📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qoca tülkü", "xəsis oliqarx" və "yaramaz sələmçi" Bakını hədəfə alıb: onu tanıyın - ARAŞDIRMA

2022-03-21 13:36:00

"Siyasətdə bəzən siması çox, maskaları tükənməz insanlar görürəm. Lakin simasızın özümü qətiyyətli və iradəli insan kimi göstərməsi çox pisdir. Həmin adam mənşəyi çirkli pullarla zəngin olanda isə beləsindən lap iyrənirəm".

Otto fon Bismarkın əsrlər əvvəl söylədiyi bu kəlmələr "aktuallığını itirməyib" yazsaq, klişe olar.

Amma gerçəkdən də, "Dəmir kansler"in söylədikləri Avropanın çox siyasətçisinə şamil edilə bilər.

"Dəmir ledi" kimi tanınan britaniyalı deputat və siyasətçi, 77 yaşlı Marqaret Hoca da həmçinin.

Daha doğrusu, xüsusilə və əlahiddə şəkildə.

... Martın 1-i. Leyboristlər Partiyasından olan Marqaret Hoc tribunaya qalxır və xarici işlər nazirliyinə sual ünvanlayır: "Rusiya Ukraynada müharibə aparır. Dünyanın bir sıra ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Lakin Azərbaycanla Qazaxıstan bu sanksiyalara qoşulmayıblar. Azərbaycanla Qazaxıstana, Rusiya Prezidenti Vladimir Putini və Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləyən Azərbaycanla Qazaxıstana qarşı məhdudiyyətlər, sanksiyalar tətbiq etmək fikriniz varmı?"

Britaniyanın xarici işlər naziri Elizabet Trass qoca deputatın "sorğu"sunu hələ də cavablamayıb, halbuki Londonun siyasət qaydalarına və yazılmamış siyasi etiket qanunlarına görə, nazir mütləq şəkildə suala cavab verməli, ya da şərhini bəyan etməliydi.

Trass susdu, çünki anqllarla saksların yaxşı deyim var: "Səfehə və sarsağa cavab verirsənsə, ona nəyisə başa salmağa çalışırsansa, özün də onun tayı olursan".

Marqaret Hocun "Azərbaycanla Qazaxıstanla qarşı sanksiyalar" tələbi siyasi idiotizmin ən bariz nümunələrindən biridir və diplomatiyanın təməl qaydalarının tədris olunduğu ali təhsil müəssisələrində "siyasətçi necə olmamalıdır" bölməsində tələbələrə öyrədilməlidir.

Qazaxıstan, məsələn, səbrli davranmadı. Britaniyanın Qazaxıstandakı səfiri Qazaxıstan XİN-ə çağırıldı, ondan M.Hocun açıqlaması ilə bağlı şərh istənildi, rəsmi Astananın qətiyyətli narazılığı səfirin diqqətinə çatdırıldı.

Fəqət deputat idiotdursa və ya qarşısına qoyduğu məqsədə çatmaq üçün özünü idiot kimi göstərirsə, səfir nə etsin?!

Britaniyanın Azərbaycan və Qazaxıstanla münasibətləri intensivdir, yaxşıdır və tərəflərin maraqlarına xidmət edir.

Hansısa Hoc da marazmatik açıqlamaları ilə bu münasibətləri sərinlədə bilməz.

Təbii, demokratik ölkədə istənilən deputat parlamentdə istədiyini deyə bilər, bununla işimiz yox.

Hocu idiot saysaq da, fərz edək ki, bu bəyanatı Britaniya parlamentində ciddi, obyektiv və ölkəsinin maraqlarını öz mənafeyindən, korporativ istəklərindən üstün tutan birisi səsləndirib.

Və hesab edək ki, bəyanatı ciddiyə alırıq.

Azərbaycan gerçəkdənmi Ukraynadakı müharibədə illateral, laqeyd və soyuqqanlı mövqe tutub?

Ukrayna və Rusiya Azərbaycanın strateji tərəfdaşları, müttəfiqləridir və bu səbəbdən də Azərbaycan müharibdə situasiyasında aşkar tərəf tutmaq niyyətində deyil.

Ukraynanın sərhəd toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi Azərbaycan üçün önəmlidir, rəsmi Bakı da bu prinsipləri daim dəstəkləyir.

Ukraynadakı savaşın bir an öncə bitməsini istəyən Bakı indiyədək Kiyevə dəfələrlə böyük həcmdə yardımlar yollayıb.

Rusiyaya qarşı sanksiyalara gəldikdə isə, Azərbaycanın tutduğu mövqeyi kollektiv Qərb də dərk edir və anlayışla qarşılayır.

Belədə, M. Hocun iddiaları tam absurd səviyyəli açıqlamalar müstəvisinə keçir.

Marqaret Hoc dünyaca məşhur Oppenheymerlər sülaləsinin mənsubudur. Onun atası Hans Openheymer Almaniyadan Misirə qaçmış iş adamı, "Stemcor" poladərimə korporasiyasının sahibi idi. Marqaret də 1944-cü ildə Qahirədə doğulub. Ailə 1948-ci ildə Londona köçüb.

Oppenheymerlər ailəsi Britaniyanın və dünyanın ən böyük metallurgiya şirkətlərindən birinin sahibidir. Marqaret və Ralf da şirkətin əsas səhmdarlarıdır.

Məhz bu səbəbdən Marqaret Oppenheymerin (sonra Marqaret Uonston oldu, ikinci dəfə ərə gedəndən sonra isə Marqaret Hoc kimi tanındı) London İqtisadiyyat Məktəbini başa vurandan sonra Britaniya paytaxtının İslinqton səmtinin bələdiyyə rəhbərliyində olması, 1982-1992-ci ildə isə həmin bələdiyyə sədrlik etməsi təəccüblü deyil.

1994-cü ildən bəri Britaniya parlamentinin deputatı olan Marqarent Hoc ölkənin Leyboristlər Partiyasının sədri postuna seçkilər keçiriləndə Toni Bleri dəstəkləmişdi.

M.Hoc 4 dəfə nazir olub. 2011-2010-cu illərdə o, növbə ilə Ali Təhsil, Uşaqlarla İş üzrə Nazirlik, Əmək və Təqaüd Təminatı, Mədəniyyyət nazirliklərinə rəhbərlik edib. 2010-2015-ci illərdə isə Britaniya hökumətinin Hesablama Komitəsinin sədri olub.

2011-ci ildə Oppenheymerlər ailəsinin Lixtenşteyndəki trast fondunun Britaniyaya köçürülməsi zamanı M.Hoc qanunsuz olaraq 1,5 milyon funt-sterlinq gəlir əldə etmişdi.

Ailənin trans fondunun vəsaitlərinin 75 faizi isə Britaniyada vergilərdən yayınmaq üçün Panamada qeydiyyata alınmışdı.

M.Hodge nazirliyi dövründə məsul olduğu uşaq evlərində uşaqların cinsi istismarı, digər dəhşətli zorakılıqları (uşaq fahişəliyi, işgəncə, qətllər) araşdırdılıb, onun dəhşətli faktları ört-basdır etməsi ilə bağlı "London Evening Standard" , BBC və s. nəşrlər reportaj yayımlayıb. Onun partiyadan qovulması ilə bağlı çağırışlar səslənib.

M.Hodcun antisemitizmlə maskalanaraq, gerçəklikdə irqçi mahiyyəti, tərəf tutması, müstəmləkəçilik siyasəti ilə ailə sərvəti-şirkət qurması da geniş tənqid atəşinə tutulan mövzulardandır. Tanınmış "Open secret" təşkilatı bununla bağlı "Parlament üzvü Marqaret Hoc aparteid mövzusunda ən çox spekulyasiya edənlərdəndir"adlı geniş araşdırma hazırlamışdı.

Marqaret Hocun Azərbaycanı hədəfə almasının əsas səbəbləri onun mənsub olduğu ailə şirkətinin ölkəmizlə bağlı mənfəət gözləntilərinin puç olması və habelə, 77 yaşlı deputatın son illərdə ermənilərin diaspor təşkilatları ilə həddən ziyadə sıx əlaqələr qurmasıdır.

Zəngin erməni iş adamlarının, kilsə ideoloqlarının, siyasətçilərin və s. təmsil olunduğu "Böyük Britaniyanın  Erməni İcma Şurası" (ACCUK-Armenian Community Council UK) son illərdə ölkəmizə qarşı geniş fəaliyyət aparmaqdadır. İcmanın sədri  Ara Palamudyan həm iş adamı, həm də kilsə "xadimi"dir.

"Bu fəaliyyət Azərbaycan-Britaniya ikitərəfli münasibətlərinin qənaətbəxş səviyyəsi  nəzərə alınmaqla maksimum gizli şəkildə həyata keçirilir", - bunu erməni araşdırmaçı qrupu "Hetq" də etiraf edib.

Ermənistanın sabiq prezidenti Armen Sarkisyan da bu təşkilatın rəhbərlərindən biri olub. Təsadüfi deyil ki, Ermənistan prezidenti seçiləndən sonra A.Sarkisyan "şəxsi məlumatların konfidensiallığı" prinsipi ilə maskalanaraq özü barədə məlumatları ya rəsmi sənədlərdən tam sildirib, ya da cizlətməyə nail olmuşdu.

Siyasi mövqeyinə və ya iradəsinə görə yox, ailəsinin metallurgiya oliqarxları arasında yer aldığına görə "Polad Ledi" adlandırılan Marqaret Hoc da A.Sarkisyanla həm siyasi, həm biznes tərəfdaşı olub.

Belə ki, A.Sarkisyan uzun illər Ermənistanın Fransadakı səfiri olanda həm də "Bekaert" metallurgiya şirkətinə sahiblik edirdi.

Britaniyada çox nüfuzlu, İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən səxavətlə maliyyələşdirilən "Westminster Foundation for Democracy (WFD)" - Vestminister Demokratiya Fondu ilə Ermənistan rəhbərliyi çoxsaylı layihələr həyata keçirir, birbaşa erməni parlamenti və Baş nazir administrasiyası ilə layihələr reallaşdırılır.

"Təsadüf"ə bax ki, fondun rəhbərlərindən biri məhz Marqaret Hocdur.

Sözügedən qurum Ermənistanın baş naziri Nikol Paşinyana "ölkədə mütərəqqi maliyyə sistemi və modern parlament quruculuğu" adı ilə on milyonlarla funt-sterlinq yardımlar edib. Həmin pullar Paşiyanın siyasi fəaliyyətinə, daha konkret  olsaq, "Mənim addımım" partiyasının büdcəsinə yönəlib.

44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistanın tam məğlubiyyətinə və kapitulyasiyasına rəğmən, Nikol Paşiyanın yenidən parlament seçkilərində qalib gələrək baş nazir postunu qorumasında WFD-nin maliyyə dəstəyinin əhəmiyyətli rolu olub.

Məhz həmin struktur Britaniyada Azərbaycana qarşı aksiyaların tam əksəriyyətinin arxasında durur.

Britaniya Parlamentinin İcmalar Palatasının spikeri, ser Lindsi Hol da "Westminster Foundation for Democracy"nin himayədarları arasındadır və onun təqdimatı da "WFD  Patron" formasındadır.

Əsasən Britaniya XİN maliyyəsi ilə çalışan WFD-nin rəsmi saytında Ermənistanla bağlı ayrıca bölmə mövcuddur. Bu da onun məxsusi olaraq bu ölkəyə maddi dəstəyi ilə bağlı olduğuna dəlalət edir.

Britaniya parlamentinin spikeri Ermənistanda layihələri maliyyələşdirir, Marqaret Hocun da Azərbaycana qarşı verbal hücumlarına tam şərait yaradır.

Paradoksdur, deyilmi?

Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun 5 üzvü var. Lakin Ermənistanla dostluq qrupunda aralarında baronessa Koks da olmaqla 7 deputat qeydə alınıb.

Əhalisi cəmi 3,1 milyon olan Ermənistan təki kiçik dövlətin "dostlar"ının sayının Azərğbaycanla bağlı analoji qrupdan çox olması yalnız ilk baxışdan təəccüblü görünə bilər. Səbəb trivialdır: Ermənistanla dostluq qrupu erməni diaspor təşkilatları tərəfindən külli miqdarda "ianə" formatında maliyyələşdiyi üçün britaniyalı deputatlar asan gəlir üçün ora üz tuturlar.

Britaniyanın baş naziri Boris Consonun mənsub olduğu Mühafizəkarlar Partiyasına qatı antoqonist mövqu tutmuş leyboristlərin davranışları "Duimanlı Albion"un əsrlərdən bəri gələn siyasət modelinə uyğun olsa da, mövqelərini erməni puluna satışa çıxaran deputatların fəaliyyəti ikrah doğurur.

Anqlosaks siyasi təcrübəsində belələrini "sipah" adlandırırlar: "sipah"lar Hindistandakı soyqırımlara haqq qazandıran və bunun üçün "East India Company"dən pul alan deputatların siyasi ləqəbləri idi.

Amma siyasətin real yönü, gerçək mahiyyəti də var və Marqaret Hoc nə qədər çalışsa da, rəsmi Londonun maraqlarını, Britanyianın mənafelərini üstələyə bilməyəcək.

Geosiyasətdəki "İngilis mövqeyi" anlamı əsrlər boyu qüvvədə olduğu kimi, indi də realdır.

Məqaləyə dair fotomateriallar:

 

 

Orxan Hun
Milli.Az