ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq" bəyanatına, 907-ci düşəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi O'Brayenin çıxışının tezislərini "birtərəfli, qərəzli, əsassız və qəbuledilməz" kimi qiymətləndirib və yüksək səviyyəli Amerika nümayəndələrinin Bakıya səfərlərinə moratorium elan etdi. Vaşinqton-Bakı münasibətləri bunadək də heç də hamar olmayıb, amma 44 günlük müharibədən sonra ilk dəfədir ki, bu səviyyədə gərginləşdi. Bu istiqamətdə müxtəlif səbəblər səsləndirilir və ən çox rastlaşdığımız isə Fransa və ABŞ-ın Cənubi Qafqazda yeni münaqişə ocağının yaradılmasında maraqlı olması versiyasıdır".

Politoloq iddia edir ki, Fransa və ABŞ son illərdə həqiqətən sülh, əmin-amanlıq deyil, müharibə, qarışıqlıq və xaosa can atır: "Təbii ki, öz ölkələrində deyil, özlərindən uzaq və onlardan ümid gözləyən ölkələrdə. Belə isə Ermənistan onun vasitəsi ilə regionda bu dövlətlərin qarışıqlıq yaratmaq arzu və istəyindən xəbərdar deyilmi? Əlbəttə xəbərdardır. Lakin bütün mövcudluğu boyu ələbaxımlığa öyrənmiş dövlətin onsuz başqa çıxış yolu yoxdur. Onsuz da gələcək ermənilər və erməni dövləti üçün qaranlıqdır, hər keçən gün beynəlxalq arenada vəziyyəti çətinləşir. Əgər belə demək mümkünsə, Ermənistanın itirəcəyi və itirməkdən qorxacağı bir məfhum yoxdur. Ona görə də Ermənistan stabil şəraiti və parlaq gələcəyi olan digər region dövlətlərini də özü ilə "cəhənnəmə aparmaq" istəyir".

Vazeh BƏHRAMOĞLU