Qreta Tunberq və tərəfdarları Fələstini dəstəkləyirlər: “Susmaq – iştirakçı olmaqdır”
Hurriyyet.az xəbər verir ki, “Gələcək naminə cümələr” gənclər hərəkatının, o cümlədən, isveçli ekoaktivist Qreta Tunberqin Britaniyanın “Qardian” (“The Guardian”) nəşri üçün yazılmış məqaləsində gənc iqlim fəallarının İsrailin hücumlarının hədəfində olan fələstinlilərin dəhşətli bəşəri əzablarından danışmağı dayandırmayacaqları bildirilir.
Ekofəallar qeyd edirlər ki, oktyabrın 7-də edilən hücum “heç bir halda İsrailin davam etməkdə olan hərbi cinayətlərini legitimləşdirə bilməz. Çünki soyqırımı nə özünümüdafiədir, nə də həmin hücuma uyğun cavabdır”.
Onlar əzabkeşlərin, qaçqınların, qurbanların müdafiəsi uğrunda səslərini ucaltmaqdan vaz keçməyəcəklərini bəyan ediblər.
Gənc fəallar bütün dünyada antisemit və islam əleyhinə çağırışların artmasını da diqqətə çatdırıblar, məscidlərin dağıdılmasının və eyni zamanda İsveçdəki sinaqoqların qarşısında İsrail bayraqlarının yandırılmasının yolverilməz olduğunu bəyan ediblər.
Məqalədə yazılıb: “Susmaq – iştirakçı olmaq deməkdir. Soyqırımı məsələsində neytral ola bilməzsiniz”.
Hürr Tərcüman