Qubad İbadoğlu partiyasının qeydiyyata alınmamasından DANIŞDI
"Qanunda nəzərdə tutulmuş bütün müddətlər tam başa çatsa da, Ədliyyə Nazirliyi ADR Partiyasına cavab vermir, əslində qanunla cavab deyil qeydiyyat şəhadatnaməsi verilməlidir"
"Düz 3 ay bundan əvvəl Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təsis sənədlərini və 1500-dən çox imza vərəqələrini dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə vermişik, indiyədək cavab yoxdur. "Siyasi partiyalar haqqında" Qanunun 14.1.-ci maddəsində yazılır ki, "Siyasi partiya "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır." Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.
Partiya sədrinin sözlərinə görə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 8.1.-ci maddəsində qeyd olunur ki, hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir: "Qanunun 8.2.-ci maddəsində göstərilir ki, "Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər." Göründüyü kimi, qanunda nəzərdə tutulmuş bütün müddətlər tam başa çatsa da, Ədliyyə Nazirliyi ADR Partiyasına cavab vermir. Əslində Qanunla cavab deyil qeydiyyat şəhadatnaməsi verilməlidir. Belə ki, Qanunun 8.5.-ci maddəsində yazılıb ki, bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur".
Qubad İbadoğlu əlavə edib ki, bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az