Qoca qarının divlə sevişməsi - Azərbaycanda uşaqların tərbiyəsini kim pozur?
Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı zaman-zaman tənqidi fikirlər səslənir və problemlər hələ də qalmaqdadır. Bu mövzu sosial şəbəkələrin Azərbaycan seqmentində yenidən gündəm olub. “Cəlayi-Vətənin nağılı”ndakı intim səhnə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Cəlayi-Vətənin qoca anası ilə divin sevişmə epizodunu bir sıra valideynlər qeyri-tərbiyəvi sayıb.
Yenisabah.az-a açıqlamasında sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, bu tip nağılları uşaqlarımıza oxutmaq, onu dərsliyə salmaq sadəcə olaraq psixoloji terrordur və açıq şəkildə əxlaqsızlığın təbliğatıdır:
“20 ildən çoxdur ki, bu işlə məşğul olan mütəşəkkil dəstə var. Onlar əvvəllər də kitablarımıza və antologiyalarımıza belə şeyləri dürtüblər. Onlar xalqın mifologiyasına, folkloruna və ədəbiyyatına zərrə qədər aid olmayan şeyləri ortaya çıxarıblar. Bunun yazılması və danışılması rəzillik və biabırçılıqdır.
Mən o vaxtı bunu araşdırdım. Bu, gizli bir mafiyadır. Qarşılarına belə bir plan qoyulub ki, uşaqlardan başlayaraq Azərbaycan xalqının qadınlarını, qızlarını pozğuna çevirin. Belə nağıllarla murdar və rəzil şəkildə övladlarımızın beynini pozurlar”.
“Əslində, bu, mənim işim deyil, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Güman edirəm ki, onlar Ermənistandan maliyyələşdirilir. Ya da xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələridir.
Ona görə də təhlükəsizlik və hüquq-mühafizə orqanları bu adamları tapıb cəzalandırmalıdır. Çünki açıq şəkildə xalqımız təhqir olunur”, – deyə E. Bayramlı fikirlərini yekunlaşdırıb.