📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qəzaların çox, ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri kamera-radar siyasətidir" - NATİQ CƏFƏRLİ

2023-03-03 14:16:00

"Dövlət orqanları bu günə qədər bir dəfə də olsun qəzalarla bağlı elmi-sosiolaji araşdırmalar aparmayıblar, daim səsbəblərdən deyil, nəticədən danışıblar"

"Azərbaycanda 2022-ci ildə yol qəzaları nəticəsində 834 nəfər həyatını itirib ki, bu da əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur. Gürcüstanda 2022-ci ildə isə yol qəzalarında 430 nəfər, Ermənistanda isə 321 nəfər həyatını itirib. Əhali sayı nisbətini götürəndə, hər iki ölkə ilə müqaisədə bizdə, aşağı-yuxarı, bərabər göstəricilərdir, amma gəlin digər səbəblərə baxaq. Mən Azərbaycandan sonra ən çox avtomobil idarə etdiyim ölkə Gürcüstandır. Yolları bizdən çox bərbadır, bölünmüş, qoşa yolları çox azdır (bir tək Tiflisdən Batumi istiqamətində 100 km yaxın bölünmüş yol var), sürət radarları, kameralar çox azdır, amma ölüm sayı bizim ölkə ilə eynidir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Onun fikrincə, Azərbaycanda qəzaların çox, ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri dövlətin kamera-radar siyasətidir: "Təbii ki, sürücülük vəsiqələrinin pulla satılmasının da təsiri var, amma bu, həlledici deyil. 27 illik sürücülük təcrübəsi, yüzminlərlə km yol sürən biri kimi deyə bilərəm ki, bizdəki yol sürət rejimi qəzalar üçün əsas şərait yaradan amillərdən biridir. Bakı-Qazax, Bakı-Astara, Bakı-Şamaxı yollarının keyfiyyəti pis deyil, bölünmüş, yəni qəzalar üçün müəyyən sığorta yaradan yollardır. Amma hər 3-5 km-dan bir kamera-radarların quraşdırılması sürücülərin davranışlarına birbaşa təsir edir".

REAL-ın icra katibinin sözlərinə görə, kamera-radarlar çox zaman məntiqsiz olaraq, yol hərəkətinin təhlükəsizliyi üçün deyil, məhz cərimə yazmaq üçün quraşdırılıq: "Bakı-Qazax yolunda bu daha aydın görünür. Sürət həddi 110 km olan yerdə çox qısa məsafədə birdən sürət həddi 70 km-ə və ya 60 km-a salınır, sonra yenidən 110 km-ə qaldırılır. Sürücülər radarlararası məsafədə sürəti kəskin artırırlar, bir radardan digər radara qədər 140-170 arası sürət yığırlar, sonra kəskin sürəti salırlar və beləcə yol boyu onlarla dəfə belə sürüş rejimində maşın idarə edirlər, bu da qəza şəraitini artıran əsas amilə çevrilir. Eyni sürüş rejimi digər bölünmüş yollarda da təkrarlanır ki, bu da qəzaları artırır. Dövlət orqanları bu günə qədər bir dəfə də olsun qəzalarla bağlı elmi-sosiolaji araşdırmalar aparmayıblar, daim səsbəblərdən deyil, nəticədən danışıblar. Yanaşmaları sürücüləri təşviq etmək üçün deyil, cəzalandırmaq üçündür. Yəni, YPX-i işçilərinin arzusu, istəyi, marağı sürücülərin qayda pozması üzərinə qurulub. Nə vaxta qədər YPX-i işçilərinin marağı qayda pozanlardan asılıdır belə də olacaq".

Natiq Cəfərli hesab edir ki, bölünmüş yollarda sürət rejimi mütləq dəyişdirilməlidir, sürət həddi 130 km-ə qaldırılmalıdır, bu həddi pozanlara cəza isə daha sərt olmalıdır: "Yəni, kim 130 km sürət həddini pozsa həmən 5 bal və 200 manat da cərimə olunmalıdır və bu insan faktorundan asılı olmamalı, inspektorin insafına buraxılmamalıdır. Təbii ki, digər təşviqedici, maarifləndirici tədbirlərə də ehtiyac var. Ama əsas bu "sürət tələsindən" qurtulmaq lazımdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az