Qərblə Rusiya arasında “qaz savaşı”
Qərblə Rusiya arasında “qaz savaşı”
Və yaxud Azərbaycan Avropanın xilaskarı rolunda
Rusiya ilə yaşanan “qaz savaşları” fonunda Qərb çıxış yolu üçün fərqli variantlar axtarmaqdadır. Bu variantlardan biri kimi Qətərlə Azərbaycandan qaz tədarükünü artırmaq nəzərdən keçirilir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrellin sözügedən qərarını bu qəbildən hesab etmək olar. Jozep Borrellin açıqlamasında bildirlir ki, Kreml ilə diplomatiya uğursuz olarsa, Rusiyadan qaz tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəlinərsə, Avropa ABŞ, Qətər və Azərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirəcək.
Azərbaycandan Avropaya qaz ötürülməsi Türkiyədən keçməklə TANAP-Trans Anadolu Qaz Boru Kəməri vaitəsilə həyata keçirilir. Qətər də dünya səviyyəli qaz ixracatçısı olan ölkədir.
Onu da deyək ki, Rusiyanın Ukraynaya müdaxiləsi üzərindən şişirdilən qaz çatışmazlığı qorxusu qiymətlərin kəllə-çarxa qalxmasına və Avropanın soyuq qarşısında donacağı ajiotajını şişirtməyə xidmət etdi. Nəticədə isə Avropaya sıxılmış qazı satmağa çalışan, lakin Rusiyadan təbii qaz tədarükü ilə buna əvvəl nail ola bilməyən ABŞ qaz qiymətlərinin artması ilə bu məqsədinə nail oldu. Belə desək, sözün əsl mənasında dünya miqyasında “qaz savaşı” yaşanır.
Baş verənlərin dərinliklərinə varmaqla “qaz savaşı” səhnələrini və həm Ukraynaya müdaxilənin, həm ABŞ-ın Avropaya, daha doğrusu Şərqi Avropaya daha dərindən hərbi kontingentləriylə çökməsinin fraqmentlərini sezmək mümkündür.
Əvvəlcə ondan başlayaq ki, ABŞ-ın Rusiya-Almaniya birgə layihəsi olan "Şimal axını 2"-nin sertifikasiya prosesinin uzun müddətə təxirinə nail olması təkcə Moskvaya yox, həm də Berlinə verilmiş "göz dağı"dır. Vaşinqton bu ticari işbirliyinin baş tutmaması üçün ilk növbədə sanksiyaları gündəmə gətirdi. İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rəhbəri Vyaçeslav Mişenko məlum sanksiyalar məsəsləsinə toxunaraq onları "cəhənnəm saknsiyaları", yaxud "bütün sanksiyların anası" adlandırdı. Sanksiyalara "Şimal axını 2", mədən sənayesi, bəzi Rusiya bankları, dövlət borcu, prezident V.Putinin və ölkə rəhbərliyinin bir sıra nümayəndələrinin banklardakı dollar hesabları, enerji resurslarının satışından alınan vəsaitlərin bloklanması daxil ediləcək.
Burada diqqətçəkən məqam budur ki, məlum sanksiya açıqlamasından Almaniya həmin an "əl-ayağa" düşdü və açıq şəkildə enerji resurslarını sanksiya paketindən çıxarmağı tələb etdi. Səbəb olaraqsa o gətirildi ki, Avropa və Almaniya iqtisadiyyatı rus enerji resurslarından kritik həddə asılı olduğuna görə, bu resurslara qoyulan sanksiya iqtisadiyyata zərbə vura bilər. Əsl səbəb isə odur ki, rus qazı yalnzı rus qazı deyil, eləcə də alman qazıdır. Hətta rejissor-jurnalist Hubert Zaypelin müəllifi olduğu "Qazprom-almanların şərqdən gələn qazı" adlı sənədli film də alman-rus qaz işbirliyini gözlər önünə sərmək üçün yetərli mənbədir. Filmdə "Qazprom"un 2014-2019-cu illərdə yüksək rütbəli rəsmilərindən biri olmuş Aleksandr Medvedyev, prezident Vladimir Putin və Almaniyanın keçmiş kansleri Qerhard Şröder, eləcə də mənzil qərargahı İsveçrədə yerləşən "Nord Stream" və Almaniyada yerləşən dünya miqyaslı BASF kimyəvi konserni təsvir edilir. "Nord Stream" Rusiyanın "Şimal axını" qaz kəmərini idarə etmək üçün qurulmuş şirkətdir və Qerxard Şröderin iş yerlərindən biri olub. Şröder hazırda da "Qazprom"un aksionerlərindən olan "Rosneft"in direktorlar şurasında təmsil olunur. Amerika Fond Birjasında mühüm yer tutan qiymətli kağızlar qurumu (ADR) da "Qazprom"da paya malikdir. "Qazprom"un aksionerlərindən olan "Rosneft"in direktorlar şurası isə beynəlmiləldir.
“Rosneft”in direktorlar şurasında Qerxard Şröderdən başqa, Mattias Varniq, Robert Dadli, Avstriyanın 2017-2019-cu illər arasında XİN naziri olmuş Karin Knaysl, Bernard Luni və Qətərin kral ailəsindən Fayzal Əlsuvaidi, Həmad Rəşid Əl-Mohannadi təmsil olunur. Yəni qalmaqallara səbəb olan "Qazprom" çoxdan rus müəssisəsi deyil. Bu səbəbdən də ABŞ-ın adlı-sanlı xarici vətəndaşların, o cümlədən alman və avstriyalı şəxslərin idarə etdiyi quruma tətbiq etdiyi sankasiyaları məhz onların təmsil etdiyi dövlətlərə, bu dövlətlərin maraqlarına, eləcə də bu şəxslərin arxa planında duran maraq qruplarına yönəlmiş təzyiq kimi nəzərdən keçirmək lazımdır.
Digər tərəfdən, daha bir maraqlı nüansı qeyd etmək yerinə düşər ki, burada isə söhbət Polşa vasitəçilərin köməyilə Rusiya qazının alınmasından gedir. Yəni alqı-satqı birbaşa Rusiyadan olmayacaq, amma bu faktı dəyişmir, alınan rus qazıdır. Belə ki, yanvar ayında Rusiya qazının Polşaya birbaşa tədarükü rekord minimuma endi. "ENTSOG" platformasının məlumatına görə, Rusiya qazının Polşaya tədarükü indi Belarusdakı "Yüksək" və "Teterevka" məntəqələri vasitəsilə həyata keçirilir. Həmçinin, Polşasının Rusiyadan birbaşa idxalının kəskin enişi Almaniyadan çatdırılma ilə kompensasiya edilir. "Cascade" alman qaz operatorunun məlumatına görə, yanvar ayında orta gündəlik qaz ötürülməsi 18 milyon kubmetrdir və son günlərdə 30 milyon kubmetrə qədər çatıb.
Göründüyü kimi, ölkələr birbaşa Rusiyadan qaz almaqdansa onu vasitəçilərdən almağa üstünlük verirlər, xüsusilə də alman şirkətləri vasitəçilərindən. Çünki alman şirkətləri Rusiya qazını ən yaxşı qiymətlərlə alırlar.
Bu məqamda ABŞ-ın alternativ qaz tədarükü ilə Avropanı təmin etmək üçün "hazır" olmasına toxunmaq mütləqdir. ABŞ Prezidenti Co Bayden yanvarın 31-də Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə keçirdiyi görüşdə Rusiyaya qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə "Qətər qazı"nın Avropaya tədarükü ilə bağlı razılıq gözləyirdi. Eləcə də "Bloomberg" xəbər verir ki, ABŞ rəhbərliyi "vəziyyəti tələb edəcəksə" Avropanı "alternativ qaz" tədarükü ilə təmin etməyə hazır olacaq.
ABŞ-ın "alternativ qaz" tədarükü isə Avropaya "lütf"dən yaxud mərhəmətdən çox, qaz biznesini əlində saxlamağa çalışmasından xəbər verir. Vaşinqton xüsusilə bunun üçün LNG istehsalçıları ilə əlaqələri dəstəkləyirx, böyük qaz tədarükünü təşkil edə bilən şirkətlərin imkanlarını nəzərdən keçirir. Daha açıq desək, Vaşinqton da qaz alverindən kənarda qalmaq istəmir. Üstəlik, elə həmin "Bloomberg"bundan əvvəl Qətərin Rusiya qazını öz qazı ilə əvəz edə bilməməsini bildirmişdi. Daha dəqiq desək, söhbət "Qazprom" gözələnilən sanksiyalara cavab olaraq rus qazının tədarükünü məhdudlaşdırarsa, Qatarın öz təbii qazının Avropaya tədarükünü əhəmiyyətli dərəcədə artıra bilməyəcəyi faktından gedir. Çünki Qətərin istehsal obyektləri tam yüklənib və qazın əksər hissəsi uzunmüddətli müqavilələr çərçivəsində Asiyaya göndərilir. Təchizatçı ABŞ və Avropada faydalansa da, Asiya (böyük ehtimalla Çin) tərəfdaşları ilə münasibətləri təhlükə altına almaq istəmir. "Qatar Energyi" qaz` bazarında əsasən Avropaya göndərilə bilən sıxılmış qaz(LNG) satır. Deməli, məntiqlə Qətərin Avropaya satacağı qaz "qətər markası ilə rus qazı" olacaq, yəni "Qazprom"un qazı. Bu hansı əsasla baş verəcək?
Yuxarıda göstərdiyimiz kimi, Qətər kral ailəsinin iki üzvü "Qazprom"un aksioneri "Rosneft"in payçısıdır. Yəni dolayısı ilə bu yolla "Qazprom" qazı da "Qətər qazı" ola bilir.
O ki qaldı ABŞ-ın Avropanın qaz təhlükəsizliyi məsələsində hədsiz-hüdüdsuz narahatçılığına və nəyin bahasına olur-olsun Avropanı alternativ qazla təmin etmək sözlərinə, bu Vaşinqtonun Avropanı qışın soyuğunun gətirdiyi çarəsizlikdən qorumaq üçün əvvəllər bəyənilməyən ABŞ sıxılmış qazına Avropa bazarında yaxşı qazanc götürmək anlamına gəlir. Bu isə Avropanın istədiyi deyil. Rusiya Avropanın enerji müstəqilliyi, "ABŞ boyunduruğundan qopması" üçün vacib amildir. Vaşinqton qış soyuğunu qorxu kimi sataraq həm öz "piştaxtada qalmış" qazını sırıdı, həm "rus qorxusu" sayəsində Şərqi Avropa ölkələrində hərbi kontingentinin sayını artırdı. Üstəlik, iqlim gündəmi çərçivəsində atom stansiyalarını "yaşıl enerji" kimi irəli sürdü.
Daha bir maraqlı məqam. London da Şərqi Avropada, daha dəqiqi Estoniyada hərbçilərinin sayını ikiqat artırmaq qərarını açıqladı. Birləşmiş Krallığın baş naziri Boris Conson Ukraynaya dair situasiya və Rusiyanın durdurulması siyasətini aktivləşdirmək üçün diplomatik cəhdlərini artırmaq fikrində olduğunu bildirdi. Conson Avropada qan töklüməsinin qarşısını almaq üçün bu həftə prezident Putinlə də telefon söhbəti edəcək.
Yeri gəlmişkən, Böyük Britaniya və ABŞ-ın Ukrayna ətrafında haray-həşir qoparmasının altında Ukraynaya köməkdən çox, orada hansısa yolla təmsil olunmaqla, eləcə də Şərqi Avropanın Rusiya ilə sərhəd ölkələrinə qoşun yerləşdirməklə Qərbi Avropanı qorumaq yox, tam tərsinə, onu Rusiyadan qorumaq bəhanəsilə həm Qərbi, həm Şərqi Avropanı "cilovlamaq" cəhdi daha qabarıq özünü biruzə verir. Bu məsələdə oyun quran Britaniya, onun sərmayəsi və maşası isə ABŞ-dır. Yəni uzun sözün qısası London "Vaşinqton çəkici" ilə Avropanın başına vura-vura onu dizə gətirir. Almaniyanın bir əsrdən çoxdur ki, Avropa Birləşmiş Ştatları formasında qurmaq istədiyi imperatorluğa London ilə Vaşinqton "meydan oxuyur". Bir tərəfdən danışıqlara gedərək, "dubinkanı da ətəyinin altında hazır" saxlayır.
"Qaz müharibəsi"ndə Azərbaycan qazının, həm də "siyasi Bakı"nın roluna gəlincə, Avropa bazarında Azərbaycandan alınan qazın çəkisinin atrması elə Bakının siyasi-iqtisadi əhəmiyyətinin artması deməkdir. Qaz ixracının artırılması üçün Azərbaycanla geniş həcmli müqavilə imzalana bilər. Belə ki, TAP 10 milyard kubmetr qaz ixrac edir, bu həcmi iki dəfə artırmaq olar. Məlumdur ki, Bakı ilə Ankara Türkmənistanla Transxəzər məsələsini müzakirə edir. Bu Vaşinqtonun Bakı və Ankara üzərindən Xəzərə və Mərkəzi Asiyaya çıxmaq istiqamətində fəaliyyətini aktivləşdirməyə gətirə bilər. Qazaxıstanın əhəmiyyəti indi daha çox özünü biruzə verir. Xüsusilə Çinin Mərkəzi Asiyanı, o cümlədən Qazaxıstanı öz təsirinə almaq cəhdinin "arxa hissəsi" daha çox aydınlığa qovuşur.
Bakı Ankara ilə birlikdə yaranmış şərtlərdən Qərb və Rusiya qarşısında maraqlarının təmin edilməsi üçün istifadə edə bilər. Moskva da bu bölgədə Azərbaycan və Türkiyə ilə işləməyə qarşı deyil. Hər bir halda "qaz savaşı" Azərbaycanın xeyrinə işləyəcək, çünki rəsmi Bakı tarazlama və konstruktiv əməkdaşlıq prinsipləri ilə beynəlxalq müstəvidə oyunları mükəmməl aparır...
Ülviyyə ŞÜKÜROVA
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi