Qriqoryanın Moskva səfərinin PƏRDƏARXASI
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Moskvaya səfəri ilk baxışdan iqtisadi gündəliklə bağlı adi diplomatik təmas təsiri bağışlaya bilər. Rəsmi bilgiyə görə, baş nazir müavinin ikigünlük səfərində əsas məqsəd Avrasiya İqtisadi Birliyində iştirakdır. Çünki bu görüşün arxa planında Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət, nəqliyyat-kommunikasiya layihələri uğrunda rəqabət və Rusiyanın regiondakı əvvəlki təsir imkanlarını bərpa etmək cəhdləri dayana bilər.
Məsələ ondadır ki, Mher Qriqoryan Ermənistan hökumətində sadəcə iqtisadi məsələlərə cavabdeh şəxs deyil. O, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış komissiyanın Ermənistan tərəfindən sədridir. Aleksey Overçuk isə 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə yaradılmış üçtərəfli işçi qrupunda Rusiyanı təmsil edib. Həmin mexanizmin əsas vəzifəsi regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələlərini müzakirə etmək idi.

Mher Qriqoryanın səfərinin diqqətçəkən tərəflərindən biri də onun ABŞ-nin iştirakı ilə gündəmə gələn TRIPP layihəsi fonunda baş tutmasıdır. Vaşinqtonun təşəbbüsü ilə Ermənistan ərazisindən keçəcək nəqliyyat marşrutunun reallaşdırılması istiqamətində yeni mexanizmlərin yaradılması Rusiyanın regiondakı ənənəvi mövqelərinə təsir göstərir. Qriqoryan-Overçuk təmaslarının digər mühüm istiqaməti dəmir yolu kommunikasiyalarıdır.
Məlum olduğu kimi, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiya Dəmir Yollarının törəmə strukturu tərəfindən konsessiya əsasında idarə olunur. Bu fakt Rusiyaya Ermənistanın nəqliyyat infrastrukturu üzərində mühüm iqtisadi və praktiki təsir imkanı verir. Rusiya üçün burada iki mühüm maraq var: birincisi, Ermənistanın dəmir yolu infrastrukturunda mövcud mövqelərini qorumaq; ikincisi, yeni regional kommunikasiyaların açılması zamanı öz operatorunun və iqtisadi strukturlarının iştirakını təmin etmək.
Digər tərəfdən, Ermənistan-Rusiya münasibətlərində iqtisadi məsələlər də kifayət qədər həssas xarakter alıb.
İrəvanın Avropa İttifaqı və ABŞ ilə yaxınlaşması, Moskvanın isə Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki mövqeyini qorumaq istəyi iki ölkə arasında müəyyən ziddiyyətlər yaradır. Ermənistan hökuməti bir tərəfdən Qərblə əməkdaşlığı genişləndirməyə çalışır, digər tərəfdən Rusiya ilə iqtisadi əlaqələrin kəskin şəkildə pozulmasının ağır nəticələrini nəzərə alır. Moskva da bu asılılıq amilindən istifadə etməyə çalışa bilər. Ermənistanın enerji, dəmir yolu, ticarət və tranzit sahələrində Rusiyadan asılılığı İrəvanın xarici siyasət manevrlərini müəyyən qədər məhdudlaşdırır.
Qriqoryanın Moskvada görüşünün pərdəarxasında daha hansı məsələlər ola bilər?
Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a dediyinə görə, Ermənistan bir tərəfdən ABŞ-la TRIPP layihəsinin praktiki mərhələsinə başlayır, digər tərəfdən Rusiya ilə iqtisadi münasibətlərini qorumağa çalışır. Onun fikrincə, İrəvan tarazlığı qorumağa çalışır, amma çox çətindir: "Qriqoryanın Moskva səfəri də balans siyasəti yürütməyə hesablanıb. Eyni zamanda, ən ciddi problemi həll etmək lazımdır. Bu da dəmiryolları ilə bağlıdır. Çünki TRİPP layihəsi həm də dəmiryolu nəqliyyatının bərpasını nəzərdə tutur. Rusiya da əlindəki fürsətdən istifadə edir. Yəni dəmiryolları onun mülkiyyətidir deyə bu layihədə iştirakı üçün pay gözləyir və təzyiq edir.
Siyasi təhlilçi hesab edir ki, ikinci vacib mövzu erməni məhsullarına qoyulan embarqodur: "Rusiya Avrasiya İqtisadi İttifaqı ilə bağlı mövqe tələb edir. Qriqoryanın səfərində bu məsələ ən çox müzakirə edilən mövzulardan biridir. Nəzərə alaq ki, gələn ay da təşkilatın iclası keçiriləcək və Paşinyan Moskvaya səfər edəcək. Artıq Rusiya rəsmi açıqlama yayıb ki, Paşinyanın gəlişinə hazırlıq görülür. Deməli, ciddi və sərt müzakirə gedəcək. Ona görə də Paşinyan əvvəlcə müavinini Moskvaya göndərib. Qriqoryan səfər öncəsi həm TRİPP, həm Aİİ mövzularını nəzərdən keçirib. Əslində, tərəflər iqtisadi məsələlərdə razılığa gələ bilirlər. Bu dəfə də anlaşma olarsa, bu gərginlik müəyyən qədər azala bilər. Odur ki, Qriqoryanın səfəri Paşinyan-Putin görüşündən əvvəl iqtisadi məsələlərin müzakirəsi və mövqelərin aydınlaşdırılması baxımından əhəmiyyət daşıyır".
Heydər Oğuz Moskvanın Ermənistan qarşısında iqtisadi təsir rıçaqlarının hələ də kifayət qədər güclü olduğunu düşünür: "Amma TRIPP layihəsi Rusiyanın regiondakı ənənəvi tranzit təsirinə alternativ yaradır. Bu marşrutla Ermənistanın Qərblə yaxınlaşması Rusiyanın regiondakı mövqelərini yenidən qiymətləndirməsinə səbəb ola bilər. Ona görə Moskva Ermənistanı tamamilə itirmək istəmir. Odur ki, iqtisadi münasibətlərin qorunması vacibdir. Yəni Qriqoryanın səfərini həm Paşinyanın Moskvaya gedişinə hazırlıq mərhələsi saymaq olar, həm də İrəvan Rusiyaya münasibətdə ehtiyatını əldən vermir. Ermənistan rəhbərliyi anlayır ki, Rusiya ilə iqtisadi əlaqələri birdən-birə kəsmək ciddi iqtisadi risklər yarada bilər. Eyni zamanda, yalnız Rusiyadan asılı qalmaq da İrəvanın xarici siyasət manevr imkanlarını məhdudlaşdırır. O baxımdan, dekabrın 3-də keçiriləcək Putin-Paşinyan görüşünü gözləmək lazımdır. Açığı, görüşdən böyük nəticələr gözləmirəm, amma gərgin müzakirələr ola bilər".//Musavatcom