"Qlobal və regional amillər Azərbaycana Qarabağda suverenliyini tam təmin etmək üçün əlverişli şərtlər yaradır" - NAZİM CƏFƏRSOY
"Əgər diplomatik, hərbi, iqtisadi və mədəni amilləri doğru istifadə etsək, 2025-ci ilə qədər Qarabağda suverenliyimizi tam təmin etmə prosesi uğurla nəticələnməlidir"
"Hazırda Ruben Vardanyan Qarabağda suverenliyimizin tam bərpası üçün Nikol Paşinyanın 2018-2020-ci illərdəki rolunu oynayır. Paşinyan kimi Vardanyan da həm davam edən və əslində, çox yavaş prosesi sabotaj edir, həm də Azərbaycana qarşı iddialı fikirlər dilə gətirir". Hurriyyet.az-ın məlumatına görə, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.
QAFSAM-ın sədr müavini bildirib ki, ekologiya konteksli başlayan fəaliyyəti güclü və qərarlı formada davam etdirsək, yeni istiqamətlər əlavə edərək gücləndirsək, onda zamanla Vardanyan başda olmaqla, Qarabağdakı işğal tör-töküntüsünün valı necə dəyişəcəyini də görəcəyik: "Qlobal və regional amillər Azərbaycana başda Xankəndi və Xocalı olmaq üzrə bütün Qarabağda suverenliyini tam təmin etmək üçün əlverişli şərtlər yaradır. Əgər diplomatik, hərbi, iqtisadi və mədəni amilləri doğru istifadə etsək, 2025-ci ilə qədər Qarabağda suverenliyimizi tam təmin etmə prosesi uğurla nəticələnməlidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az