📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qərbpərəst, amerikacanlı, avropayanlılar ağır durumda - onlar iqnor edilib...

2022-01-25 10:33:00

Qərbpərəst, amerikacanlı, avropayanlılar ağır durumda - onlar iqnor edilib...

Azərbaycanın qərbpərəst, amerikacanlı, avropayanlı aktivistləri çətin durumlarını yaşamaqdadırlar. Onlardan açıq şəkildə mövqe bildirmələri tələb olunur. Kim Qarabağ məsələsində Azərbaycanın mövqeyini tutur, onu qara siyahıya salıb, çıxdaş edirlər. Hələlik ortada manevr edənlər, Qarabağ məsələsində Azərbaycanı dolayısı ilə haqsız çıxaranlar var.

Onlar Türkiyə-Azərbaycan müttəfiqliyini görməzdən gəlirlər. Məsələn, Ərdoğanın Şuşa və Füzuli səfərləri haqda pozitiv bir şey yazmazlar. Amma Türkiyədə hansısa agent-provokatorun haqlı olaraq cəmiyyətdən təcridini dünyanın ən qlobal məsələsi kimi təqdim edirlər...

Araşdırmaçı jurnalist Xədicə İsmayıl 44 günlük müharibədə Azərbaycanın tərəfini tutduğu üçün  Qərb tərəfindən cəzalandırılıb. Bu haqda o özü almandilli “Zenith.me” saytına müsahibə verib.

Deyib ki, ölkəsinin mövqeyini müdafiə etdiyi üçün sanksiya ilə üzləşib. Artıq ona Avropadan, ABŞ-dan dəvətlər gəlmir.

Xədicə İsmayıl teatra niyə buraxılmayıb? - BBC News Azərbaycanca

Xədicə İsmayıl

Xədicə İsmayıl Qərb üçün Azərbaycanda əsas adamlardan biri olub. Qrant layihələrindən tutmuş, mühacirətə gedənlər, buradakı müxalifətçilər haqqında onun arayışı əsas olub. O, 44 günlük savaşda doğmasını, qardaşının oğlunu şəhid verdi. Bu amil onun ermənilərə, işğala, müharibəyə və Azərbaycana münasibətini konkretləşdirməyə təkan verdi. Bu savaşda Xədicə İsmayıl doğmasını itirdi. Həm də çox gənc bir doğmasını.

Bu fakt ona qeyri-obyektiv mövqe tutmağa imkan verməzdi. İstəsəydi belə bu mümkün olmazdı.

Bəs yerdə qalan qərbçilər necə davranacaq? Onlar ABŞ, Avropa fondları ilə münasibətləri qoparmamaq üçün erməniləri müdafiə edəcəklərmi?

Mühacirətdə yaşayan soydaşımız, tanınmış jurnalist Elbəyi Həsənli öz facebook profilində həmkarının bu addımını alqışlayıb. Onun statusunda olduqca maraqlı məqamlar yer alır: “Xədicə İsmayıl Qərbə üsyan etdi. Heç vaxt inanmazdım ki, o, buna cəsarət edə bilər. Halal olsun. Alqışlayıram...

Elbəyi Həsənli: “Heç vaxt inanmazdım ki, o, buna cəsarət edə bilər”

Müsahibədə son dərəcə ilginc məqamlar var. Məsələn, Xədicə xanım deyir ki, mən İlham Əliyevi heç bir məsələdə müdafiə etmirəm, ancaq Qarabağ məsələsində o, sona qədər haqlıdır. Bu müharibə İlham Əliyevin yox, xalqın apardığı müharibədir. 600 min insan öz ölkəsində ermənilər tərəfindən qaçqına çevrilmişdi...

Bildirir ki, həbsindən sonra ona Azərbaycanı tərk etməyə icazə verilməyib. Sonra isə bu qadağa aradan qaldırılıb. Ancaq ona daha əvvəlki kimi Qərb təşkilatlarından dəvətnamələr göndərilməyib. Məlum olub ki, onun ermənilərlə bağlı dedikləri Qərbdəki ermənipərəst dairələrin xoşuna gəlməyib. Elə bu səbəbdən də ona göndərilən dəvətnamələrə son qoyulub.

Xədicə xanım deyir ki, mən elə düşünürdüm ki, həbsdə olarkən məni korrupsiya ilə bağlı araşdırmalarıma və insan hüquqlarının müdafiəsinə görə müdafiə ediblər. Bəziləri isə mənə dedi ki, mən Qarabağ məsələsi ilə bağlı Ermənistana qarşı çıxış etmişəm. Buna görə də onlar çox təəssüf edirlər ki, həbsdə olduğum müddətdə məni müdafiə ediblər.

Xədicə xanım bildirir ki, Qərbdə Azərbaycanın mövqeyini müdafiə edən, onun problemə baxışını dilə gətirən kimsə yoxdur. Yalnız pul gücünə Azərbaycan öz mövqeyini kimlərəsə çatdıra bilir. Yəni bütövlükdə Qərbin ermənilərin tərəfini tutduğuna işarə edir...

Əkrəm Əylislinin “Daş Yuxular” romanına toxunan Xədicə xanım deyir ki, Qərb yalnız bir tərəfdən belə yanaşma gözləməli deyil. Yəni ermənilərin də etiraf etməli günahları çoxdur. Ancaq onlar bunu etmirlər.

Müsahibədə Xədicə xanım vurğulayır ki, nənəsinin atası 1918-ci ildə Şamaxıda daşnaklar tərəfindən öldürülüb: “İllər ötüb, mənim gələcək nənəm çox gözəl və intellektual bir kişi ilə ailə qurub. Ancaq sonra bir erməni qadın onun ərini yoldan çıxarıb. Yəni nənəmin erməniləri sevməmək üçün kifayət qədər əsası vardı. Ancaq o, bizlərə ermənilərə nifrət hissi aşılamadı. Əksinə, dedi ki, biz ermənilərlə münasibətlərimizi pisləşdirən əməllərdən çəkinməliyik. Axı biz sonda yenə də ermənilərlə bir yerdə yaşamalı olacağıq...””

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçildi »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Günel Səfərova: “Heç bir ölkə vətəndaşlarımızın sosial probleminin həllini Azərbaycan dövləti kimi düşünməyəcək”

QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərovanın da məsələyə baxışı diqqətləri xüsusilə çəkir: “Çox təəssüflər olsun ki, bizim cəmiyyətdə iranpərəst, qərbpərəst, ruspərəst yönlü bölgülər var. Sözsüz ki, bu bölgülər bir çox ölkələrdə var. Amma Azərbaycanın geosiyasi vəziyyətini nəzərə alanda bu məsələyə həssaslıqla yanaşmaq lazımdır. Konkret Xədicə İsmayıla gələndə, bu şəxs Ermənistanın işğalı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şahidi olduğum beynəlxalq tədbirlərdə çıxış edib. Açıq şəkildə fikirlərini deyib. İnsan hüquq təşkilatlarına da həm 44 günlük müharibədə, həm ondan əvvəl, həm də sonra ermənilərin günahsız insanları hədəfə alması ilə əlaqədar kifayət qədər tutarlı faktlar ortaya qoyan insanlardan biridir. Ola bilər ki, bu gün alman mətbuatında onun haqqında yazı çıxıb. Bu yazının da səs-küyə səbəb olması ondan irəli gəlir ki, biz qalib ölkəyik. Artıq Qərb mətbuatı da buna həssas yanaşır. Açığı, mən özüm onun işğal faktoru ilə bağlı Ermənistanın işğalçı olmasını vurğuladığının müharibədən əvvəl də şahidi olmuşam. Qərbin buradakı davranışlarına gəldikdə isə Azərbaycana münasibətdə ikilistandartları, iki və ya on üzlüklərini dəfələrlə müzakirə etmişik. Çox təəssüflər olsun ki, elə institutlar var ki, Azərbaycana münasibətdə milli maraqlarımızı dəstəkləyən insanlara qarşı mövqedə ikiüzlüdürlər. Bu bizim hər zaman qarşılaşdığımız faktdır. Bu və ya digər səviyyələrini görmüşük. Qərb, Amerika fondları hansı cür davranacaq, maliyyələşdirəcək, ya yox, bu faktlar məndə yoxdur. Beynəlxalq təşkilatlar və fondlar layihələri maliyyələşdirir, yaxud hansısa xidməti, məsələn, hüquqşünas, araşdırmaçı, müstəqil ekspert, jurnalist kimi. Bu cür müqavilələr olur. Hər zaman dəstəklədiyim bir məsələ var ki, heç bir ölkə vətəndaşlarımızın sosial probleminin həllini Azərbaycan dövləti kimi düşünməyəcək. Heç kəs gender məsələlərində, yaxud həssas mövzularda, məişət zorakılığı və s. kimi məsələlərdə bizim qədər onları narahat etməyəcək. Çünki bu problemləri yaşayan cəmiyyətimizin üzvləridir. Dövlət klassik formada bunu həll etməyə çalışır. Digər qərbyönlülərin kim olduğunu bilmirəm. Əlbəttə, bu istiqamətdə söz-söhbətlər hər zaman gəzir. İctimai sektorda təmsil olunan biri kimi bunun tez-tez şahidi oluram. Onların maliyyələri davam edəcəkmi, ya yox, mənim buna cavabım yoxdur. Amma ermənilərin mövqeyini müdafiə edənlərin sayı əminliklə deyə bilərik ki, ölkəmizdə olduqca azdır, hətta barmaqla sayılacaq qədər. Düşünürəm ki, bunlar da daha çox müharibə əleyhinə olan insanlar idi. Amma bunu dərk etmək lazım idi. Azərbaycanın təəssüflər olsun ki, Qarabağ münaqişəsinin həllində müharibədən başqa ikinci çıxış yolu görünmürdü. Ümumiyyətlə, seçim yolu ancaq bu idi. Heç kəs müharibə istəmir. Kimsə yaxınının, doğmasının ölməsini istəmir. Ümumiyyətlə, heç kəs xalqının bir nümayəndəsinin ölümünü arzulamır. Amma təəssüf edirəm ki, işğalçı Ermənistan bizdə seçim qoymadı. Torpaqlar geri qaytarılmalı idi. Beynəlxalq təşkilatların ikiüzlüyü nəticəsində qəbul edilən qətnamələrin gücü olmadı. Əgər Qərb və Amerika müharibə istəmirdisə, himayə etdikləri Ermənistanın vətəndaşlarının ölməsinə razı deyildilərsə, o zaman Qarabağ məsələsində çıxardıqları qətnamələrin şərtlərinə əməl etməyə işğalçı tərəfi məcbur etməli idilər. Torpaqlar müharibəsiz, qeyd-şərtsiz qaytarıla bilərdi. Azərbaycanı müharibə seçimi qarşısında qoymamalı idilər. Düşünürəm ki, bu, müvəqqəti bir məsələdir. Biz hər zaman ayıq-sayıq olmalıyıq. Öz torpaqlarımızı geri qaytarmışıq, qalib olmuşuq. Biz gərəkli olan addımı atmışıq. Torpaqlarımızı azadlığına qovuşdurmuşuq. Qərbin buna mövqeyi öz daxili problemləridir. Bir çox beynəlxalq tədbirlərdə, şəbəkələrdə təmsil olunuram. Mövqeyimiz başından məlumdur. Milli məsələ bizim üçün ana xəttdir. Açığı, onların özləri də bu milli birliyi gözləmirdilər. Xalq hakimiyyətin sosial problemləri ilə əlaqədar müəyyən siyasətindən narazı ola bilər. Amma milli məsələdə qanına, canına qədər bir yerdə olur. Azərbaycan xalqından bunu gözləmirdilər. Nə qədər çalışsalar da, istəklərinə nail ola bilmədilər və bilməyəcəklər. Amma bütün bunlar da o demək deyil ki, əl-qolumuzu yanımıza salıb, bu istiqamətdə işləməyək”.

“Yeni Müsavat”