Qiyamətdən sağ çıxanlar illərlə bu yeməyi yeyəcək - ŞOK DETALLAR
Süni intellektin nəzarətdən çıxmasından nüvə müharibəsinə, iqlim fəlakətlərindən nəhəng asteroid toqquşmalarına qədər insanlığın sonunu gətirə biləcək müxtəlif ssenarilər müzakirə olunur. Alimlərin apardığı son araşdırma isə belə fəlakətlərdən sonra sağ qalan insanların hansı bitkilərə güvənə biləcəyinə dair maraqlı nəticə ortaya qoyub.
Hurriyyet.media xəbər verir ki, araşdırmaya görə, qlobal miqyaslı fəlakətdən sonra kənd təsərrüfatını yenidən qurmaq üçün ən dayanıqlı bitkilərdən biri maş (lobya) ola bilər.
Avstraliyada yerləşən qiyamət günü toxum anbarında aparılan sınaqlar zamanı müxtəlif bitkilərin ekstremal iqlim şəraitinə və turşu yağışlarına davamlılığı araşdırılıb.
Nəticələr göstərib ki, dondurularaq saxlanılan toxumların ömrü əvvəllər düşünüldüyü qədər uzun olmaya bilər. İlkin hesablamalarda bəzi toxumların 2 min ilədək qoruna biləcəyi ehtimal edilsə də, sınaqlar onların daha qısa müddət ərzində cücərmə qabiliyyətini itirə biləcəyini göstərib.
Tropik bitkilər arasında isə maş xüsusilə diqqət çəkib. Sınaqdan keçirilən nümunələr arasında maş toxumları 45 il ərzində cücərmə və yeni bitki əmələ gətirmə qabiliyyətini qoruyaraq ən uzunömürlü növlərdən biri olub.
Araşdırmada davamlılığı ilə seçilən digər bitkilərdən biri Afrika və Hindistan mənşəli sorqum olub.
Sorqum müxtəlif qida məhsullarının hazırlanmasında istifadə edilməklə yanaşı, bəzi spirtli içkilərin istehsalında da tətbiq olunur. Bu səbəbdən tədqiqatda zarafatla da olsa, gələcəkdə fəlakətdən sağ çıxan insanların maşdan hazırlanan şorba və yeməklərin yanında sorqumdan hazırlanmış içkilərdən istifadə edə biləcəyi qeyd edilir.
Cənubi Asiya mətbəxində geniş istifadə olunan maş yüksək qida dəyəri ilə seçilir. Ondan şorba, sıyıq və müxtəlif xəmir yeməkləri hazırlamaq mümkündür.
Qlobal fəlakət ssenarilərində toxumların qorunması xüsusi əhəmiyyət daşıyır. Bunun əsas nümunələrindən biri Norveçin Şpitsbergen adasında yerləşən Svalbard Qlobal Toxum Anbarıdır.
Dağın daxilində inşa edilən anbar dünyanın müxtəlif yerlərindən toplanan bitki toxumlarının uzunmüddətli qorunmasını təmin edir. Burada təxminən 1,4 milyon toxum nümunəsi saxlanılır.
Toxumlar xüsusi hava keçirməyən alüminium paketlərdə qorunur. Məqsəd mümkün müharibələr, təbii fəlakətlər, iqlim böhranları və digər böyük böhranlar nəticəsində kənd təsərrüfatı sistemləri zərər görərsə, bitki müxtəlifliyini yenidən bərpa etmək üçün ehtiyat yaratmaqdır.
Beləliklə, mümkün qlobal fəlakətdən sonra insanlığın qida sisteminin yenidən qurulmasında maş və digər davamlı bitkilərin toxumları mühüm rol oynaya bilər.