Qobu Parkda su böhranı: Sakinlər vedrələrlə su daşımağa məcbur qalıblar (VİDEO)
Sakinlər vedrələrlə su daşımağa məcbur qalıblar
Bakı şəhəri Qaradağ rayonunda yerləşən Qobu Park 1, 2 və 3 yaşayış komplekslərinin sakinləri iki gündür su təminatının tamamilə dayandığını bildirirlər.
Goldmedia.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yaranmış vəziyyət minlərlə insanın gündəlik məişət və gigiyenik ehtiyaclarını ödəməsində ciddi çətinlik yaradıb.
Şikayətçilər bildirirlər ki, ərazidəki bəzi marketlərdə belə içməli su tapmaq çətinləşib. Ehtiyat su anbarlarında suyun olmaması isə vəziyyəti daha da ağırlaşdırıb.
Sakinlərin sözlərinə görə, yaranmış problemin fonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əraziyə su avtomobili göndərərək keçmiş məcburi köçkünlərin su ilə təmin olunmasına köməklik göstərir.
Vətəndaşlar su avtomobilindən vedrə və digər qablarla mənzillərinə su daşıdıqlarını, hətta sanitar qovşaqların təmizlənməsi üçün belə su çatışmazlığı yaşadıqlarını bildirirlər.
Qobu Park sakinləri su təchizatına cavabdeh qurumların fəaliyyətindən ciddi narazılıqlarını ifadə edərək problemin təcili həllini tələb edirlər.
“XXI əsrdə insanlar niyə vedrələrlə evlərinə su daşımalıdır?” – deyə sakinlər yaranmış vəziyyətə etirazlarını bildirirlər.
Məsələ ilə bağlı su təchizatına cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mövqeyini dərc etməyə hazırıq.
Goldmedia.az
18:08
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Goldmedia.az-a bildirib ki, Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərlə bərpa olunacaq.